Rusiyaya səfər etmək və Vladimir Putinlə görüşmək planında məqsəd
Son zamanlar, xüsusilə, parlament seçkiləri ərəfəsində Ermənistanda vəziyyət çərçivədən çıxmaq üzrədir. İstər Qarabağda, cəbhəyanı ərazilərə zorla yerləşdirilmiş Suriya ermənilərinin həmin ərazilərdən çıxmaları və yenidən Ermənistana geri dönərək, oradan Qərb ölkələrinə köçmələri, istər aprel döyüşlərinin itki səbəbləri və s. bu kimi çoxsaylı faktlar Serj Sarkisyanın "taxt-tacını" kökündən laxlatmağa başlayıb. Vəziyyətdən çıxış yolu axtaran Sarkisyanın martın14-15-də Rusiyaya səfər etməsi və Vladimir Putinlə görüşməsidir. Sözsüz ki, Sarkisyan son vaxtlar Azərbaycanla Rusiya arasında olan isti münasibətləri pozmaq üçün özünü oda-alova ataraq, Qarabağda qondarma referendum keçirir, ardınca da cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində qanlı oyunlarını oynamağa başlayır.
Lakin Ermənistan prezidentinin bicliklərinin onun öz hədəfinə çatmasına imkan verilməyəcəiyni bəri başdan söyləmək olar. Ən azından, bu gün Ermənistanın KİV-ləri, xüsusilə, hakim Qarabağ klanına bağlı olmayan mətbuatında biz bəzi etirafların şahidlərinə çevrilməkdəyik. Məsələn, Ermənistanın 1.in.am saytının rus dili səhifəsində erməni analitiki Musa Mikaelyanın yazısında bildirir ki, son günlər Qarabağda Azərbaycanla təmas xəttində qeydə alınan gərginlik belə bir fikir yürütməyə əsas verir ki, müharibə yenidən başlaya bilər. Erməni analitiki qeyd edir ki, Ermənistanda sözügedən müzakirələr başladılır, sonra isə paralel olaraq unudulur.
Erməni analitik bildirir ki, burada əsas təqsirkar mövcud hakimiyyətdir, həqiqətdə isə, əziyyət çəkən yenə də xalqdır.
Göründüyü kimi, fakt budur ki, erməni xalqı, eləcə də, işğal altında yaşayan və de-yure Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri, artıq Sarkisyan rejimi tərəfindən qanlarının axıdılmasını istəmirlər, bunu açıq-aydın şəkildə etiraf edirlər. Əgər Sarkisyan hələ də eyni siyasəti yürüdəcəyini düşünərək, uzun müddət Ermənistanın prezidenti kimi qalacağını hesab edirsə, yanılır. Çünki ən azından, ötən il baş verən aprel qələbəmiz onun yanılmasının məntiqi nəticəsidir.
Ermənistanın baş naziri Karen Karapetyan Sarkisyanı başağrısı oldu
Serj Sarkisyanın "taxt-tacını" kökündən laxlatmasına səbəb olan digər fakt isə özünə yaxın bildiyi Ermənistanın baş naziri Karen Karapetyandır. Onun hədəfə alınması əbəs yerə deyil. Elə bu səbəbdən də, K.Karapetyan bu günlərdə hakim elita qarşısındakı çıxışında aprel müharibəsindəki məğlubiyyəti etiraf edib və səbəblərini bildirib. Bundan sonra ona qarşı həm iqtidar komandasından, həm də müxalifətdən ciddi hücumlar başlayıb. Lakin K.Karapetyan bildirib ki, hər sahədə Sarkisyan işğalçılıq siyasəti aparır, görünür, bu siyasəti mənə qarşı da edəcək: "Ancaq bunun heç bir mənası yoxdur. O, xalq tərəfindən qəbul olunmursa, kimlərisə böhtanlamağa ehtiyac yoxdur".
Sarkisyana qarşı üsyan hazırlığı
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz faktlar onu bir daha sübut edir ki, seçkiərəfəsi işğalçı Ermənistanın qarışacağı ehtimallar özünü doğruldur. Martın 12-də Armavir vilayətinin Cararat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və "İrs" Partiyasının lideri Raffi Ovanisyanın daxil olduğu seçki blokunun seçicilərlə görüşü zamanı silahlara əl atılması da Ermənistanın qarışmasının, sadəcə, an məsələsi olduğunu deməyə əsas verir.
Aprel seçkilərinə az vaxt qalmasına baxmayaraq, bu müddətdə yeni sürprizlərin olması da istisna deyil. Qarabağ anlaşmasını pozmaq üçün Ermənistan parlamentinin gülləbaran edilməsi hadisəsini, həmçinin, S.Sarkisyanın prezidentlik kürsüsünə yolunu açmaq naminə 2008-ci ilin 1 martında Yerevan küçələrində insanların atəşə tutulmasını işğalçı ölkədə heç kim unutmayıb. Bu fakt onu deyir ki, dərin böhrana yuvarlanmış, üstəlik də, Azərbaycan torpaqlarında çoxlu itkilər vermiş Ermənistanda hər an ciddi qarşıdurmalar baş verə bilər. Müşahidələr göstərir ki, artıq erməni xalqı və müxalifəti Sarkisyanın nağıllarına dözmək niyyətində deyil.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bildirir ki, aprel ayı Ermənistan üçün ağır keçəcək: "Ermənistan hakimiyyətinin, müxtəlif siyasi dairələrinin və cəmiyyətinin aprel ayı ilə bağlı iki böyük qorxusu var. Birinci qorxu ondan ibarətdir ki, aprel ayında Azərbaycan Ordusu yenidən hücuma keçərək yeni ərazilər azad edəcək və bu zaman Ermənistan ordusunda, keçən il olduğu kimi, böyük itkilər qeydə alınacaq. Ermənistanın əhalisi onsuz da azalır. Növbəti dəfə yüzlərlə itkini Ermənistan cəmiyyətinin həzm etməsi problematikdir. İkinci qorxu isə ondan ibarətdir ki, 2 aprel parlament seçkisində Ermənistanda ara qarışacaq. Məndə olan məlumatlara görə, Ermənistanda Sarkisyana qarşı bəzi qruplar, hətta silahlı mübarizəyə də hazırlaşırlar". E.Şahinoğlu mövcud durumu Azərbaycan üçün şans hesab edir: "Ermənistanda parlament seçkisi sakit keçsin deyə, bizim də xüsusi öhdəliyimiz yoxdur. Seçki oldu-olmadı işğalçıların Dağlıq Qarabağ ətrafındakı rayonlarında ayaqlarının altındakı torpaq da od tutub yanmalıdır".
Politoloq hesab edir ki, Ermənistan prezidentinin seçkiöncəsi Moskvaya səfər etməsi Rusiyanın timsalında dəstək tapmağa hesablanıb: "Sarkisyanın bu səfərdən əsas məqsədi atəşkəsə riayət olunacağına dair Moskvadan təminat almaqdır. Başqa sözlə, Sarkisyan istəyir ki, Kreml aprel ayında Azərbaycana hücuma keçməyə imkan verməsin, Bakıya təzyiqini artırsın və o, bu vəziyyətdə seçkini öz bildiyi kimi keçirsin. Sarkisyanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün digər məqsədi Gümrüdə Rusiya ilə birgə hərbi-sənaye kompleksinin yaradılmasıdır. Məsələ burasındadır ki, Putin 2013-cü ildə Ermənistana səfəri zamanı Sarkisyanla birgə Gümrüdəki Rusiyanın hərbi bazasına baş çəkdikdə, orada birgə hərbi-sənaye istehsalına başlanacağını vəd etmişdi. Üstündən 4 il keçib, ortada heç nə yoxdur. Ona görə Sarkisyan incə mesajla Putinə xatırlatmaq istəyir ki, Gümrüdəki bu istehsal sahəsini yaratmaq lazımdır. Sarkisyan qorxu içindədir. Çünki Azərbaycanın hərbi sənayesi inkişafdadır, hər il yeni silah və texnika ərsəyə gəlir. Ermənistan isə yeni texnikanı Rusiyadan dilənmək məcburiyyətindədir. Ona görə də, Kremlə bu dəfə yalvarışlarının məqsədi başqadır: gəlin birlikdə hərbi-sənaye istehsalı quraq. Rusiyanın nə marağı var ki, kasıb Ermənistanda hərbi-sənaye istehsalına başlasın? Rusiyada bu istehsalı öz ərazisində qurub və satışdan milyardlarla dollar qazanır. Ona görə də, Sarkisyanın Moskvadan əlidolu qayıdacağını söyləmək çətindir".
Beləliklə, Sarkisyanın həm Rusiyadan, həm də daxildən olan Qarabağ təzyiqlərinə uzun müddət davam gətirə biləcəyi inandırıcı görünmür.
A.SƏMƏDOVA