Lalə Hacıyeva: "Sevincin Azərbaycan siyasi rəhbərliyi barədə yazdığı fikirləri siyasi savadsızlıq hesab edirəm"
ABŞ-da yaşayan "Meydan" TV-nin əməkdaşı Sevinc Mirzəyevanın (Osmanqızı) bacısı Lalə Hacıyeva ondan imtina etdiyini bildirib. Bununla bağlı L.Hacıyeva fikirlərini də mətbuata açıqlayıb. Belə ki, son vaxtlar Azərbaycan dövləti, dövlət xadimləri haqqında yersiz, məsuliyyətsiz ittihamlarla gündəmə gəlməyə çalışan, ermənipərəst qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən "Meydan" TV-də sifarişli ucuz şoular quran S.Osmanqızının bacısı yazır: "Mən Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıyıq. Həyatımızda nə siyasi baxışlarımıza görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemlərimiz olmayıb. Son iki ildə Sevincin siyasi mövqeyini kəskin dəyişməsi məndə təəssüf doğurur. Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi. Uzun düşüncələrdən sonra siyasi mövqeyimi mətbuat vasitəsilə açıqlamaq qərarına gəldim. Mən dəfələrlə elektron media vasitəsilə Sevincin doğma vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirmişəm, ailəmizin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb etmişəm. Onun möhtərəm Prezidentimiz İlham Əliyevin çox hörmətli Birinci vitse-prezident, Mehriban xanım Əliyeva haqqında yazdığı fikirləri qətiyyətlə rədd edirəm. Onun bu məsuliyyətsiz mövqeyini siyasi savadsızlıq hesab edirəm. Və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm".
L.Hacıyeva, bacısının mövqeyinə görə, atası mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib: "Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir. Bütün bunları nəzərə alaraq, mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır.
Onu da qeyd edək ki, əvvəllər keçmiş ANS TV-də çalışan S.Osmanqızı bir neçə ildir ki, ABŞ-da yaşayır. Hazırda "Meydan" TV ilə əməkdaşlıq edir. Son aylarda o, yersiz fikirləri ilə gündəmə gəlməyə çalışır, hətta buna görə insanlar tənqid olunmuşdu. Doğma bacısı L.Hacıyevanın da ondan imtina etməsi təəccüblü deyil. Amma bu bir reallıqdır ki, xaricdə oturub erməni dəyirmanına su tökmək, Azərbaycan dövləti haqqında qərəzli fikirlər səsləndirmək, təxribatçı video-roliklərlə cəmiyyətimizdə çaşqınlıq yaratmağa cəhd etmək heç kimə, eləcə də, heç bir ailəyə başucalığı gətirməz.
Samir