PDF Oxu

Sosial

  • 2 184

"Vətənə vurğun: ömürdən səhifələr"

"Vətənə vurğun: ömürdən səhifələr"

Yazıçı İmran Əbilovun növbəti kitabı çapdan çıxıb

Azərbaycan ədəbiyyatının dünya ədəbi irsi sırasında yerinin, çəkisinin olması milli-mənəvi dəyərlərimizin məxsusiliyi, fərdi insanların yaradıcılıq imkanlarının genişliyi və manevr etmək cəhdləri, eləcə də, humanizm prinsipləri əsasında yazıb-yaratmaq istedadı ilə bağlıdır. Yaranan hər bir nümunədə Azərbaycanın dövlətçilik prinsipləri, onun coğrafiyası, tarixi, tanınmış simaların portret cizgiləri və s. əsas xətt olaraq təqdim olunur. Buradakı hər iz tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə yanılmarıq. Bu yaxınlarda "Araz" nəşriyyatı tərəfindən çapdan çıxan İmran Əbilovun "Vətənə vurğun: ömürdən səhifələr" kitabı da, məhz həyatını tarixin müxtəlif dönəmlərində yaşamış ömür yolunun salnaməsi olsa da, burada oxucu bir çox həqiqətlərlə baş-başa qalır. Kitab bir insan taleyinə naxış salan illərin məcmusu əsasında yaranıb. Yaşadığı ömrün səhifələrin vərəqləyən İ.Əbilovun keçdiyi yolu, ictimai fəaliyyəti, eləcə də, onun nəslinin nümayəndələrinin fəaliyyəti ilə tanış oluruq. Elə bu nümunə müəllifin ömür yolunu işıqlandıran bir sənəddir. Kitaba daxil olan yazılarda müəllifin vətənpərvərlik hissləri, onun humanizmi, incə duyğuları diqqəti cəlb edir.

"Dahi insan haqqında unudulmaz xatirələr" başlıqlı məqaləsində Ulu Öndər Heydər Əliyevin 1969-cu ilə MK birinci katibi vəzifəsinə təyin olunduğu dövrə nəzər salır və həmin illərdə, ölkənin bütün sahələrinə olduğu kimi, kənd təsərrüfatı da da diqqət ayırmasına diqqət çəkir və həmin illərdən başlayaraq, Azərbaycanın uğurlu inkişaf dövrünü yaşamasını qeyd edir.

İ.Əbilov o insanlardandır ki, ömür yolunda dövrünün tanınmış ziyalıları ilə görüşmüş və dostluq etmişdir. Müxtəlif illərdə bir çox vəzifələrdə çalışan İ.Əbilov kənd təsərüffatı sahəsində çılışsa da, şeirə poeziyaya bağlılıq onun müasirləri olan şair və yazıçıları ilə tanış edir. "Rəsul Rza və Mehdi Hüseynlə unudulmaz görüş", "İlyas Əfəndiyevlə mənalı görüşlər" və digər başlıqlı yazılarda bunun şahidi oluruq.

Ömrünü unudulmaz edən xarici dövlətlərə səfəri də yer alıb ki, İsveçdən, Misirdən və Bolqarıstandan olan təsüratları zəngin görüşlərin ifadəsində müstəsnadır.

Foto-şəkillər isə bir ömür yaşamış insanın zəngin, maraqlı izlərini oxuculara tanış edir. Bədii düşüncələrinə yer ayıran müəllif "Ləyaqət", "Tac-Mahal" kimi şeirləri ilə oxucularını könül dünyasına qonaq edir və nikbin ruhlu misralarında könlünün xoş ovqatını nəzmə çəkir.

Uşaqlığını, gənclik illərini, ömrünün ən gözəl çağlarını qələm alan İ.Əbilovu xatirələr hər an keçdiyi o yollara aparır və şair xəyallar qoynunda yaşayaraq, keçmişi ilə bu günü arasında yaranmış o izləri bədiiləşdirib oxuculara təqdim edir və bu təqdimatda onun dünyasının gənclik illəri ilə sıx bağlı olduğunu görürük.

ZÜMRÜD

Digər xəbərlər