PDF Oxu

Sosial

  • 1 332

Kəlbəcərin işğalından daha bir il də ötdü

Kəlbəcərin işğalından daha bir il də ötdü

İşğal nəticəsində rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib

1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsindən daha bir il keçdi. 24 il bundan öncə erməni qüvvələri 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumdan sonra aprelin 2-də Kəlbəcər rayonunu işğal etdilər. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Qeyd edək ki, Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

1930-cu il avqustun 8-də ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər inzibati rayon statusu alıb. Qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat cütlüyü hakimiyyətinin tarix və millət qarşısında ən ağır cinayətlərindən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə Ümummilli Liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildi: "Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu rayon olan Laçın işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə, kəlbəcərlilərin özlərinin qəhrəmanlıqlarına görə. Demək, onu saxlamaq və qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi".

Beləliklə, işğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bütün kəlbəcərlilər Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən, o cümlədən, yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır və öz yurd-yuvalarına qovuşacaqları günü səbrsizliklə gözləyirlər.

R.HÜSEYNOVA

Digər xəbərlər