Novruz bayramı ərəfəsində "Abad həyət" sakinlərin ixtiyarına verildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Nəsimi rayonunda bir sıra işlər həyata keçirilir.
Novruz bayramı ərəfəsində 3- cü mikrorayon, Rəşid Məmmədov küçəsi - 15 ünvanının qarşısında "Abad həyət"in Novruz bayramı ərəfəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu ünvanda 120 mənzilli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib, həyətə 150 ağac əkilibdir.
Görüşdə qeyd olunub ki, rayonda "Qərənfil" Körpələr Evi-Uşaq Bağçasının əsaslı təmirinə başlanılıb, Asif Məhərrəmov küçəsi ilə Moskva prospektləri arasındakı məhəllələrarası ərazidə baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə abadlıq işləri aparılaraq, istirahət parkının yenidən qurulması işləri aparılır. Abadlıq-quruculuq işləri çərçivəsində Mir Cəlal və Asif Məhərrəmov küçələrində parklar yenidən qurulub, geniş abadlıq işləri aparılıb.
Ü.ƏSGƏROV