PDF Oxu

Sosial

  • 1 168

Ermənistan xaos və sosial təlatümlər burulğanında

Ermənistan xaos və sosial təlatümlər burulğanında

Serj Sarkisyanın siyasi resursları tükənib

Son zamanlar, xüsusilə, seçkilər ərəfəsində Ermənistanda vəziyyət çərçivədən çıxmaq üzrədir. Artıq cari ilin mart ayından bütün sahələrdə iflasa uğrayan Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşib. Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış hərbi-siyasi vəziyyət, təmas xəttində olan son döyüşlər, ermənilərin verdiyi itkilər, həmçinin, hökumətə qarşı etiraz edən vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin azadlığa buraxılması tələbi ilə oturaq aksiya keçirməyə başlanılıb.

Erməni ekspertləri və siyasətçiləri də son günlər cəbhə xəttində baş verən olayların Sarkisyan hakimiyyəti üçün uğurlu olmadığını vurğulayıblar. Politoloqlar aydın şəkildə etiraf edirlər ki, bu şəkildə davam edərsə, Ermənistan adlı dövlət xəritədən silinəcək.

L.Ter-Petrosyan: "Nə qədər ki, Qarabağ problemi çözülməyib, Ermənistan normal dövlət olmayacaq, biz yaxşı yaşaya bilməyəcəyik"

Erməni Milli Konqres Partiyasının sədri Levon Ter-Petrosyan keçirilən mitinqdə çıxış edərək, Ermənistandakı mövcud hakimiyyətin mahiyyətinin dəyişmədiyini, rejimin dövlətin qanunlarını deyil, oğru qanunlarını rəhbər tutduğunu bildirib: "Özbaşınalıq və talançılıq o səviyyəyə çatıb ki, nə siyasətdə, nə də iqtisadiyyatda heç bir irəliləyiş yoxdur, dövlət reketi hakimiyyətin fəaliyyətinin əsas məzmununu təşkil edir. Hakimiyyətin cinayətkar iqtisadi siyasəti bizə ağır qış vəd edir, yazda isə dərin böhran gözlənilir".

Müxalifət liderinin fikrincə, Ermənistan heç vaxt indiki qədər xarici təzyiqə məruz qalmayıb: "Adətən, qeyri-legitim, korrupsioner və çirkab içində olan hakimiyyətlər bu cür təzyiqlə üzləşir". Keçmiş dövlət başçısının sözlərinə görə, S.Sarkisyan ölkənin maraqlarını qurban vermək bahasına özünü legitimləşdirir və "erməni soyqırımı", erməni-türk münasibətləri kimi məsələlərdə güzəştlərə hazır olduğunu nümayiş etdirir. O, probleminin həllinin də təhlükə altında olduğunu söyləyib: "Mən dünyada Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dövlət görmürəm. Öz eqoist yanaşmaları ilə, o, ölkəni hərraca çıxarıb. Bu gün Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi. Çünki Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o. Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda, heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik".

Artıq o vaxtdan 21 il keçir və həyat göstərir ki, Ermənistan əhalisi ölkənin hazırkı rəhbərliyi tərəfindən devrilmiş L.Ter-Petrosyanın sözünə qulaq asmalı idi.

Daha bir erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Yerevanda məşhur olan vətəndaş fəalı, tanınmış linqvist Asmik Bunatyan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması imkanını anlayaraq, Azərbaycanın müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tamamilə dəstəkləyirəm. Həmçinin, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT-in Minsk Qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm".

A.Bunatyanın sözlərinə görə, münaqişənin həll olunmaması nəticəsində, hər iki ölkədə xalqların bir-birinə düşmən münasibəti üstünlük təşkil edir. Azərbaycan və Ermənistan xalqları sülhün təminatı və gələcək nəsillərimiz naminə münaqişəni dayandırmalıdırlar. Mən iki xalqın sülh içində yaşaması ideyasını tamamilə dəstəkləyir və münaqişənin, hansı ki, 25 ildən çoxdur davam edir, sülh yolu ilə ən sürətli həllinə ümid edirəm. Bu səbəbdən, əsas məqsədi Cənubi Qafqazda sülhün bərpası və saxlanılması olan Ermənistan-Azərbaycan sülh platformasına tam dəstəyimi bildirir və ona qoşulduğumu bəyan edirəm".

Beləliklə, bütün bu faktlar, onu deməyə əsas verir ki, Serj Sarkisyanın bu gün yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam etməsi gözlənilən haldır. Çünki insanın xasiyyəti sürətlə dəyişmir. Xüsusilə, siyasətə yalanla gələn adamların sonradan ədalətli olmaları olduqca çətindir. Lakin bütövlükdə, erməni xalqını bu adamın məhvə doğru apardığı şübhə doğurmur. Gərək Sarkisyan vicdanının səsinə ( əgər onda deyilən amil varsa- R.H.) qulaq asıb, düz yola gəlsin. Əgər bundan sonra da qan töküləcəksə, günahkar Sarkisyan olacaq və xalq onu bağışlamayacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər