Səbail rayon icra hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə ötən il keçirilmiş "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda elmi-praktik konfransda çıxışlar əsasında kitab hazırlanması qərara alınmışdı. Mart soyqırımının ildönümü günlərində isə təşkilatçıların birgə hazırladığı "Azərbaycanlıların soyqırımı" adlı kitab işıq üzü görmüşdür. Milli Azərbaycan Tarixi Muzeyində kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirin əvvəlində iştirakçılar və qonalar rayon məktəblilərinin və gənc rəssamların soyqırımla bağlı çəkdikləri rəsmlərin sərgisi ilə tanış olmuşlar.
Təqdimat mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır: "Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada "Böyük Ermənistan" yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar."
E.Əzizov onu da bildirmişdi ki, Ulu Öndərin ideya və əməllərini yaşadan, dünyada yeni tipli lider kimi tanınan, bugünkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir: "Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir."
Daha sonra çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışaraq qeyd etmişlər ki, çap olunmuş kitab uzun illər boyunca mənfur qonşularımızın azərbaycanlalara və digər xalqlara qarşı törətdikləri soyqırımların dərindən və hərtərəfli öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Kitab gələcək nəslin tariximizi daha dərindən öyrənmələri, onların maarifləndirilməsi istiqamətində mühüm rol oynayacaqdır.
Rayonun 163 nömrəli tam orta məktəbinin direktoru Sevil Cavadova məktəb kollektivi adından kitabın ingilis dilinə tərcümə edilməsi və bu işin məktəb kollektivinə həvalə olunması təklifini irəli sürdü.
RƏFİQƏ KAMALQIZI