Ohanyana atəş açan şəxs Sarkisyanın qohumudur, rejiminin qatı dəstəkçilərindəndir
Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə siyasi sabitlik tamamilə pozulub. Artıq siyasi qurumların təbliğat-təşviqat proseslərində silahlar işə salınıb və namizədlərə qarşı sui-qəsd planları həyata keçirilir. Yadınızdadırsa, 2013-cü ildə də Ermənistanda prezidentliyə namizəd güllələnmişdi. Həmin vaxt prezident seçkiləri ərəfəsində olan Ermənistanda gecə saatlarında prezidentliyə namizədlərdən biri, "Milli Müqəddəratını Təyinetmə" Birliyinin rəhbəri Paruyr Hayrikyan sui-qəsdə məruz qalmışdı. Hadisə Yerevanın mərkəzində, Hayrikyanın evə getdiyi zaman baş vermişdi.
Bu il də qarşıdan gələn parlament seçkiləri Ermənistan iqtidarını daha da aqressiv hala gətirib. Mart ayının 12-də Armavir vilayətinin Cararat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və "İrs" Partiyasının lideri Raffi Ovanisyanın da daxil olduğu blokunun seçicilərlə görüşü zamanı atışma baş verib. Belə ki, Sarkisyan rejiminin dəstəkçilərindən olan, Respublika Partiyasının üzvü Samvel Qalstyan Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və nəticədə, Ohanyanın adamlarına tərəf atəş açılıb. Buna cavab olaraq, Ohanyanın adamları da havaya atəş açıblar və Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var. Məsələ bundadır ki, hadisəyə görə, saxlanılanlar ifadə verməkdən imtina edirlər, digər saxlanılan Ohanyan tərəfdarları isə işgəncələrlə ifadə verməyə məcbur edilirlər. Keçmiş müdafiə naziri özü də insidentə münasibət bildirib. O, qeyd edib ki, kənd administrasiyasının rəhbəri seçiciləri onların görüşünə buraxmaq istəməyib və hədələyib. Bu zaman onun tərəfdarları ilə hakim partiyanın adamları arasında dava düşüb.
Göründüyü kimi, Ermənistanda proseslər qanlı insidentlərə və çaxnaşmalara doğru gedir. Heç şübhəsiz ki, aprel ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Sarkisyan rejimi daha çox zorakı metodlardan istifadə edəcək, həbs olunanların sayı artacaq, siyasilərə qarşı sui-qəsdlər təşkil olunacaq. Hər dəfə seçki ərəfəsində sui-qəsdlər təşkil etmək Sarkisyan rejiminin ənənəvi "təcrübəsi" olduğuna görə, bu il də Ermənistan yaxşı heç nə ilə yadda qalmayacaq. Nəzərə alsaq ki, ötən ilin aprelində və bu ilin fevral ayında ermənilərin cəbhə xəttində uğradıqları ağır məğlubiyyət Ermənistanda böyük ruh bədbinliyi yaradıb, iqtidara qarşı çıxanların sayını artırıb. O zaman parlament seçkilərinin Sarkisyan üçün heç də asan başa gəlməyəcəyi açıq görünür.
Samir