AKTUAL
Avropanın islamofob siyasi-diplomatik dairələri öz səhvlərini anlayanda çox gec olacaq
Son bir neçə gündə Avropa ölkələrində, Türkiyəyə qarşı yürüdülən aqressiv siyasət, artıq dövlətlərarası soyuq münasibətlərin yaranmasına qədər inkişaf edib. Öncə Almaniya hökumətinin, ardınca isə Hollandiyanın Türkiyənin rəsmi dövlət nümayəndələrinə qarşı heç bir çərçivəyə sığmayan özündənmüştəbeh siyasətləri bu ölkələrdə yaşayan türklərin də səbrini daşırıb.
Məsələ ondadır ki, Hollandiya hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv etməsi, daha sonra Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı səfirliyinə girişinə icazə verilməməsi və ölkədə "arzuolunmaz şəxs" elan edilməsi, ümumiyyətlə, Türkiyəyə qarşı belə münasibətin göstərilməsi Avropanın özünün dünyaya təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yürüdülməsinə, o cümlədən, demokratik ənənələrə kifayət qədər zidd olduğunu göstərir. Məqsəd isə bəri başdan bəllidir...
Avropalı siyasilər bir faktoru unudublar ki...
Belə ki, Türkiyə tutduğu inkişaf və tərəqqi yolunu daha da genişləndirmək, dünyadakı hadisələrə təsir imkanlarını güclü dövlət kimi göstərmək ərəfəsindədir və bunun üçün ümumxalq referendumu keçiriləcək. Avropa isə bunu istəmədiyini aşkar şəkildə sərgiləyir. Siyasi və diplomatik hücumların da arxasında dayanan əsas amillərdən biri məhz budur. Lakin avropalı siyasilər, bir faktoru unudublar ki, öz ölkəsindən kənarda yaşamasına, fəaliyyət göstərməsinə baxmayaraq, türklər ümumdövlət maraqlarında hər zaman yumruğu bir yerə vururlar. Digər tərəfdən, qardaş ölkədə keçiriləcək referendumla bağlı siyasi partiyalar arasında müəyyən narazılıqlar, siyasi fikir ayrılıqları yaşansa da, söhbət dövlətçilik maraqlarından gedəndə hər kəs bu maraqlar ətrafında birləşir. Əbəs yerə deyil ki, baş verən dilomatik qalmaqalların ardınca, gecə saatlarında səfirliyin qarşısında yüzlərlə qürbətçi türklər toplaşdı. Onlar ölkələrinə qarşı bu cür davranışların sərgilənməsi ilə barışmayacaqlarını desələr də, Hollandiya polisi etiraz aksiyasını zorakılıqla dağıtdı.
Daha bir faktor isə, Niderland krallığı da daxil olmaqla, Avropa məkanında hökm sürən islamofobiya ilə bağlıdır. Ümumiyyətlə, son dövrlərdə Avropanın bir çox aparıcı ölkələrində - Almaniyada, Fransada, Belçikada və s. ölkələrdə islamofobiya hallarının artması, ölkə hakimiyyətlərinin bu məsələdə, demək olar ki, açıq-aşkar şəkildə xristian klubu rolunu oynaması da, belə qənaəətə gəlməyə əsas yaradır ki, güclü Türkiyə dövlətinin regionda və dünyada söz sahibinə çevrilməsi onları ciddi şəkildə narahat etməyə başlayıb.
Avropa İttifaqı öz vədinə xilaf çıxdı və Ərdoğan siyasi balansı öz xeyrinə dəyişmək üçün sərt addımlar atmaq məcburiyyətində qaldı
Suriya və İraqda baş verən məlum hadisələr fonunda isə, Avropanın aparıcı siyasi dairələri Türkiyəyə təzminat əvəzində, bu ölkələrdən olan qaçqınlara düşərgə salmağı və onlar üzərində nəzarət etməyi təklif etmişdilər. Lakin avropalılar bu vədlərinə də sona qədər əməl etməmiş qaldılar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropa İttifaqına səslənərək, ölkəsinin təkbaşına bu problemin həllinin öhdəsindən gələ bilməyəcəyini desə də, onun sözləri avropalı siyasi dairələr tərəfindən qulaqardı edildi. Nəticədə, Ərdoğan siyasi balansı öz xeyrinə dəyişmək üçün sərt addımlar atmaq məcburiyyətində qaldı. Bu gün Türkiyənin Rusiya və İran ilə üçtərəfli format yaratmaq planlarını reallaşdırması da, məhz bu xüsusdadır. Avropa İttifaqı vaxtilə xəyal kimi qəbul etdiyi bu faktorun reallaşmasından çox ciddi əndişə keçirməyə başlayıb.
