PDF Oxu

Sosial

  • 1 454

Qərəzli hesabatlardan doğan məntiqsizlik

Qərəzli hesabatlardan doğan məntiqsizlik

Sifarişli yazılar, uydurma hesabatlar Azərbaycanı antidemokratik ölkə kimi qələmə vermə cəhdləri heç vaxt baş tutmayacaq

Uzun illərdir ki, Azərbaycanda mövcud olan demokratik mühitin inkişafına, bu istiqamətdə yürüdülən uğurlu siyasətə, sarsılmaz xalq-dövlət birliyinə qarşı bir çox qərəzli beynəlxalq təşkilatlar əsassız hesabatları ilə çıxış edir, məntiqə söykənməyən bəyanatları ilə gündəmə gəlirlər. Bu sıralamada "Human Rights Watch", "Freedom House", "Sərhədsiz Reportyorlar", "Amnesty İnternational" və s. təşkilatları göstərmək mümkündür. Əlbəttə ki, bu cür təşkilatlar sıradan hesabatlar hazırlamırlar, onların bu məsələdə hamisi rolunu, məhz güclü erməni lobbisi oynayır. Bir çox hallarda, bənzər təşkilatların şər-böhtan xarakterli hesabatları, məhz özlərini "müxalifət", eləcə də, "insan hüquqlarının müdafiəsi" istiqamətində fəaliyyət göstərən QHT-ləri adlandıran "beşinci kolon"un ötürdüyü yalan məlumatlar hesabına ictimailəşdirilir.

Azərbaycana qarşı bəzi dairələrin apardığı istənilən çirkin kampaniya iflasa məhkumdur

Nə yazıq ki, bir sıra ABŞ-a bağlı ermənipərəst qeyri-hökumət təşkilatları antiazərbaycançı şəbəkənin təsiri altına düşüb, ölkəmiz haqqında mənfi imic formalaşdırmaqla məşğuldurlar. Azərbaycanın hərtərəfli inkişafına qısqanclıqla yanaşan "Freedom House", "Human Rights Watch", "Amnesty International" kimi təşkilatları yalan informasiya ilə təmin edən həmin QHT-lər daim Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları olurlar. Bu, artıq bütün Azərbaycan ictimaiyyətinə bəllidir. Ümumiyyətlə, diqqət yetirsək, görərik ki, Azərbaycana qarşı son günlər başlanmış çirkin kampaniya haradan qaynaqlanır və tapşırıqlar xüsusi olaraq, hansı dairələrə və kimlərə həvalə olunub.

Elə maraqlısı da odur ki, bu təşkilatların fəaliyyəti Avropadakı mövcud insan hüquqlarının pozulması hallarını sanki görmür və ya özünü görməzliyə vurur. Onların real sifətləri də, məhz budur-kin, qərəz, şantaj, böhtan. Bütün bunlar bir daha sübut edir ki, özünə beynəlxalq təşkilat statusu biçən "Human Rights Watch", "Freedom House", "Sərhədsiz Reportyorlar", "Amnesty İnternational" və sairə Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik, heç bir təsirə, səs-küyə səbəb olmayan boğazdan yuxarı münasibət bildirirlər. Ancaq bütün bunlara baxmayaraq, onların heç biri Azərbaycanda keçməyəcək!

Sevinc Fətəliyeva: "Bu hesabatın arxasında ermənipərəst qüvvələr dayanır"

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva sözügedən məsələ ilə bağlı bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir: "Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Onu da əlavə edim ki, Azərbaycan təkcə siyasi-iqtisadi məsələlərdə deyil, humanitar-mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır".

Millət vəkili onu da bildirib ki, "Human Rights Watch", "Freedom House", "Sərhədsiz Reportyorlar", "Amnesty İnternational" təşkilatları, mütəmadi olaraq, Azərbaycanla bağlı böhtanlı hesabatlar verirlər: "Bu hesabatların arxasında Azərbaycanın inkişafını istəməyən ermənipərəst qüvvələr dayanır. Bu gün hər kəs görür ki, ikiüzlü dünya var. Ona görə də, müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiqlər olur. Həmin təşkilatlar Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır və Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmirlər. "Human Rights Watch", "Freedom House" ölkəmiz haqqında məlumatları ayrı-ayrı "hüquq müdafiəçilərindən" və müxalifət partiyalarından alır. Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını və müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Ancaq bu təşkilatların ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur. Biz öz müstəqil siyasətimizlə hər hansı təzyiq cəhdlərinə tutarlı cavablar veririk".

Beləliklə, bir daha deyə bilərik ki, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə yol açan, vətəndaş cəmiyyətini inkişaf etdirən və mökəmləndirən həm qanunvericilik bazası, konstitusiya, həm də yüksək siyasi iradə var. Belə ki, Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən biri demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsidir. Ona görə də, Azərbaycana qarşı bəzi dairələrin apardığı istənilən çirkin kampaniya iflasa məhkumdur. Sifarişli yazılar və uydurma hesabatlar verməklə Azərbaycanı gözdən salma, antidemokratik ölkə kimi qələmə vermə cəhdləri heç vaxt baş tutmayacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər