PDF Oxu

Sosial

  • 1 684

Azərbaycanda çəkilən seriallar real həyatı əks etdirirmi?

Azərbaycanda çəkilən seriallar real həyatı əks etdirirmi?

Müasir, qloballaşan dünyada, informasiya texnologiyalarının inkişaf etdiyi 21-ci yüzillikdə milli-mənəvi dəyərləri, əxlaqi- estetik gözəllikləri və mənəviyyatı qorumaq əsas məsələlərdən biridir. Təbii ki, Azərbaycan dövləti xalqın milli-mənəvi dəyərlərinin, milli şüurunun, milli düşüncəsinin qorunması istiqamətində əvəzsiz işlər görür. Milləti qorumaq üçün milli düşüncəni, milli adət-ənənələrin kökünün qoruması daim diqqətdə saxlanılır. Sözsüz ki, milli-mənəvi dəyərlərimizin inkişafında mədəniyyət və incəsənətin də rolu müstəsnadır. Bu sahələri professional sənət nümayəndələri tarixin dönəmlərində inkişaf etdirib, milli mənlik şüurunun formalaşmasında mühüm addımlar atılıb. Azərbaycan milli mədəniyyət və incəsənətinin böyük simaları kimi tanıdığımız, sənət tariximizə töhfələr vermiş sənətkarların bir çoxu bu gün əbədiyyətə qovuşsalar da, onların yaradıcılıq irsi zaman məsafəsində yüksək qiymətləndirilir və sənət qalereyaları nəsildən-nəsilə ötürülür.

Azərbaycan milli kino sənətində də yüksək bir tonla ismini sevərək vurğuladığımız, yaratdığı obrazlarda həmişə bütöv olan Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Həsən Turabov, Həsən Məmmədov, Leyla Bədirbəyli, Nəcibə Məlikova və neçə-neçə belə istedadlı aktyorlarımız özünəməxsusluqları ilə sənət tarixinin yaddaşına köçüblər.

Bəli, kino çətin sənətdir və burada bir çox komponentlər birləşmiş olur. Abbas Mirzə Şərifzadə deyirdi: "Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir. Lakin bütün bunlar ayrı-ayrılıqda bir-birinə biganə olaraq qalmır və birləşərək filmə axıb gəlir. Hər biri onun orqanik üzvü olur." Bəs görəsən, müasir dövrümüzdə çəkilən seriallarda bu komponentlər gözəl filmin ərsəyə gəlməsinə yol açırmı? Kino sənəti tarixinə malik olan Azərbaycanda bu gün çəkilən bir sıra filmlərdə - seriallarda rejissor, ssenarist, aktyor işi bu günün tamaşaçısını razı salırmı? Mövzu ilə əlaqədar bu sahənin tanınmış simalarından bir neçəsinin fikirlərini öyrənməyi özümüzə borc bildik.

"TAMAŞAÇINI GÜLDÜRMƏYİ, DÜŞÜNDÜRMƏYİ, KƏDƏRLƏNDİRMƏYİ BACARAN, SƏNƏT ÜÇÜN YARADAN AKTYORLARA ROL VERİLMƏLİDİR"

Əməkdar incəsənət xadimi, kinotədqiqatçı Aydın Kazımzadə serialların çəkilməsinin Azərbaycanda yeni bir sahə olduğunu bildirdi. Amma bu filmləri necə çəkmək, məqsəd nədir, - sualı qarşıda dayanır: "100, 250, yaxud 500 seriyalı filmi çəkmək şərt deyil. O, filmlərdən yalnız bir neçəsinin yadda qaldığını düşünmək lazımdır. Filmdə, ilk olaraq, ssenari inandırıcı olmalıdır, amma təəssüf ki, hadisələrin əksəriyyəti quramadır. Mən belə fikirləşirəm ki, bu filmlər üçün ssenari axşam yazılır və səhər çəkiliş edilir. Filmlərdə ssenari yox dərəcəsindədir. Çox aşağı səviyyədə, dar çərçivədə olan məişət filmləri yaradılır. Filmlərdə qlobal problem yoxdur. Maraqlıdır ki, bütün yaradıcılar - hər kəs də özündən razıdır ki, mən şedevr yaratdım.

Rejissor işinə gəlincə isə yetərincə deyil. Onların aktyorlarla işləmədikləri aydın hiss olunur. Filmlərdə kim necə istəyir danışır və obraz yaradır. Həsən Seyidbəyli, Tofiq Tağızadə kimi rejissorlarımız aktyor üzərində işləyir, göstəriş verirdilər. Fəlsəfi mahiyyət kəsb edən, məzmunlu əsərlər ssenariləşdirilirdi. İnsan protiplərini, fərdi taleləri kinoya gətirən, ictimai hadisələrə məntiq və ağıla, təmkinlə yanaşan, eləcə də, cəmiyyətdə doğan nüansları sadə, anlaşıqlı şəkildə təqdim edən rejissorlarımız var idi. İstedad sahibi olduqlarından milli kinomuza möhürlərini vurdular. Filmlərlə yaşayıb, onlara həyatın rəngini verdilər".