Kiçik Niderland krallığında faşizm siyasətinin cücərtiləri
Hollandiya hökumətinin bəlli addımlarına gəlincə isə, biz bu kiçik krallıq daxilindəki siyasi mühitdə hansı hadisələrin baş verməsinə də nəzər salmalıyıq.
Belə ki, mart ayında Niderlandda parlament seçkiləri keçiriləcək. Radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir. Belə ki, Geert Vilders radikal iqrçiliyi və antiislam meyilləri ilə fərlənən siyasətçilərdəndir. Əbəs yerə deyil ki, bu şəxs dəfələrlə Hollandiyada məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edib və islam dinini faşizmlə, müqəddəs Quranı isə Hitlerin faşizmi təbliğ edən "Mayn Kampf" əsəri ilə eyniləşdirib. Bu arada Rəcəb Tayyib Ərdoğanın mövcud məsələnin ardınca Niderland hökumətinin fəaliyyətini faşizm kimi qiymətləndirməsi, məhz Geert Vildersin yuxarıda qeyd edilən fikirlərinə qarşı sərt şillə effekti verib. Çünki bəşəriyyətin yarısının inancına qarşı edilmiş siyasi tərbiyəsizliyə bundan artıq cavab ola bilməzdi.
Prezident İlham Əliyev hesab edir ki, Türkiyəyə qarşı təzyiqlər Avropada islamofobiya və ksenofobiya dalğası başladığını göstərir
Təbii ki, biz burada Azərbaycanın qardaş Türkiyənin yanında olmasını da unutmamalıyıq. Təkcə ötən ilin yayında qardaş ölkədə baş verən məşum FETÖ olayında azərbaycanlıların Türkiyə dövlətinə dəstək verməsi, ümumiyyətlə, bu məsələdə dövlət səviyyəsində dəstək durması hər şeyi açıq qaydada sərgiləməkdədir. Bu dəfə də belə oldu - Azərbaycan xalqı Türkiyəyə və Türkiyənin fonunda digər inkilşaf və tərəqqi yolunu tutan müsəlman ölkələrinə qarşı oynanılan çirkin siyasi oyunbazlıqları qınadı.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb ki, bu gün Avropada çox qorxulu tendensiyalar baş verməkdədir, radikal sağ qüvvələr hakimiyyətə iddialıdır. Ölkə rəhbərimiz bu arzuolunmaz amillə bağlı sual edib ki, bir gün onlar Avropada hakimiyyətə gələrsə, nə baş verər?
Xatırladaq ki, Prezident İlham Əliyev Rusiya telekanalına verdiyi son müsahibəsində də həmin fikirlərini irəli sürmüşdü. O, hesab edir ki, Türkiyəyə qarşı təzyiqlər Avropada islamofobiya və ksenofobiya dalğası başladığını göstərir və bu, Türkiyəni güclənmək yolundan döndərməyəcək.
Türkiyə dövlətinin Avropa İttifaqına alternativi var - Şanxay Əməkdaşlıq Təşkilatı!
Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət öncə Avropanın Türkiyəyə qarşı təzyiq göstərməyə son qoymağa dəvət etmişdi. O, vurğulamışdı ki, bu cür yanlış siyasətin davam edəcəyi təqdirdə, Fransa və digər ölkələr Avropa İttifaqından ayrılma prosesindən yaxa qurtara bilməyəcək. Halbuki Türkiyənin Avropa İttifaqına qarşı mövcud alternativləri var. Məsələn, həmin alternativlərdən biri Şanxay Əməkdaşlıq Təşkilatıdır. Təsəvvür edək ki, turizm və iqtisadi potensial və coğrafi imkanları kifayət qədər geniş olan Türkiyə bu təşkilata üzv oldu. Onda Avropa İttifaqı kimi qurum bütün mənalarda Şanxay Əməkdaşlıq Təşkilatına uduzacaq. Hətta deyərdik ki, Avropa İttifaqı son dövrlərinin ən acı fiaskosunu yaşamalı olacaq və zamanında Türkiyə kimi güclü dövləti öz ailəsinə qatmadığına görə, güclü peşmançılıq hissi keçirəcək. Əbəs yerə deyil ki, Mövlud Çavuşoğlu da, artıq bəyan edib ki, əgər Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olması barədə vəd yerinə yetirilməzsə, Türkiyə Avropa İttifaqı ilə miqrasiya prosesinin tənzimlənməsinə dair keçən il imzalanan sazişdən imtina edəcək.
Görünür, Avropanın, xüsusilə, Almaniya və Hoolandiya kimi özündənmüştəbeh siyasi-diplomatik dairələrinin ağızları hələ isti yerdədir. Çox yəqin ki, biz yaxın vaxtlarda onların Türkiyə dövlətindən və xalqından üzr istəmələrinin şahidinə çevriləcəyik.
Rövşən NURƏDDİNOĞLU