YAP Masallı rayon təşkilatı bu mövzuda tədbir keçirib
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında "İslam həmrəyliyi və müasirlik" mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun dini icma rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, ümumbəşəri dəyərlərlə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən danışıb: "Prezident İlham Əliyev, mütəmadi olaraq, dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi islam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı islam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək".
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgə şöbəsinin məsul işçisi Kamil Bağırov çıxış edərək, qeyd edib ki, Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri dinc, tolerantlıq şəraitındə yaşayıb və indi də yaşamaqdadırlar.
Tədbirdə din xadimi Vaqif Mikayılov, Tura Alışova, Zəminə Şahverdiyeva, Sübhan Şiriyev, Abbas Həsənov və başqaları çıxış edərək, qeyd etmişlər ki, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir.
R.KAMALQIZI