PDF Oxu

Sosial

  • 2 327

Uğurlu sosial-iqtisadi siyasətin uğurlu nəticələri

Uğurlu sosial-iqtisadi siyasətin uğurlu nəticələri

İlham Əliyev: "Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir"

Hələ bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan, təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir".

Saatlıda keçirilən müşavirədə də Azərbaycan Prezidenti İlham Əliyev yeni iş yerlərinin açılmasını daima diqqətdə saxlamağı bildirib: "Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır".

Dövlət başçısı, onu da vurğulayıb ki, bəzi qonşu ölkələrdə həm işsizlik böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır: "Bizdə isə əhali artır. Əhali artdıqca, biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var".

Dövlət başçısı onu da qeyd edib ki, ilin əvvəlindən təkcə ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb: "Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir".

"Bu il pambıq becərən rayonlarda 200 min nəfər işlə təmin olunacaq"

Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində onu da bildirib ki, bu il pambıq becərilən rayonlarda 200 min nəfər işlə təmin olunacaq: "Bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir".

Dövlət başçısı nəzərə çatdırıb ki, pambıqçılığın inkişafı yüngül sənayenin də inkişafına təkan verəcək: "Özlüyündə sosial layihə olan bu sahənin inkişafı əhalinin sosial durumunun yaxşılaşdırılmasına təkan verəcək".

Yeni iş yerlərinin açılması sosial siyasətin mühüm hissəsidir

Göründüyü kimi, ümumiyyətlə, iqtisadi inkişafında sosialyönümlü prinsipi əsas götürən dövlətin qarşısında duran mühüm vəzifələrdən biri bu yöndə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə əsaslanan, eyni zamanda, ölkə və cəmiyyətdəki mövcud reallıqları nəzərə alan siyasətin həyata keçirilməsidir. Təsadüfi deyil ki, Cənab İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlər, məhz ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Artıq 13 ilə yaxındır davam edən bu siyasət sayəsində bu gün ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb. Yeri gəlmişkən, onu da bildirək ki, Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə daha çox diqqət yetirilir və həmin səbəbləri aradan qaldırmaq üçün konkret tədbirlər görülür, sənədlər imzalanır. Dövlət başçısının sosial sahədə həyata keçirdiyi siyasətin mühüm hissəsi olan yeni iş yerlərinin açılması ölkədə işsizliyin kökünün birdəfəlik kəsməsi ilə əlaqədardır. Faktlara diqqət yetirməklə, deyilənlərin söz deyil, görülən işlərin reallıqları olduğunun şahidi olursan: 5 ildə 600 min yeni iş yeri açmağa söz verən ölkə rəhbəri İlham Əliyev bu məqsədinə vaxtından tez çatdı. Artıq 2003-2009-cu illərdə ölkədə 840 mindən çox yeni iş yeri açıldı və yoxsulluğun səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına görə isə, yoxsulluğun səviyyəsi 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə eyni göstərici demək idi. Bu gün isə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən də azdır və işləmək istəyənlər üçün işsizlik problemi demək olar ki, yoxdur.

Üçüncü regional inkişaf Dövlət Proqramının icrasının ildönümünə həsr olunmuş tədbirdəki çıxışında yeni iş yerlərinin açılmasına toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, bu proses dayanmamalıdır: "Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun".

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət əhalinin rifah halının yüksəldilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə, işsizliyin azaldılmasına və yeni-yeni iş yerlərinin açılmasına xidmət edir. Bu isə, Azərbaycan dövlətinin apardığı sosialyönümlü iqtisadi siyasətin əsas nailiyyətlərindəndir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər