PDF Oxu

Sosial

  • 1 154

Sarkisyan çıxış yolu axtarışında

Sarkisyan çıxış yolu axtarışında

Ermənistan hakimiyyəti ilə erməni xalqı arasında dərin uçurum

Bu gün Ermənistan bütün dünyada təkcə təcavüzkar, işğalçı kimi deyil, eyni zamanda, xarici yardımlardan asılı və kənardan kömək olmadan mövcudluğunu qoruyub-saxlaması mümkünsüz olan bir vassal dövlət kimi tanınır. Belə ki, son illər Qərb ölkələrinin üzləşdiyi iqtisadi problemlər, böhranın vurduğu sarsıdıcı zərbələr, həmin dövlətlər və erməni diasporu tərəfindən indiyə qədər ayrılmış maliyyə vəsaitlərinin öz təyinatı üzrə istifadə olunmaması Ermənistana göstərilən yardımların ilbəil azalmasına gətirib çıxarıb. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, digər beynəlxalq maliyyə qurumları və Rusiyadan Ermənistana ayrılan kreditlərin də korrupsiyaya məruz qaldığı barədə xeyli faktlar aşkar olunub.

Baqrat Asatryan: "Vəziyyətdən yeganə çıxış yolu təcili olaraq, Sarkisyanın işğalçı siyasətilə vidalaşmalıdır"

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryanın fikrincə, qarşıdakı illərdə ölkəsini daha acınacaqlı vəziyyət gözləyir: "Ölkə özünün reabilitasiya imkanlarını tamamilə itirib. Vəziyyətdən yeganə çıxış yolu, təcili olaraq, Sarkisyanın işğalçı siyasətlə vidalaşmaq, Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına nail olmaq və onların köməyilə ölkəni iqtisadi və siyasi fəlakətdən qurtarmaqdan ibarətdir".

Erməni siyasi şərhçisi Naira Ayrumyan isə real iqtisadiyyatı olmayan Ermənistana nə dünya maliyyə sistemində, nə də Gömrük İttifaqında yer olmadığını, Ermənistanın iqtisadi inkişafına daxili düşmənlərin-inhisarçıların, oliqarxların və Ermənistandan kənardakı qüvvələrə tabe olan hakimiyyətin mane olduğunu bildirib.

Naira Zohrabyan: "Çiçəklənən Ermənistan" partiyası: bu, bizə lazım deyil!"

Ermənilərin özləri də bu gün özündən böyük sosial böhran və çöküş astanasında olan Ermənistanı gələcəyi olmayan, qeyri-müstəqil dövlət sayır, ölkəni tərk etmək məcburiyyətində qaldıqlarını bildirirlər. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 1991-ci ildən sonra Ermənistan əhalisinin sayı 15,4% azalıb, ölkəni tərk edənlərin əksəriyyəti geri qayıtmaq istəmir. Ölkə əhalisinin, hətta xırda sosial problemlərini həll edə bilməyən Ermənistan rəhbərliyi, erməni ekspertlərinin də dediyi kimi, gələcəkdə heç bir iqtisadi səmərəsi olmayan layihələrin maliyyələşdirilməsi üçün bir sıra beynəlxalq banklardan kredit almaqda davam edir. Maliyyələşdirilmə ilə bağlı müzakirələr zamanı "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Naira Zohrabyan bunu hökumətin bilərəkdən gələcək nəsillərə borc yaratdığını bildirib: "Hökumət fikirləşmədən kreditlər alır. Ermənistanın xarici borcları 5 milyard dollara çatır. Bəlkə də hökumətdə fikirləşirlər ki, 4,5 milyardla 5 milyard arasında, elə də böyük fərq yoxdur. Bəlkə də, bu, onlar üçün məntiqli sayıla bilər. Ancaq bu, bizə lazım deyil!".

Göründüyü kimi, Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar ölkə artıq xalq üsyanı ərəfəsindədir. Bu üsyan baş verərsə, Sarkisyan rejiminin çıxılmaz vəziyyətdən çıxış yolu tapmaması ilə nəticələnəcək. Bu isə, Ermənistanın məhv olması anlamını daşıyan faktor kimi qiymətləndirilməkdədir.

Ermənilər Sarkisyan hakimiyyətinin Qarabağ siyasətindən narazıdırlar

Artıq 25 ildir ki, Ermənistanını üzləşdiyi problemlərin həlli üçün Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün Azərbaycanla danışıqlar masasında Qarabağ konfliktinin həlli istiqamətində real addımların atılması çox mühüm şərtdir. Ermənistanın keçmiş baş naziri Qrant Baqrantyan bildirir ki, Qarabağ məsələsi Ermənistanın bütün fəlakətlərinin kökündə dayanır: "Çox təəssüf ki, Sarkisyan bu münaqişənin həllində istənilən addımları atmır. Çünki münaqişənin mövcudluğu hakimiyyətə sərf edir. Buna görə də, biz parlament seçkilərində bu hakimiyyətin dəyişməsinin ilk əsasını qoymalıyıq. Çünki bu hökumətin fəaliyyəti ona yönəlib ki, siz hamınız kasıb olub, seçki öncəsi rüşvəti gözləməlisiniz. Hökumətin məqsədi, məhz buna görə sizi səfalət içərisində saxlamaqdır".

Qrant Baqratyan "Joxovurd" qəzetinə müsahibəsində bildirib ki, Ermənistan hər an partlayacaq bombanı xatırladır: "Ölkə əhalisi iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam etdirir. Bu da sosial etirazları gücləndirir".

Sabiq baş nazir cəbhədə son günlərdə artan gərginliyn kökündə, məhz bu amilin dayanmasını bildirir: "Ermənistanda hansısa ölkə əhəmiyyətli hadisə olanda, cəbhədə vəziyyət gərginləşir. İndi aprel seçkiləri yaxınlaşdıqca, cəbhədə vəziyyətin niyə birdən-birə gərginləşməsinin səbəbləri bəllidir. Ermənistanda ən böyük problem sosial təminatla bağlıdır. Serj Sarkisyan indiyədək hakimiyyətdəki yerini möhkəmləndirməkdən başqa, heç nə etməyib. Doqquz ildə bu klan Ermənistanı səfillərin ölkəsinə çevirib. Artıq Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir. Xarici borc isə 8 milyard dollardır. Son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 33 faizə yüksəlib".

Ermənistanın əsas müxalifət qüvvəsi olan "Ohanyan-Raffi Oskanyan" blokunun təmsilçisi olan keçmiş müdafiə naziri Seyran Ohanyan bildirir ki, problemlərin həlli üçün indiki hakimyyətin dəyişməsi şərtdir və Qarabağ məsələsinin həllinin uzanmasının heç də az rol oynamadığını qeyd edir: "Qarabağ münaqişəsinin həllinin uzanması ölkənin təhlükəsizylini də ciddi şəkildə təhdid edir. Bunun ən bariz təsdiqi cəbhədə həyatını itirən erməni hərbçilərinin sayının artmasıdır. Hər halda, bir neçə həftədən sonra keçiriləcək parlament seçkilərinin gedişində, bu xüsusda, ciddi dəyişikliklərin olması gözlənir. Məhz bu seçkilər saxtalaşdırılmayacağı təqdirdə, xalqın Serj Sarkisyan iqtidarını hakimiyyətdən kənarlaşırmaq üçün öz mövqeyini ortaya qoyması gözlənir.

Beləliklə, müxalif qüvvələr də Qarabağ məsələsində, artıq müvafiq addımların atılmasını, məsələnin sülh yolu ilə çözümünü tələb edirlər. Bu mövqeni erməni cəmiyyətində də bölşünələrin sayı kifayət qədərdir. Sarkisyanın isə, həm Rusiyadan, həm də daxildən olan Qarabağ təzyiqlərinə uzun müddət davam gətirə biləcəyi inandırıcı görünmür.

A.SƏMƏDOVA

Digər xəbərlər