PDF Oxu

Sosial

  • 1 770

Ölkəmiz dünyada tanınan idman mərkəzidir

image

Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq təsərrüfatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılıb. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də, beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir. Bakıda bu yarışların yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir.

Son on bir il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirinin yüksək səviyyədə keçirilməsi də bunu sübut edir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib, Bu yarışların Azərbaycanda keçirilməsi inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

İSLAM ALƏMİ ÜÇÜN ÇOX ÖNƏMLİ İDMAN YARIŞMASI - İSLAM HƏMRƏYLİYİ OYUNLARI

Dünyanın idman arenasında, artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna son on bir ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanırdı. İlk Oyunların Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı-2015" ilk Avropa Avropa oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır. Belə oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı, oyunlarda 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür.

Zaman irəlilədikcə, 4-cü İslam Həmrəyliyi Oyunlarınının keçiriləcəyi tarix yaxınlaşır. Dünya, islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bunu islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirir. 57 ölkəni təmsil edən idmançıların qatılacağı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilməsi də əbəs deyildi.

"ELƏ ETMƏLİYİK Kİ, BİR DAHA AZƏRBAYCAN ÖZ QONAQPƏRVƏRLİYİNİ, TƏŞKİLATÇILIQ QABİLİYYƏTİNİ, ÜMUMİYYƏTLƏ, ÖZ POTENSİALINI BÜTÜN DÜNYAYA GÖSTƏRSİN"

57 islam ölkəsinin nümayəndələrinin qatılacağı oyunlar ölkəmizdə mövcud olan idman obyektlərində - Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzində keçiriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq: "Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur".

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri isə Olimpiya Stadionunda keçiriləcəkdir.

Azərbaycan bu gün böyük məsuliyyətlə oyunlara hazırlaşır. Ölkəmiz, ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu oyunlarda da yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirəcəkdir. Azərbaycan Prezidentin vurğuladığı kimi, "... biz Avropa Oyunlarına göstərdiyimiz yanaşmanı bu oyunlarda da göstərməliyik. Bu oyunlar Avropa Oyunlarından az əhəmiyyət kəsb etmir. Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin".

Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər