PDF Oxu

Sosial

  • 1 270

Dövlətin növbəti humanist addımı

Dövlətin növbəti humanist addımı

Prezident İlham Əliyev 423 nəfəri əfv etdi

Hər il ölkəmizdə bayram və əlamətdar günlər ərəfəsində imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur. Bu ənənə demokratik dəyər və təsisatların bərqərar olduğu müasir Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birinin demokratik təsisatların təkmilləşdirilməsinin, insan hüquqlarının müdafiə edilməsinin nəticəsidir. Bu il də Novruz bayramı ərəfəsi ölkə Prezidenti İlham Əliyev 423 nəfərin əfv edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama əsasən, 423 məhkum əfv olunub, 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib. Eyni zamanda, ömürlük cəzaya məhkum olunan iki nəfərin cəzasının müddəti dəyişdirilib.

Azərbaycan ümumbəşəri humanist dəyərlərin bərqərar olduğu ölkədir

Göründüyü kimi, ilk gündən demokratik-hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil dövlətimiz bu istiqamətdə bütün maneləri dəf edərək, həyata keçirdiyi uğurlu islahatları ilə dünyanın diqqətində dayandı. "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik" söyləyən Ulu Öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxladı. O bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir.

"Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" söyləyən Prezident İlham Əliyev eyni zamanda, bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən."

Hələ 2003-cü ildə xalqın böyük səs çoxluğu ilə Prezident seçilən möhtərəm İlham Əliyev bəyan etmişdi ki, O, hər bir azərbaycanlının Prezidenti olacaq. O zamandan təxminən 14 il vaxt keçir və dövlətimizin başçısı fəaliyyəti dövründə hər zaman bu vədinə sadiq qalıb. Ölkə başçısı atdığı hər bir addımda Azərbaycan insanını və vətəndaşını düşünüb. Budur humanizm nümunəsi.

Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.

Ölkə başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır.

Bütövlükdə, qeyd etmək lazımdır ki, əfv sərəncamları Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. İmzalanan əfv fərmanlarının, bir qayda olaraq, mühüm tarixi günlər və dövlət bayramları ərəfəsinə təsadüf etməsi insanlara hədsiz sevinc bəxş etməklə yanaşı, onlara yüksək mənəvi dəyərlər aşılayır. Məhz bu Sərəncam sayəsində bir çox insan Novruz bayramında öz sevdiklərinə qovuşdu, neçə-neçə ailə bayram sevinci yaşadı. Bütün bunlar və digər məqamlar İlham Əliyevin xalq arasında böyük nüfuza sahib olmasını şərtləndirən mühüm amillərdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər