Sarkisyanla siyasi dairələr arasında mübarizə daha da gərginləşir
Məlum olduğu kimi, Ermənistanda onsuz da gərgin olan ictimai-siyasi və sosial-iqtisadi vəziyyət aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində daha da gərginləşib. Xüsusilə, Ermənistan cəmiyyətində kifayət qədər tanınmış şəxslərin, keçmiş nazirlərin və digər nüfuzlu şəxslərin müxalifətə keçməsi prosesi, bir daha onu göstərir ki, hazırda Serj Sarkisyanın kifayət qədər güclü rəqibləri var. Məlum olduğu kimi, keçmiş xarici işlər nazirləri Raffi Ovannisyan, Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyan "Ohanyan-Raffi-Oskanyan" blokunda birləşiblər. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan birbaşa siyasətlə məşğul olmasa da, əsas biznes tərəfdaşı, iri oliqarx, "Çiçəklənən Ermənistan" Partiyasının qurucusu və 2015-ci ilədək sədri, Ermənistan Milli Olimpiya Komitəsinin sədri, Ermənistan Milli Məclisinin deputatı Qaqik Tsarukyanın vasitəsilə öz siyasi varlığını hiss etdirməyə çalışır. Ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası "Erməni Milli Konqresi - Ermənistan Xalq Partiyası" Bloku ilə seçkilərə qatılır. S.Sarkiyana qarşı müxalifətə keçən şəxslərdən biri də ötən ilin sentyabrınadək baş nazir kürsüsünü tutan Ovik Abramyan "Çiçəklənən Ermənistan" Partiyasına yaxınlığı ilə seçilir.
Ermənistanda kütləvi qarşıdurma və toqquşmalar bütün ölkəni əhatə edəcək
İşğalçı ölkədə siyasi dairələr arasında baş verən mübarizə nəticəsində, xalqın "Azadlıq" meydanına axışmasına səbəb olub. Ekspertlər bildirir ki, bu, Sarkisyan rejiminə qarşı atılan addımdır və bu mübarizənin sonda böyük qarşıdurmalarla nətilənəcəyi şübhəsizdir. Ermənistanda baş verən proseslərlə bağlı fikirlərini politoloq Qabil Hüseynli bildirib ki, işğalçı ölkədə çox mürəkkəb hadisələr cərəyan edir: "Hadisələrin mürəkkəbləşməsinin səbəblərdən biri Sarkisyanın partiyası və onun tərəfdarlarının müxalifətə təzyiqidirsə, digər səbəb Rusiyanın açıq-aşkar Sarkisyanı dəstəkləməsidir. Bütün bunlar müxalifəti çox hiddətləndirir".
Ermənistan müxalifətinin hazırkı vəziyyəti barədə danışan politoloq bildirib ki, Ermənistan müxalifəti bu dəfə daha mütəşəkkil olduğu üçün ətrafına daha ciddi şəxsləri toplamaqla, ölkədə seçici bazasının xeyli hissəsini əldə etməyə nail olub.
Nikol Paşinyan: "Hazırda Sarkisyanın özü Ermənistan üçün ən başlıca təhdiddir"
Digər bir məqam isə, Sarkisyanın ötən bazar günü Dağlıq Qarabağda çıxışı zamanı Azərbaycanı "İsgəndər" raketləri ilə hədələməsi elə onun öz ölkəsində istehza ilə qarşılanması olub. Belə ki, müxalif deputat, "Çıxış" Blokunun liderlərindən biri Nikol Paşinyan Sarkisyanın özünü Emənistanın təhlükəsizliyinə əsas təhdid adlandırıb, onun "İsgəndər" raketi ilə hədələməsini 80-ci illərin "Rekord" televizoronu "Panasonik"in pultu ilə işə salmaq cəhdi ilə müqayisə edib.
Sarkisyan çıxışında ad çəkmədən Paşinyana da eyham vurmuşdu və aprelin 2-nə təyin olunmuş seçkilərdə "evlərin həyətlərində, avtoqarajların damında hoppanıb bacardıqda yüksəkdən qışqıranları yox, xalqın mövcudluğunu qoruyanları" seçmək lazım olduğunu demişdi.
Paşinyan isə Sarkisyandan sonra Vanadzorda seçicilərlə görüşündə deyib ki, xalqı bu uçurumdan çıxarmaq üçün onlar evlərin damında tullanmağa da hazırdırlar.
Sarkisyanın hakim partiyanı Ermənistanın təhlükəsizliyinin təminati adlandırması və ali baş komandan kimi "lazım gəlsə, gözünü belə qırpmadan" Azərbaycana qarşı "İsgəndər" raketlərini tətbiq edəcəyi haqda dediklərinə cavab olaraq, Paşinyan deyib ki, hazırda Sarkisyanın özü Ermənistan üçün ən başlıca təhdiddir: "İsgəndər" raketləri nə qədər müasir texnika olsa da, o, ötən əsrin 80-ci illərinin "işə düşməyən" tankları ilə birlikdə vahid təhlükəsizlik sistemi ola bilməz. Bu, ona bənzəyir ki, kimsə 80-ci illərin sovet televizoru "Rekord"u "Panasonik"in məsafədən idarəetmə pultu ilə işə salmağa çalışır. Serj Sarkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir. Belə səviyyəsiz düşüncəyə malik olan bir cinayətkarın ölkəyə rəhbərlik etməsi erməni xalqı üçün bir bəladır. Xalq bunu bir daha düşünüb, düzgün addım atmalıdır".
Parlament seçkiləri ərəfəsində cinayətlər çoxalır
Göründüyü kimi, seçki ərəfəsində də siyasi rəqabət özünü kriminal xarakterli çəkişmələrə gətirib çıxarıb. Hadisələrin bu səpkidə inkişafı isə Ermənistanın yeni parlamentinin tərkibinin daha çox cinayətkar keçmişə malik şəxslərdən, kriminal fəaliyyətini davam edən ünsürlərdən ibarət olacağına əsəs verir. Elə bu səbəbdən, Ermənistanda belə bir fikir getdikcə daha çox hakim olmağa başlayır ki, ölkə elitar cianyətkarlar yuvasına çevrilir. Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirir ki, əslində, hakimiyyət hələ seçkilərdən xeyli əvvəl saxtakarlıq kampaniyasına start verməklə, cinayət törətməyə başlayıb. Levon Ter-Petrosyana görə, yaranmış vəziyyətdən yeganə çıxış yolu isə seçicilərin yalnız seçki məntəqəsinə getmək, rüşvət və hədələrə tabe olmayaraq, vicdanla səs vermələrindən keçir. Onun sözlərinə görə, dünya daha Ermənistanda törədilən qanunsuzluqlara dözməyəcək: "On illərlə hakimiyyətdə olan diktatorların çökdüyü ərəb ölkələrindəki hadisələr bütün dünya üçün dərs oldu və əminəm ki, dünya bu gün həmin seçkilərə tamamilə başqa gözlə baxır".
Ter-Petrosyanın sözlərinə görə, hakimiyyət seçkiləri başqa üsullarla - zorakılıqla, bülletenləri atmaq və ölkədə olmayan seçicilərin yerinə səs verməklə saxtalaşdırır. Seçkiqabağı kampaniyada Levon Ter-Petrosyanın diqqət yetirdiyi əsas məsələlərdən biri də ölkədəki total korrupsiya ilə bağlıdır: "Bizi kim qorxudub? Bir qrup oğrular və quldurlar dəstəsi. Robert Koçaryan kimdir? O, hazırda respublikamızdan da varlı bir şəxsdir. Siz bunu bilirsiniz? Serj Sarkisyan da Ermənistandan varlı bir şəxsdir. Siz bilirsiniz? Bu haqda Moskva qəzetləri yazırdı. Onlar bu qəzetləri məhkəməyə vermədilər. Ermənistanda isə bu cür məqalələri yazan jurnalistləri məhkəməyə verərdilər. Əgər siz kişisinizsə, Moskvadakıları da məhkəməyə verin".
Bütün bunlar, bir daha onu göstərir ki, Ermənistanda seçkiərəfəsi müxalif qüvvələrlə iqtidar arasında yaranmış gərginlik artmaqla yanaşı, erməni xalqı, nəhayət, ölkəyə faşist rəhbərliyi edən Sarkisyanın əlindən canlarını qurtarmaq üçün konkret addım atacaq. Əks-təqdirdə, bu cari ildə də Ermənistanı böyük fəlakətlər gözləyir.
A.SƏMƏDOVA