PDF Oxu

Sosial

  • 1 230

Danışıqların prinsipləri bəllidir

Danışıqların prinsipləri bəllidir

ATƏT və BMT Ermənistana təzyiq etməli, ya da bu təzyiqi Azərbaycan Ordusu edəcək

Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etdilər. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı təkliflər, ideyalar irəli sürüldümü və ideyalar ortada varsa, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan bu dəfə hansı addım ata biləcək? ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bəyan edir ki, prezidentlərin görüşünün təşkil edilməsi üçün ümumi danışıqlar aparılır. Danışıqlar masasına oturmaqdan imtina edən Ermənistanla hər hansı danışığa getməyə dəyərmi? Bu suallarla cavab tapmaq üçün müraciət etdiyimiz müsahiblərimiz beynəlxalq təzyiqin və sanksiyaların olmadığı halda, işğalçı Ermənistan rəsmiləri qondarma Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanmasında cəhdlərini davam etdirəcəklərini bildirdilər.

Millət vəkili Tahir Mirkişili:

- ATƏT Minsk Qrupunun ABŞ və Fransdan olan həmsədrləri dəyişib. Bu səfər, həm də yeni həmsədrlərin regiona gələrək, mövcud situasiya ilə daha yaxından tanış olmalarına imkan yaratdı. Azərbaycan və Ermənistan arasında Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların prinsipləri bəllidir. Azərbaycanın bu danışıqlarda mövqeyi tam şəffafdır və beynəlxalq normalara uyğundur. Ermənistan hər vəchlə substantiv danışıqlardan yayınaraq, öz işğalçılıq siyasətini davam etdirməyə çalışır. Ancaq həm də, hər kəs anlayır ki, bu siyasət getdikcə Ermənistana baha başa gəlməyə başlayır. Ona görə də, Ermənistan bütün vasitələrlə cəbhə xəttindəki status-kvonu qoruyub-saxlamağa və vəziyyətin dondurulmasına çalışır.

Azərbaycanın mövqeyi isə, əksinə, tezliklə status-kvonun dəyişilməsi, regionda işğala son qoyulmasıdır. Bunun üçün ya dünya birliyi, ATƏT və BMT Ermənistana təzyiq etməli, ya da bu təzyiqi Azərbaycan Ordusu edəcək. Azərbaycan Ordusu belə təzyiq vasitələrinə tam sahibdir. Beynəlxalq təşkilatlar isə əksinə, Ermənistana təzyiq etməyə tələsmirlər. Bu isə, münaqişənin çox təhlükəli fazaya qədəm qoymasına gətirib çıxara bilər. Cəbhə xəttində baş verən hadisələr bunun göstəricisidir. Amma Azərbaycan danışıqlar limitindən sona qədər istifadə etməkdə qərarlıdır. Bunu Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün ölkə rəhbəri bütün vasitələrdən istifadə edir və əminəm ki, bu vasitələr tezliklə öz bəhrəsini verəcək.

Millət vəkili Eldəniz Səlimov:

- ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanın bu dəfə hansı müsbət bir addım atacağı isə gözlənilməzdir. Çünki işğal edilmiş Azərbaycan torpaqlarından qoşunların qeyd-şərtsiz boşaldılması tələb edilən, BMT-nin dörd qətnaməsini icra etməkdən boyun qaçıran Ermənistan ATƏT-in Minsk Qrupunun mövqeyinə də mənfi münasibət bildirir. Ermənistana ikili standartlarla mövqe nümayiş etdirən ölkələrin razılığı əsasında addım atması gözləniləndir. Ermənistan son vaxtlar işğal olunmuş Azərbaycan torpaqlarında beynəlxalq hüquq normalarına zidd olan hərəkətlərin həyata keçirilməsi nəticəsində, regionda vəziyyəti daha da gərginləşdirir. Ölkə prezidentlərinin görüşünün təşkilinə gəlincə isə, Azərbaycan Respublikasının Prezidenti görüşü özü müəyyənləşdirdiyi halda, Ermənistan prezidenti isə görüşə havadarlarının icazəsi ilə razılıq verir. Təbii ki, havadarların mövqeyi ilə, görüşlərdə problem həll edilməmiş başa çatır. Bu isə, Sarkisyanın heçdə müstəqil olmadığını bir daha təsdiq edir.

Politoloq Arzu Nağıyev:

- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında deyib ki, aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır. Eyni zamanda, Rusiya, ABŞ və Fransa hökumətləri və həmsədrlər münaqişə tərəfləri siyasi iradə ortaya qoyanadək, səylərini davam etdirmələrini istəyirlər. Bütün bu səylərə baxmayaraq, Ermənistan siyasi ambisiyalarından dönmür. Məlumdur ki, bu proses qondarma referendumdan başlayıb və aprelin 2-də keçiriləcək parlament seçkilərinə qədər davam edəcəkdir. Çünki "Qarabağ kartı" bu gün erməni rəhbərliyi üçün əsas şərtdir, daha doğrusu, Sarkisyan və onun cinayətkar komandasının hakimiyyətdə qalması üçündür. Bu isə status-kvonun saxlanmasıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər deklorativ bəyanatlar verdiklərini başa düşürlər və hazırda fəaliyyətsizliklərinin məsuliyyətinin də onların üzərinə düşdüyünü anlayırlar. Rusiyalı həmsədrdən başqa digərləri yenidirlər və müəyyən iş görmələri vacibdir. Bu səbəbdən də, danışıqlara çağırırlar. Aprel ayının 2-də ermənilərin seçki keçirmələri simvolik tarixdir. Buna görə də, bu tarixdən həmsədrlər də çəkinirlər və seçkidə "Qarabağ kartı"ndan istifadə ediləcəyini də dərk edirlər. Təbii ki, Azərbaycan daim beynəlxalq norma və prinsiplərə uyğun olaraq, danışıqlara hazırdır və ən yüksək səviyyədə bunu keçirə bilər. Bu prinsiplərin ən başlıcası isə ərazi bütövlüyüdür.

GÜLYANƏ

Digər xəbərlər