Seriallarda qanun pozuntularının baş alıb getdiyi də hər kəsdə təəccüb doğurur. Belə təsəvvür yaranır ki, Azərbaycanda öldürülən insanın sahibi yoxdur və cinayətkar heç bir qanun qarşısında cavabdeh deyil. Məsələn, "Sən olmasaydın. Qisas" serialında baş qəhrəman güllələnir və onu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirirlər. Xəstəxana isə onu sorğu-sualsız qəbul edir və o, hüquq-müfahizə orqanlarına məlumat verilmədən reanimasiya şöbəsinə yerləşdirilir. Sonrakı mərhələdə də belə laqeyd münasibətlər diqqətdən yayınmır. Kino tədqiqatçısı məsələ ilə bağlı bildirdi ki, hələ sovet dövründə yaşadığımız illərdə Türkiyədə istehsal olunun filmləri Azərbaycana gətirəndə, baxırdıq ki, burada, əsasən, atışmalar var. Təəccüblənirdik: "İndi bizim seriallarda da obrazların, demək olar ki, hər birində tapanca başqa silah var. Amma real həyatda ətrafımda olan insanlarda silahın olmasına rast gəlmirəm. Adam öldürmək filmlərdə adi bir işə çevrilib. Xəstəxananın reanimasiya şöbəsinə kim istəyir içəri daxil olur, kim-kimi istəyir öldürür. Amma real həyatda həkimdən başqa reanimasiya şöbəsinin qapısını açmağa kiməsə icazə verilirmi? Hərəkətlərində çox sərbəstdirlər, amma qayda-qanuna əməl etmək, deyəsən, yadlarından çıxıb. Odur ki, senzura olmalıdır. Bunlar biabırçılıqdır. Efirdə yayımlanan filmlərdən yeganə "Vicdan haqqı"nı bəyənirəm. Serial faktlar əsasında çəkilib. "Məryəm" serialında filmin qəhrəmanları küçələri gəzir. O gedir, o biri ilə rastlaşır. Heç kim işləmir, bekar gəzirlər. Əsas obraz olan Məryəm qisas almaq üçün ikinci dəfə ailə həyatı qurmağa çalışır. Məgər qisas almaq üçün yenidən ailə qurmağa ehtiyac varmı?

"Qardaşlar" və "Bacanaqlar" tipli filmlərə gəlincə isə mən onlara, ümumiyyətlə, baxmıram. Bu, biabırçılıqdır. İstedadı olmayan "sənət ustalarına", onların zövqsüz və bayağı ifalarına yer verilməməlidir.

Maraqlıdır ki, indi müğənnilər, aparıcılar lağlağı edərək, filmlərdə obraz "yaradırlar". Tamaşaçını güldürməyi, düşündürməyi, kədərləndirməyi bacaran, sənəti üçün yaradan aktyorlara rol verilməlidir. Ali təhsilli mütəxəssislər yetişdiyi bir halda, qeyri-professionallar, naşılar filmlər çəkir və obraz yaradırlar.

Bütün bu və ya digər hallar yetişən nəslin formalaşmasına təsirsiz qalmır və insan psixologiyasına mənfi təsirini göstərir".

"MADDİYYATA NƏYİSƏ QURBAN VERMƏK OLMAZ, SƏNƏT HƏR ŞEYDƏN ÜSTÜNDÜR"

Azərbaycanın xalq arisitsi, Prezident təqaüdçüsü, Milli Akademik Teatrın aktyoru Rafiq Əzimov peşəkar bir aktyor olaraq, bildirdi ki, kino yazıçı, ssenarist, rejissor və aktyordan çox asılıdır. Azərbaycan kino sətnətinin 60-cı ilərin sonu, 70-ci ilərin əvvələrində yeni inkişaf dövrü başlayıb. "Bizə tez-tez sual verilir ki, sizin vaxtı ilə çəkildiyiniz filmlər indi niyə çəkilmir?" - deyən R.Əzimov Azərbaycanda ilk dəfə çəkildiyi filmin "Yeddi oğul istərəm" olduğunu bildirdi:"Azərbaycana gələn fransalı rejissoru Tofiq Tağızadə evinə qonaq aparır və o, divardan asılan bizim filmdə çəkildiyimiz yeddi aktyorun şəklini görür və sual edir ki, bu aktyorlar hansı ölkələrdən dəvət alıblar. Tofiq müəllim isə bildirib ki, onların hər biri azərbaycanlı aktyorlardır. O zaman rejissor aktyorla sınaq çəklişləri edirdi. Bütün imkanları yoxlanılırdı. Günlərin, ayların yorğunluğu, gərginliyin nəticəsi olaraq, sonda gözəl filmlərin təqdimi bu mənəvi sarsıntı və yorğunluğa nöqtə qoyurdu. Bu gün neçə-neçə filmlərimizə baxanda, bu və ya digər sənət fədailərinin sənət yanğısı ilə necə yaşadıqlarının şahidi oluruq. Ona görə də, yaxşı film uzunömürlü olur və tarixə səs salır. Cəmiyyətdə baş verən hadisələri işlandırmaq lazımdır. Melodrama getmək yox, hadisələri axtarmaq lazımdır. Çox çalışmaq və lazımdır ki, gözəl iş alınsın. Güclə, hökmlə iş alınmaz. Rejissor aktyorun istedadını nəzərə alaraq, ona rol verməlidir. Xarici filmlərdəki kimi "vurdu, atdı, yıxdı" formasında olmasın. Bizim gözəl aktyor nəslimiz var. Maddiyyata nəyisə qurban vermək olmaz, sənət hər şeydən üstündür.

Bugünkü tamaşaçı dünənin tamaşaçısı deyil və onu aldatmaq olmaz. Mən nikbinəm və inanıram ki, yenidən Azərbaycanda gözəl və dəyərli filmlərimiz çəkiləcək. Necə deyərlər "Su gələn arxa bir də gələr". Gözəl, istedadlı yaradıcı gənclər çoxdur və onları düzgün istamətləndirmək lazımdır. Müəllimlərimiz bizə deyirdi ki, yaxşı çalışın, biz istedada istiqamət veririk. Azərbaycan xalqı istedadlı xalqdır. Mən arzu edirəm ki, bizim filmlər "Oskar"a layiq görülsün".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər