PDF Oxu

Sosial

  • 1 156

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yaxınlaşdıqca paytaxtımıza diqqət daha çox cəmlənir

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yaxınlaşdıqca paytaxtımıza diqqət daha çox cəmlənir

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin, bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini özündə ehtiva edir. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Aparılan quruculuq və abadlıq işləri sayəsində paytaxt Bakı tədricən öz görkəmini dəyişərək, dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirib. Bəli, Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil edilib. Şəhərimizdə müasir infrastruktur və xidmət obyektləri tikilir. Dünya standartlarına cavab verən beşulduzlu otellər istifadəyə verilib. Bu möhtəşəmliyin məntiqi nəticəsidir ki, son illər Bakıda bir-birinin ardınca müxtəlif məzmunlu beynəlxalq tədbirlər keçirilir. Keçirilən beynəlxalq idman yarışlarını, xüsusi olaraq, qeyd etməliyik. Buna səbəb Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun mövcudluğudur. Ümumilikdə, son illərdə paytaxtımızda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və digər idman yarışları keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

Təbii ki, Olimpiya ailəsi tərəfindən ölkəmizə qarşı yaranan inam, məhz bu və ya digər idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində yüksək səviyyədə keçirilməsində, qaynaqlanır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə olan inam hissinin təzahürü idi. Heç şübhəsiz ki, beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsindən yararlanan Azərbaycan bu etimadı və etibarı məsuliyyət hissi ilə yüksək bir şəkildə doğrultdu. Təbii ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Artıq Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Digər tərəfdən isə Azərbaycanda hökm sürən sabitlik, ölkənin yeraltı sərvətlərlə zənginliyi, iqtisadiyyatın sürətli inkişafı və idmana göstərilən diqqət və qayğı ilk Avropa Oyunlarının, məhz Azərbaycanda keçirilməsini dəstəkləyən amillər idi.

Bu il isə Azərbaycan daha bir mötəbər tədbirə "IV İslam Həmrəyliyi Oyunları"na ev sahibliyi edəcək. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İlk Avropa Oyunları "Bakı - 2015" - də olduğu kimi, sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"nın tarixinə yeni səhifə açılacaq. "Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir" - deyən Prezident İlham Əliyev bunun böyük siyasi tədbir, böyük mədəni tədbir, böyük ictimai hadisə olduğunu bildirib: "Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar islam haqqında rəy formalaşdırırlar ki, islam geridə qalmış sivilizasiyadır...Biz bu oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, islam aləmini birləşdirək".

Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan prinsipial, ədalətli mövqeyi ilə seçilir. İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edildi. Təbii ki, islam dünyasının bir parçası olan Azərbaycan il ərizində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verəcək, sülsevər siyasətini bir daha dünyaya bəyan edəcəkdir.

Bu gün isə Azərbaycan "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır və günü-gündən bir addım da bu tarixi günə yaxınlaşırıq. Artıq idmançıları və nümayəndə heyətlərini qəbul edəcək Atletlər Kəndi və yarışların təşkil olunacağı 16 idman obyekti tam hazır vəziyyətdədir. 55 ölkənin "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib. Oyunlara çox maraqlı proqramla start veriləcək. İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik rəmzi olan su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur. Odur ki, aprelin 5-dən "Xəzərdən başlayan su səyahəti" proqramına əsasən, Dağ Salnamə Muzeyindən başlayacaq marşrut Azərbaycanın 15 bölgəsini əhatə edəcək. Otuz yeddi gün ərzində 3 min kilometrdən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq və Azərbaycan ərazisində mövcud olan 15 su hövzəsini əhatə edəcək. Səyahət zamanı bu hövzələrdən toplanan su mayın 12-də "Bakı-2017"nin açılış mərasiminin bir hissəsi olacaq. Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq.

Əlbəttə ki, ölkəmizə gələcək İslam Həmrəyliyi Oyunlarının iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər