Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Azərbaycanda dövlət başçısının düşünülmüş siyasəti nəticəsində, ölkəmizdə sabitlik qorunub-saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Həqiqətən də, Azərbaycan son 13 ildə bütün sahələr üzrə böyük uğurlara imza atıb.
Sürətli sosial-iqtisadi inkişafını yaşayan Azərbaycanın əldə etdiyi uğurlar, tərəqqi hər bir vətəndaşın həyatında hiss olunur və insanların rifah halı günü-gündən yaxşılaşır. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm amillərdir.
Müstəqillik tarixinin 25 ilini arxada qoyan Azərbaycan məcburi köçkünlərin və qaçqınların sosial problemlərinin həllini də daim ön planda saxlayır. Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşıdırılması daim dövlətin xüsusi diqqət mərkəzindədir. Bu, o deməkdir ki, dünyanı yenidən cənginə alan qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan məcburi köçkünə çevrilən vətəndaşlarının sosial problemlərinin həllini yenə ön planda saxlayır və bu istiqamətdə əməli addımlar atır.
"MÜVAFİQ DÖVLƏT ORQANLARI - PREZİDENT ADMİNİSTRASİYASI, QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ, BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ VƏ SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ ARASINDA KOORDİNASİYA YARADILMALIDIR"
Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi diqqətə çəkilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti diqqətə çatdırıb ki, Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Mehriban xanım Əliyeva bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksinin salındığını, 250 min köçkününün yeni mənzillə təmin olunduğunu, salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunduğunu diqqətə çatdırıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 Fərman və Sərəncam imzalanıb. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib. Bakı şəhərində və Abşeron rayonu ərazisində də 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun, bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib.
Təqdirəlayiq haldır ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər dövlətin təminatındadır, onların problemlərinin həlli isə dövlət rəhbərliyinin gündəlik diqqət mərkəzindədir.
Qeyd olunan bu statistik rəqəmlər onun təsdiqidir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası və ölkədə uğurla reallaşdırılan yeni sosial-iqtisadi islahatlar əhalinin digər təbəqələri kimi, məcburi köçkünlərin də həyat səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərir.
Müşavirədə görülən işlərlə nəzər salınmaqla yanaşı, mövcud problemlərin də olduğu bildirilib. Belə ki, bu gün respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtımızda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən, 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva diqqətə çatdırılan mövcud problemlərin, qeyd olunan məsələnin qısa zamanda həll etmək üçün birgə çalışmağın vacibliyini bildirib: "Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir". Bunun üçün Mehriban xanım Əliyeva Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilərində yer ayırmasını bildirib. O, bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binaların da oluğunu qeyd edərək, bu binalarda da köçkünlər üçün mənzillərin alınmasını diqqətə çatdırıb: "Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq".
"ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNACAQ, BÜTÜN MƏCBURİ KÖÇKÜNLƏR VƏ QAÇQINLAR ÖZ DOĞMA YURDLARINA QAYIDACAQLAR".
Qaçqınların və məcburi köçkünlərin işlə təminatına da nəzər salan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti son 13 il ərzində 400 minə yaxın məcburi köçkünün işlə təmin olunduğunu bildirsə də, bu sahədə də problemlərin olduğuna toxunub. "Ona görə də, rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar", deyərək Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrıldığını və iş yerləri yaradıldığını vurğulayıb: "İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır. Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir".
Heç bir şübhə yoxdur ki, görülən işlər, davamlı səylər nəticəsində, ölkəmizin ərazi bütövlüyü yaxın zamanda bərpa ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin yenə öz imkanları hesabına həyat tamamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq, doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yenə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Buna hər kəs inanır və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.
Nəzakət ƏLƏDDİNQIZI