Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib
Azərbaycanın zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai-coğrafi mövqeyi, ölkəmizin böyük potensiala malik olduğunun göstəricisidir. Zənginliyi özündə ehtiva edən Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir və ölkəmiz artıq dünya turistlərinin istrahət üçün seçdikləri əlverişli məkana çevrilib. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi, yeni turizm marşrutlarının açılması, qış turizminin inkişaf etdirilməsi də Azərbaycanda turizm imkanlarını daha da genişləndirib.
Məlumdur ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Eyni zamanda, Prezidentin Sərəncamı ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına müsbət təsirini göstərir.
XƏZƏR DƏNİZİNİN SAHİL ZONASININ TƏBİİ MÜHİTİ İNSAN İSTİRAHƏTİ VƏ MÜALİCƏSİNDƏ ƏHƏMİYYƏTLİDİR
Xəzərin Azərbaycan sahil zonasının da böyük turizm imkanları vardır. Yer kürəsinin ən böyük gölü olan Xəzər dənizinin sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. burada istirahət imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə əsaslanan faktlardır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Resrublikası vətəndaşlarının əsas istirahət zonalarıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə, "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamına uyğun olaraq, "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib.
2017-2018-ci illərdə beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazilərinin yaxınlığında müvafiq infrastruktur obyektlərinin inşasına dair təkliflərin hazırlanmasını təmin etməlidir. 2017-2020-ci illərdə çimərliklərin akvatoriyalarında, çimərliklərarası sahələrdə su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqları normalara uyğun olaraq yaradılacaq. Çimərlik operatorları əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görülməlidir. Yerli icra hakimiyyəti orqanları isə 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələrinin quraşdırılması, həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görülməsini təmin etməlidirlər.
NORMATİV-HÜQUQİ AKTLARIN TƏLƏBLƏRİNİ POZAN HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN İNZİBATİ MƏSULİYYƏTİNİ MÜƏYYƏN EDƏN QANUN LAYİHƏSİ HAZIRLANACAQ
Zəngin resurslara malik olan bir dənizdə ekoloji vəziyyətin normallaşdırılması da əsas məsələlərdəndir. Belə ki, Xəzərə axan çaylar vasitəsilə gələn çirkləndiricilər, sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən olan çirklənmə və s. buna səbəb olan amillərdir. Tədbirlər Planına uyğun olaraq, Azərbaycanda 2017-2020-ci illərdə çimərliklərdə ətraf mühitin mühafizəsinə dair kompleks tədbirlər həyata keçiriləcək. Bu il çimərliklərin mühafizəsi sahəsində normativ-hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlanacaq.
Tədbirlər Planına görə, çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyəti məhdudlaşdırılacaq. Fövqəladə Hallar Nazirliyi 2017-2020-ci illərdə çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir. Nazirlik bu müddət ərzində, çimərlik operatorları ilə müqavilə əsasında su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə və su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizminin yaradılması ilə bağlı tədbirlər görməlidir.
Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir. Bu gün Azərbaycanda turizm sahəsinə ayrılan diqqət bu sahənin inkişafına güclü təkan göstərir.
Nəzakət ƏLƏDDİNQIZI