Düşmən, Azərbaycanın verəcəyi yeni dərslərdən vahiməyə düşüb və təlaş keçirir
Düz bir il öncə - aprel ayının əvvəllərindən başlayaraq təcavüzkar Ermənisanın və separatçı "DQR"in silahlı birləşmələri Azəraycana qarşı növbəti təxribat-diversiya cəhdləri vasitəsi ilə mənəfur işğalçılıq siyasətlərini davam etdirməyə çalışdılar. Düzdür, bənzər təxribatçı cəhdlər atəşkəs dövrü davamlı olaraq baş verirdi, lakin bu dəfə düşmənin burnunu ovaraq ona öz yerini göstərəməyin tam zamanı idi. Çünki düşmənin həyasızlığı getdikcə daha da artır və Qarabağ cəbhəsində bu həyasızlığın kökünün kəsilməsi vaxtı çatmışdı.
İşğal altında olan minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi!
Məhz bu baxımdan, düşmənin təxribatlarına cavab olaraq, şanlı Azərbaycan əsgəri aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisini azad etdi. Nəticədə, işğal altında olan minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi, 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Döyüşlər gedən vaxt paytaxt Bakı olmaqla ölkəmizin bütün regionlarında üçkolorumuz - şanlı Azərbaycan bayrağı hər addımda qələbə müjdəsini verirdi. Xüsusilə, gənclərimiz "AZƏRBAYCAN!" şüarları ilə xalqımızda yaranan böyük ruh yüksəkliyinin bariz təcəssümünə çevrilmişdi. Azərbaycan dövləti öz hüququndan istifadə edərək, işğal altındakı torpaqların azad edilməsi istiqamətində möhkəm qətiyyətini ortaya qoymuşdu.
Qələbə və zəfər faktoru - dövlətin əsgər və zabitlərə qayğısı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi
Əlbəttə, burada qətiyyətli qərarın verilməsi və cəbhədəki nəzarət balansının, o cümlədən, güc balansının kimin tərəfində olduğunu sübuta yetirməyin tam zamanı idi və söz yox ki, müdrik və qətiyyətli Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bu məsələdə verdiyi tarixi qərar hər bir azərbaycanlıda inam hissini oyatdı. Onun da dəfələrlə vurğuladığı kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Bu baxımdan, xüsusilə, qeyd olunmalıdır ki, aprel döyüşlərində qazanılan zəfər Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.
Prezident İlham Əliyev: "Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək"
Hələ ötən ilin noyabrında Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsində, azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən, böyük fəxarətlə deyirdi: "Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır".
Bəli, ermənilərin uzun illər formalaşdırdıqları stereotiplər bir neçə gündə alt-üst edildi. Bu gün düşmən hələ də qarşılaşdığı ağır və acı məğlubiyyətin təsirindən çıxmağı bacarmır. Ermənistanın hakim rejimi müxtəlif bəhanələr və siyasi gedişlərlə aprel həqiqətlərini nə qədər unutdurmağa çalışsa da, reallıq bütün bu cəhdləri puç edir. Eləcə də, Ermənistan tərəfi yaxşı anlayır ki, əgər yenidən bənzər addımlara gedilsə, növbəti aprel həqiqətlərini yaşamalı olacaq.
Aprel qəhrəmanlarımız...
Bu gün aprel döyüşlərində dövlət başçısının təltif etdiyi qəhrəmanlarımız da var. Onlar mənfur düşmənə millətimizdə əsrlər boyu formalaşmış şücaət dərsi verərək, bir daha Azərbaycan əsgərinin gücünü nümayiş etdiriblər. Lələtəpə uğrunda sağ ayağını itirmiş və bir neçə yara almış sabiq hərbi hissə komandiri, polkovnik-leytenant Elşən Qarayev (ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub), hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, "İgidliyə görə" medalına layiq görülmüş polkovnik-leytenant Seymur Həbibullayev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyar Əliyevin oğlu, mayor Emin Əliyev, düşmənin 10-dək tank, zirehli texnika və avtomobilini məhv etmiş, "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif olunmuş batareya komandiri, kapitan Mirdamət Bağıyev, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki vermiş tank komandiri, baş gizir Paşa Mehdiyev və başqaları hər birimizin fəxrimizdirlər.
Aprel şəhidlərimiz...
Təəssüf ki, müharibə itkisiz olmur və aprel savaşlarında öz həyatlarını Vətən uğrunda verən oğullarımız da var ki, onlar şəhidlik şərbətini dadıblar. Onların hər biri - baş leytenant, Mİ-24 helikopterinin ekipaj üzvü Bəkir İsmayılov, Mİ-24 ekipajının üzvü, mayor Urfan Vəlizadə, Mİ-24 ekipajının ekipaj üzvü mayor Müsazadə Təbriz Tariyel oğlu, əsgər Rəvan İsmayıl oğlu Quliyev, MAHXQ Ruhin Qəhrəmanov, əsgər Samir İzayəddin oğlu Kaçayev, əsgər Mehrəliyev Sarvan Natiq oğlu, əsgər Əliyev Orxan Məhəmməd oğlu, mayor Əliyev Elnur Adil oğlu, MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, Gizir Səfərov Elmdar Səlimxan oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu, əsgər Muradov Rizvan Telman oğlu, zabit Həmidov Orxan Ənvər oğlu, MAHXQ Qarayev Dilsuz, əsgər Novruzov Fərahim Nadir oğlu, əsgər Bağırov Sərxan Azər oğlu, əsgər Mirzəyev Nurəddin Etimad oğlu, mayor Məmmədov Rasim Əbdül oğlu, polkovnik Orucov Raqub Cahangir oğlu, MAHXQ Əlvan Hüseynov, əsgər Bayramov Sərxan Oqtay oğlu, əsgər Orucov Müşfiq Arif oğlu, əsgər Dəmirov Orxan Zeynal oğlu, MAHXQ Hümmətov Orxan, əsgər Qasımov Teymur Mikayıl oğlu, əsgər Müstəcəbov Orxan, MAHXQ Qaibov Elvin Sədrəddin oğlu, məhz fədakarlıqlar göstərərək, düşmən qarşısında əyilmədilər.
Düşmənin Cocuq Mərcanlı qorxusu
Yeri gəlmişkən, dördgünlük müharibə zamanı yuxarıda qeyd edilən, Lələtəpə yüksəkliyi də daxil olmaqla, Azərbaycan Ordusu strateji əhəmiyyət daşıyan digər mühüm yüksəklikləri işğaldan azad etdi və Cocuq Mərcanlı kəndi erməni təhdidindən tamamilə xilas oldu. Bu savaşda işğalçı Ermənistan və "DQR" separatçıları 350 əsgər itirdi və 500 əsgəri yaralandı.
Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad olunan Cocuq Mərcanlı kəndində məskunlaşma başlayıb. Kəndin infrastrukturu yenilənir və orada yeni evlər tikilir, yollar çəkilir. Bu isə, o deməkdir ki, Azərbaycan əsgəri çox yaxın zamanlarda öz qələbə və zəfər yolunu davam etdirərək, işğal altında qalan digər ərazilərimizi də düşmən tapdağından azad edərək, üçrəngli bayrağımızı Xankəndidə ucaldacaq. Görünür, bu səbəbdən, artıq bir neçə müddətdir ki, Ermənistanda panika yaşanır. Düşmən apreldə aldığı Azərbaycan dərsini hələ uzun illər unutmayaraq, alacağı yeni dərslərdən vahiməyə düşüb, təlaş keçirməkdə davam edir!
Rövşən NURƏDDİNOĞLU
Məşhur yunan həyat hiyləgərliyi otaqdakı temperaturu aşağı salmağa kömək edir...
Yerli yeməklərə öyrəşmək çətin idi, onlar çox dadsız görünür...