Bu məsələdə xalq-dövlət birliyi öz əhəmiyyətli rolunu oynayır
Sirr deyil ki, Azərbaycanın tutduğu inkişaf və tərəqqi yolunu istəməyən bir sıra daxili və xarici qüvvələr var və onlar öz çirkin məqsədlərini reallaşdırmaq üçün əllərində olan bütün imkanlardan istifadə etməyə cəhdlər göstərirlər. Düzdür, bu cəhdlər sonda heç bir nəticə verməsə də, fakt budur ki, dövlətçilik maraqlarımıza qarşı təhdidlər hər zaman baş qaldıra bilər.
Daha bir fakt budur ki, müxtəlif qaranlıq siyasi məqsədlərinin reallaşdırılması üçün ən çox gənclər hədəfə alınırlar. İstər radikal-siyasi, istərsə də radikal-dini faktorlar baxımından hesablanmış bu kimi addımlar dövlətçiliyin təməllərini pozmağa yönəldilir. Həmin qüvvələrin öz çirkin məqsədlərini reallaşdırmaq üçün istədikləri mühit Azərbaycanda yoxdur. İstənilən cəhdlərin qarşısı zamanında alınır və bu məsələdə xalq-dövlət birliyi öz əhəmiyyətli rolunu oynayır.
Uğurlu gənclər siyasəti xaricdə formalaşmış məkrli güclərin ölkəmizdəki "beşinci kolon" vasitəsilə istədikləri nəticələrini almağa imkan vermir
O cümlədən, Azərbaycanda gedən inkişaf və tərəqqi, xalqın sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi siyasət, qəbul edilən qərarlar, həmçinin, uğurlu gənclər siyasəti xaricdə formalaşmış məkrli güclərin ölkəmizdəki "beşinci kolon" vasitəsilə istədikləri nəticələrini almağa imkan vermir. Bu baxımdan, Azərbaycandakı sabitlik və təhlükəsizlik nümunəsi dünyada yüksək qiymətləndirilir. Hətta bu gün bir çox xarici ölkələr, məhz Azərbaycanda mövcud olan modeldən yararlanaraq, daxili sabitliklərini qorumağa çalışırlar.
Yeri gəlmişkən, bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini Vüqar Əliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusuna keçirilən konfransda çıxışı zamanı bildirib ki, Azərbaycanın inkişafı, ölkəmizdəki sabitlik və təhlükəsizlik nümunəsi dünyada yüksək qiymətləndirilir: "Bunun birinci səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara söykənən siyasət, ikinci səbəbi isə Azərbaycan xalqı tərəfindən bu siyasətin dəstəklənməsi, dünyada qəbul olunmasıdır".
Vüqar Əliyev: "Azərbaycanda dövlətin gənclər siyasətinin miqyası böyükdür"
Prezident Administrasiyasının rəsmisinin fikrincə, istər keçmişdə, istərsə də bu gün bəzi qüvvələr öz qaranlıq məqsədlərinə nail olmaq üçün, məhz gənclərdən istifadə edirlər. Hətta zaman-zaman buna nail olsalar belə, sonda uğursuzluqla qarşılaşırlar.
V.Əliyev hələ 1992-ci illərdə gənclərin ayrı-ayrı siyasi qruplara bölünərək, hakimiyyət uğrunda mübarizəyə cəlb olunduqlarını xatırladaraq deyib ki, yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra düşünülmüş gənclər siyasətinin əsası qoyuldu, gənclər siyasətinin konseptual əsasları yaradıldı. "Bu gün Azərbaycanda gənclərə böyük diqqət göstərilir"-deyə qeyd edən PA rəsmisi bir sıra gənclər təşkilatlarının, xüsusilə, Gənclər Fondunun yaradılmasını xatırladıb və bildirib ki, gənclərin inkişafı istiqamətində dövlət proqramları həyata keçirilir: "Azərbaycanda dövlətin gənclər siyasətinin miqyası böyükdür, gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Bu gün gənclərin Azərbaycan cəmiyyətinin inkişafına böyük töhfələrini görmək mümkündür. Bu gün müxtəlif sahələrdə uğurlara imza atan gənclər görürük".
Söz yox ki, bu gün Azərbaycanda yuxarıda qeyd olunan fikirlərlə yanaşı, milli birliyin hakim olduğu bir cəmiyyət modeli formalaşıb. Ümummilli birlik məsələsində isə insanlar, xüsusilə, gənclər daha həssas və güclü olmalıdırlar ki, dövlətin təməlləri daha möhkəm dayaqlara əsaslansın. Məhz bu kimi məsələlərdə Azərbaycan gənci daim öz dövlətinin və dövlətçilik maraqlarının yanındadır.
Rövşən RƏSULOV