PDF Oxu

Sosial

  • 1 351

Beynəlxalq səviyyədə birləşdirilən səylər və güclər mövcud problemlərin qarşısını alacaq

Beynəlxalq səviyyədə birləşdirilən səylər və güclər mövcud problemlərin qarşısını alacaq

İlham Əliyev: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi sülh və sabitliyə daimi təhlükədir"

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. 25 illik müstəqillik tariximizdə Azərbaycanın etibarlı tərəfdaş, təhlükəsizliyə, sabitliyə, multikulturalizmə və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, ölkəmiz qısa bir zamanda, beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası kimi beynəlxalq qurumların üzvü olub.

Müasir dünyada beynəlxalq ictimaiyyətin üzləşdiyi çətinliklərin aradan qalırılmasında mədəniyyətlər və konfessiyalar arasında dialoq və əməkdaşlığın aparılması vacib və əhəmiyyətli məsələlər olduğundan, Azərbaycan buna xususi olaraq diqqət ayırır. Mövcud problemlərin qarşısının anılmasında beynəlxalq səviyyədə səylər və güclər birləşdirilir, ümümi məqsədə doğru addımlar atılır. Elə son illərdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən Azərbaycanda aparılan müzakirələr, müasir dövrün tələblərinə cavab olan çağırışlar müasir dünya üçün əhəmiyyət kəsb edir.

Artıq neçə illərdir ki, ardıcıl olaraq Bakıda keçirilən Qlobal Bakı Forumu da bu qəbildən olan tədbirlər sırasındadır. Bu gün dünyanın üzləşdiyi bəzi mühüm problemlərin müzakirəsi, onların həlli yollarının araşdırılması baxımından, nüfuzlu siyasi liderlərin bir araya gəldiyi Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd olunmalıdır. "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan III Forumda dünyanı narahat edən etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemlər geniş müzakirə edildi, onların həlli yollarının tapılmasına diqqət yetirildi. "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda isə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu. Bu günlərdə keçirilən növbəti forum - V Qlobal Bakı Forumu "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunmuşdur.

"ÖZÜNÜTƏCRİD, NİFRƏT HİSSLƏRİNİN BƏSLƏNİLMƏSİ VƏ YA ÖZÜNÜN DİGƏRLƏRİNDƏN ÜSTÜN TUTULMASI BUMERANQ EFFEKTİ VERƏCƏK"

Müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimlərinin, siyasətçilərin, elm adamlarının, siyasi ekspertlərin iştirak etdiyi forumun Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda əhəmiyyəti müstəsnadır. Beynəlxalq tədbir çərçivəsində iştirakçı və qonaqlar ölkəmizin təhlükəsiz və sabit inkişafı ilə tanış olur, tolerant və multikultural məkan kimi dünyaya nümunə olmasının bir daha şahidinə çevrilirlər. Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən və irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə əsas verir. Bu məkanda bütün tarixi və dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq, azad nəfəs alır, sərbət fəaliyyət göstərir. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir: "Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə, bu işlə məşğul olanların özlərinə xələl gətirəcək".

Dövlət başçısı bu gün regionumuzda və dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələrin baş verməsinin Azərbaycanı çox narahat etdiyini bildirib. Azərbaycan beynəlxalq aləmdə təcrid olunmuş vəziyyətdə yaşamır. "...bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq" - deyən Cənab Prezident Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, xalqımızın rahat şəraitdə, təhlükəsizlik şəraitində yaşadığını forum iştirakçılarının diqqətinə çatdırıb. Amma indiki dövrdə həm bölgəmizdə, həm Avrasiya qitəsində vəziyyətin gərginləşdiyini də vurğulayıb.

DÜNYADA BAŞ VERƏN MÜNAQİŞƏLƏR TEZLİKLƏ SÜLH YOLU İLƏ HƏLL EDİLMƏLİDİR

Forum Azərbaycan həqiqətləri ilə dünya ictimaiyyətini elə ölkə daxilində bir daha tanış etmiş oldu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünı bir daha diqqət çəkildi və Dağlıq Qarabağ Azərbaycanın tarixi parçası olduğu bir daha bəyan edildi. Dünyaya təqdim olundu ki, işğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. İştirakçı dövlətlər işğala baxmayaraq, Azərbaycanın sülsevər, inkişaf edən ölkə olduğunun şahidi olurlar. Forumun əhəmiyyətinə nəzər salarkən, vurğulamalıyıq ki, dünyada baş verən böhranlardan və münaqişələrdən uzaq olmaq, birgə tədbirlərin görülməsinə nail olmaq terrorizmə, münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün vətəndaşlıq prinsipləri, insan haqları, bərabərlik amili diqqətdə qaldı. Terrorizm aktlarını törədənlər isə, mütləqdir ki, qanun qarşısında cavab versinlər.

Forumda səsləndirilib ki, hazırda dünyada baş verən böhranlar, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələr tezliklə sülh yolu ilə həll edilməlidir. Bu, həm də, o səbəbdən baş verir ki, mötəbər beynəlxalq qurumlar öz vəzifələrini lazımınca yerinə yetirə bilmirlər.

Dövlət başçısı Azərbaycanın da erməni təcavüzü, ərazimizin işğalı nəticəsində, müharibə və humanitar fəlakətdən əziyyət çəkdiyini bir daha diqqətə çatdırıb. Bütün mötəbər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlar qəbul etdiklərini, Ermənistanın onlara məhəl qoymadığını qeyd edən Azərbaycan Prezidenti bütün bu sənədlərin kağız üzərində olduğunu və qaçqın və məcburi köçkünlərimizin hələ də doğma torpaqlarına qayıda bilmədiklərini qeyd edib: "Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etmişlər ki, orada Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir və burada sitat gətirmək istəyirəm, "dərhal və qeyd-şərtsiz olaraq, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması" tələb olunur.

Lakin həmin qətnamələr kağız üzərində qalır, Ermənistan onlara məhəl qoymur və onların qəbul edilməsindən artıq 25 il keçib. Bütün bunlar bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. ...Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu, o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək, milyonlarla insana əzab verə, nəticədə isə, cəzasız qala bilər".

Dövlət başçısı bir daha bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi sülh və sabitliyə daimi təhlükədir.

Forumda bu və ya digər məsələlər diqqətə çəkilib, mövcud münaqişələrin sülh, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması dəstəklənib. Mövcud münaqişələrin həllinin bütün dünya üçün vacibliyi vurğulanıb. Bunun üçün həm də güclü siyasi iradə tələb olunduğu diqqətə çatdırılıb. Bu forum, şübhəsiz ki, sülh və sabitlik üçün dünyaya mühüm mesajlar verəcək.

EKSTREMİZM VƏ DÖZÜMSÜZLÜK ƏLEYHİNƏ ÇIXIŞ EDƏN AZƏRBAYCAN KƏNAR QÜVVƏLƏRİN, XARİCDƏN GƏLƏN TƏHLÜKƏLƏRİN QARŞISINI ALMAQDA GÜCLÜ VƏ QƏTİYYƏTLİDİR

Bəli, qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycandan əxz ediləcəyi çox məqamlar var. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ümumbəşəri və humanist ideyalarını təbliğ edərək, müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər