Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan XXI yüziliyin sonunda müstəqilliyə qovuşduqdan sonra dövlətimiz və xalqımız dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini təbliğ etməyi qarşıya əsas vəzifələrdən biri kimi qoydu. "Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkənin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır", - deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlətçilik tarixinin, adət və ənənələrin hər millətin həyatında müstəsna rol oynadığını bildirirdi.
Müasir dövrümüzdə Azərbaycanın dövlətçilik tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliğ olunması, yaşaması istiqamətində görülən tədbirlər dövlətçiliyimizin sağlam təməl üzərində qurulduğunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün əldə etdiyimiz uğurlu diplomatik əlaqələr nəticəsində, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın dünya çapında nəhəng dövlətlərlə bir sırada dayanması nailiyyətlərimizin bariz nümunəsidir. Müasir dövrümüzdə Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycanın təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə, məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prisplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir. Heydər Əliyev Fondunun loqosundakı göy və qızılı rənglər, artıq bu qrumun fəaliyyətindən çox məqamları əks etdirir. Səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi ifadə edən göy rəng həm də milliliyin göstəricisidir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı gələcək simvolu deməkdir. Hər iki rəng Ümummilli Lider Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir ki, fond da fəaliyyətə başladığı zamandan bu ali dəyərləri, məfhumları gerçəkləşdirmək yolundadır. Qeyd edək ki, bu istiqamətdə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də xüsusi diqqət çəkir. Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin, dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir:"İstər YUNESKO-nun Xoşməramlı Səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə, bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".
"MİN İL ÖNCƏ OLDUĞU KİMİ, BU GÜN DƏ HƏR BİR MİLLƏTİN QARŞILAŞA BİLƏCƏYİ ƏN BÖYÜK HAQSIZLIQ, ƏN BÖYÜK FACİƏ TƏCAVÜZ VƏ TORPAĞININ İŞĞALIDIR"
Mehriban xanım Əliyevanın gördüyü işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir. Azərbaycanı olduğu kimi dünya panoramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsi ilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır. Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. "Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır", - deyən Mehriban xanım Əliyeva Azərbaycan xalqının təcavüz və torpağının işğalı ilə XXI əsrə qədəm qoyduğunu vurğulayır. Odur ki, bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur. Bu istiqamətdə görülən məqsədyönlü iş fondun yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması ilə başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarixi-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar öz əksini tapmışdır. Fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq, bir çox xarici ölkələrdə yayılmışdır.
Xocalı soyqırımı ilə əlaqədar isə Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirir. Onu da vurğulayaq ki, 2008-ci ildə Avropada ilk dəfə olaraq Niderlandın Haaqa şəhərində Xocalı faciəsinə həsr edilmiş abidə ucaldıldı. Moskvada "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Yaddaşın əbədiliyi" adlı gecə keçirildi. Vilnüs, Bern, Afina, London və Parisdə matəm konsertləri oldu. Berlində sərgi təşkil edildi, Bosniya və Herseqovinada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Xocalıda baş verən dəhşətlərdən söhbət açan "Sonsuz dəhliz" filminin ABŞ-da təqdimatı oldu. Meksika, Kolumbiya, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama, Honduras, İndoneziya parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu yaxınlarda Cibuti Milli Assambleyası və Şotlandiya parlamenti də Xocalı soyqırımını pisləyən qətnamələr qəbul edib.
"İNSAN GÖRDÜYÜ İŞİN HAQLI, XEYİRLİ VƏ LAZIMLI OLDUĞUNA DAXİLƏN İNANDIQDA HƏVƏSLƏ İŞLƏYİR. FİZİKİ YORĞUNLUQ İSƏ MƏNƏVİ MƏMNUNLUQLA ÖDƏNİLİR"
Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir. Bu münasibət fondun beynəlxalq əməkdaşlığına gözəl imkanlar yaradır. Mədəni irsin qorunması üçün Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən, Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal Sarayını bərpa edib. Mehriban xanım Əliyeva müsahibələrinin biridə belə deyir: "Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir".
Onun "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.
Azərbaycanın mədəniyyətlərin və dinlərin qovuşduğu məkana çevrilməsindəki rolu müstəsnadır. Heydər Əliyev Fondu ölkəmizdə və ondan kənarda dini abidələrin qorunması və bərpasına yardım göstərir. Fondun dəstəyi ilə paytaxtımızdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmışdır. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilib.
Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban xanım Əliyeva. Hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda, həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir".- deyir Mehriban Əliyeva. Gecəli-gündüzlü əmək, fəaliyyət Azərbaycanla, doğulub, boya-başa çatdığı məmələkətlə bağlıdır.
Nəzakət ƏLƏDDİNQIZI