KÖŞƏ
Deyəsən, keçən il idi. Bir köşə yazımda, əksər Avropa ölkələrinin Türkiyədən möhkəm təşvişə düşdüklərini, 50 ildən çoxdur ki, Avropa İttifaqının qapısından içəri buraxmaq, istəmədikləri NATO-nun aparıcı üzvü olan bu müsəlman ölkəsinə qarşı, hətta "soyuq müharibə"nin ən şiddətli vaxtında belə, ehtiyatla davrandıqlarını yazmışdım. O vaxt Türkiyə ilə Avropa İttifaqı arasında siyasi gərginlik elə də "tavana dırmanmamışdı".
Amma bu gün vəziyyət tam başqadır. Deməli, məsələ belədir: Türkiyədə prezidentlik üsul-idarəsinə keçidlə bağlı referendum keçiriləcək və Avropadakı türklərlə görüşmək üçün Türkiyə hökümətinin üzvləri bir sıra ölkələrə gedirlər. Onsuz da Türkiyə xofundan, gecələr də yatmayan avropalı siyasətçilər arasında əsl qiyamət də bundan sonra başlayıb!
Almaniyadan sonra artıq Hollandiya da Türkiyə rəsmilərinin bu ölkədə tədbir keçirmələrinə, türk əhalisi ilə görüşmələrinə icazə verməyib. Amma ən dəhşətli anlar sonra yaşanıb. Hollandiya höküməti, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinin Amsterdama enməsinə qadağa qoyub!
Üstəlik, digər türkiyəli bir xanım nazirin Hollandiyaya girməməsi üçün Almaniya ilə sərhəddə əsl barrikada qurulub. Daha sonra, dilomatik toxunulmazlığı ola-ola xanım nazir və dövlət nümayəndələri polisin mühasirəsinə düşüb. Bu, artıq diplomatik qalmaqaldan açıq düşmənçiliyə keçiddir.
Bu gərginliyin ilk "siqnalını", Hollandiyadakı irqçi və əsl faşizm təbliğatı yayan Azadlıq Partiyasının lideri olan Qrit Valders vermişdi bir neçə gün qabaq. O, açıq şəkildə bəyan etmişdi ki, Ərdoğan əlində islam bayrağı tutub və türklər müsəlman olduğu üçün Avropaya girə bilməzlər. Bax, artıq tam əmin olduğumuz bir məsələ var. Mədəni və dilomatik deyimdə desək, Avropa irqçiliyin yuvasına çevrilir. Başqa mənada ifadə etsək, Adolf Hitlerin ideyaları Avropanın başının üstünü kəsdirib. Artıq Almaniyanın ardınca Hollandiya da qatı xristian mövqeyi seçərək, islama qarşı "nifrət qusmağa" başlayıb. Bəli, açıqdan-açığa əsl XRİSTİAN irqçiliyi!
Əslində, Angela Merkelin və başqa irqçi avropalı siyasətçilərin Türkiyəyə qarşı amansız nifrətləri Ərdoğanın hansısa bədən üzvündən xoşlarının gəlib-gəlmədiyi ilə bağlı yaranmayıb. Dəfələrlə keçirilən mətbuat konfranslarında qoca Merkelin Ərdoğanı heyranlıqla süzdüyü kameralardan yayınmayıb. Amma məsələ Ərdoğanın Türkiyəni NATO-nun qapazaltı ölkəsi durumundan çıxarıb, Osmanlı dövründəki Avropanın hesablaşacağı supergücə çevirmək ideyasındadır. Bu, artıq Avropa üçün qəbuledilməzdir!
Avropanın belə irqçi hala gəlməsində baş rolu, Almaniya kansleri tutur. Barak Obamadan sonra hakimiyyətə gələn Donald Trampın, Ağ Evin bütün siyasi maskasını, sözün əsl mənasında, yırtıb atan addımları, yalançı "demokratiya" təbliğatının, əslində, başqalarını "tilova salmaq" üçün balığ toruna bənzər bir siyasi alət olduğunu elan etməsi, ardınca ABŞ rəhbərlərinin bu vaxta qədər yürütdükləri xarici siyasətə görə utanc hissi keçirdiyini açıqlaması və nəhayət, ABŞ-ın bu vaxta qədər Avropanın yükünü daşıdığını və bundan sonra "artıq yükdən" imtina edəcəyini deməsi, A.Merkeli hərəkətə keçirib.
Açıq deyirəm, Adolf Hitlerin ideyalarını işə salmaq və Avropanı Almaniyanın cənginə keçirmək üçün A.Merkelin əlinə əla fürsət düşüb. İrqçilik siyasətini bütün Avropaya yaymaq, miqrantlar əleyhinə kampaniyaya start verib, avropalılarda anti-müsəlman əhval-ruhiyyəsi yaratmaq, D.Trampın simasında artıq ABŞ-ın "arzuolunmaz müttəfiq" obrazını yaratmaq Almaniya kansleri üçün indi əsas məsələdir. Vaxtilə A.Hitler də öz doktirinası ilə İtaliyaqarışığ bütün Avropanı öz cənginə götürmüşdü. Bu, bir irqçilik və faşist doktirinasıdır. A.Merkel, açıq-aşkar hazırkı vəziyyətdə Almaniyanı Avropanın "lokomotivi" edə bilmək üçün var gücü ilə ortaya atılıb. Həm də Osmanlı Türkiyəsinin ayağını bütün Avropadan kəsmək, əsas müsəlman dövlətinin Avropadakı rıçaqlarını birdəfəlik yox etmək üçün. A.Merkel gözəl anlayır ki, qısırlaşan Avropada müsəlman geninin çoxalması, xristian və ən əsası da irçilik təfəkkürünün tarixin qəbiristanlığına gömülməsi ilə başa çatacaq. Müsəlman miqrantlara qəddar münasibətin bir ucu da gəlib bu məsələdə birləşir. Onsuz da, hollandların "məsələsi" məlumdur. Bir sözlə, irqçilik və faşizm Avropaya qayıdır. Dünyada hər şey yenidən başlayır...
Mətləb