PDF Oxu

Sosial

  • 1 485

Bu gün "İlaxır çərşənbə"dir

Bu gün "İlaxır çərşənbə"dir

Tarixdən boylanan zamanın daşlaşmış yaddaşında olan təbiətdən gələn yeni bir günün - Novruz bayramının ərəfəsindəyik. İlin ən gözəl zamanının... Hər il müsəlman dünyasının bir qisminin əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan İran və Əfqanıstan əhalisinin böyük həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadan gündür. Əsrlərdir qeyd olunan bu bayram öz gözəlliyi, bəşəriliyi ilə seçilir və insanların milli-mənəvi dəyərlərərimizə olan sevgisini və bağlılığını özündə ehtiva edir. Novruz sözünün etimologiyasına diqqət etsək, görərik ki, bu sözün həqiqi mənası yeni günün başlanması deməkdir. Dörd ünsürdən yaranmış İNSANlar Novruz bayramına qədər dörd çərşənbəni qeyd edir. Novruzaqədərki yaxın 4 həftənin 2-ci günlərini çərşənbələri ulularımız Su, Od, Yel və Torpaq çərşənbəsi adlandırmışlar. Rəmzi məna daşıyan çərşənbələri ulu babalarımız bayram hesab etmişdilər. Bu dörd çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır.

Qeyd edilən çərşənbələr sırasında bu gün qeyd etdiyimiz sonuncu çərşənbə torpaq çərşənbəsidir. Xalq arasında torpaq çərşənbəsi "İlaxır çərşənbə", "Yer çərşənbəsi", "Çərşənbə-suri" kimi də adlanır. Torpaq çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişindən xəbər verir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar. Axır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri ilə qeyd olunur. Şənliklər sübh tezdən suya tapınma ayini ilə başlanır. Adamlar su üstünə çıxıb, su üstündən atdanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər. Gün ərzində müxtəlif ayinlər keçirilir. Axır çərşənbənin axşamı şənliklər daha da güclənir. İnsanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: "ağırlığım, qadam-balam tonqalda yansın". Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından çıxması, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.

Qulaq falına çıxmaq, qapılara kisə və papaq atmaq bu bayramın tərkib hissələridir. Küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir. Torpaq çərşənbəsinə həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışar, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşitməsin və evlərinə şən əhval-ruhiyyə ilə qayıtsınlar. Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta bir də baharın gəlişini əks etdirən səmənidir.

Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, mütərəqqi adət-ənənələr cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapır, bu sıradan da xalqın milli bayramı olan Novruz yüksək səviyyədə qeyd edilir.

Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruzun son çərşənbəsi - "İlaxır çərşənbə" bu gün təntənəli şəkildə qeyd ediləcək. Bu gün saat 09.30-da metronun "İçərişəhər" stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı "Atəşgahı"na yola düşəcək. "Atəşgah"dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək, Heydər Əliyev Sarayının arxasından Fəvvarələr meydanına, oradan da Gənclər meydanına gələrək, bayram tonqalını alovlandıracaq. Elimiz-obamız həmişə belə odlu-alovlu, bayram libaslı olsun, ocaqlarımız gur yansın! Cocuq Mərcanlıda yandırılan çərşənbə tonqalının şölələri tezlikdə vətənimizi dilbər guşələrində, həsrətlə yolumuzu gözləyən Qarabağ torpağının bütün işğal edilmiş ərazilərində alovlanacaq! Eviniz xeyir-bərəkətli, ruziniz bol olsun, Torpaq çərşənbəniz mübarək!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər