PDF Oxu

Sosial

  • 3 355

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları"

image

Bu mövzuda "Səs" qəzetində Azərbaycanda fəaliyyət göstərən islam ölkələrinin səfirlərinin, eləcə də, hökumət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirildi

"Səs" qəzetinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və IV İslam Oyunlarına həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili, professor Ağacan Abıyev, Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimi, Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov, İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani, Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Mafəddin Hümmətov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin məsləhətçisi Darxan Kuşerbayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin marketinq şöbəsinin rəhbəri Tural Qəmbərov, "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəyli, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülər üzrə baş meneceri Əfsun Qurbanov iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, artıq may ayının 12-də ölkəmizdə "IV İslam Oyunları 2017" start götürəcək: "Bu oyunlar Azərbaycanda təkcə idman yarışması kimi deyil, eyni zamanda, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması kimi də tarixə düşəcək. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar idman yarışması olsa da, müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında birlik və həmrəyliyin güclənməsində rol oynayacaqdır. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, ölkəmiz üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, oyunlara bütün hazırlıq işləri başa çatıb, paytaxtımız qonaqları qarşılamağa və oyunları keçirməyə hazırdır. Aprelin 5-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi".

Azərbaycan dövlətinin, ölkə başçısı Cənab İlham Əliyevin ardıcıl olaraq ölkəninin bütün sahələrinin inkişafı üzrə islahatlar həyata keçirdiyini, dövlət proqramları qəbul etdiyini vurğulayan baş redaktor idman sahəsinin də hər zaman diqqətdə saxlanıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb: "Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Artıq Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycanda hökm sürən sabitlik, iqtisadiyyatın sürətli inkişafı, qayğı beynəlxalq yarışların Azərbaycanda keçirilməsini dəstəkləyən amillərdir. Zaman irəlilədikcə, 4-cü İslam Həmrəyliyi Oyunlarınının keçiriləcəyi tarix yaxınlaşır.

Maraqlıdır ki, Azərbaycanda görülən işlər kənarda necə təsir bağışlayır. Ağacan müəllim, ilk olaraq sualı sizə ünvanlayırıq, Azərbaycanın bu oyunlara hazırlıq prosesi yetərincəmidir və IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız hansı yerlərə sahib ola bilərlər?

İSLAM HƏMRƏYLİYİ OYUNLARI ÜMUMDÜNYA OLİMPİYA OYUNLARININ FƏLSƏFƏSİNDƏN VƏ İDEOLOGİYASINDAN GERİ QALMIR

AĞACAN ABİYEV:

- Ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayır. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır. Heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən və ideologiyasından geri qalmır. Beynəlxalq Olimpiya Hərəkatının fəlsəfəsi və ideologiyası ilə üst-üstə düşür. "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazacaq.

Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanırdı. İlk oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı-2015" ilk Avropa Oyunları yüksək səviyyədə təşkil olundu və tarixi qələbə qazanıldı. İdmançılarımızın uğuru əvəzsiz oldu. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. Sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. Avropa və islam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir.

Bu oyunlar ilk Avropa Oyunlarından heç də geri qalmır və böyük əhəmiyyət kəsb edir.

BƏHRUZ QULİYEV:

- Müasir dünyamızda dünyəvi dövlət olan Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq qalan dövlətə çevrilib. Öz əqidəsinə və milli dəyərlərinə sadiq dövlət olaraq, təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını və müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Bugünkü tədbirdə Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimi də iştirak edir. Sizcə, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə, islam dünyasının bir araya gəlməsində vasitəçilik missiyasına hansı töhfələri vermiş olacaq?

AZƏRBAYCANIN IV İSLAM HƏMRƏYLİYİ OYUNLARINI KEÇİRƏN GƏNC, DÜNYƏVİ DÖVLƏT QİSMİNDƏ GÖRMƏKDƏ FƏXR EDİRƏM

NASİR ƏBDÜL KƏRİMİ:

- İlk olaraq, bu gün IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş dəyirmi masaya məni dəvət etdiyinizə görə, sizə təşəkkürümü bildirirəm. Bu gün dünyada islam həmrəyliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Azərbaycan islam aləminin mühüm bir hissəsidir. Bu oyunların Azərbaycanda keçirilməsinin bir çox müsbət tərəfləri var. İlk olaraq, deyim ki, özünün mədəniyyəti, tarixi ilə fəxr edən müsəlman ölkəsi Azərbaycan dünyəvi bir ölkədir və tolerant, multikultural dövlət olaraq, dünyaya açıqdır və islamın əsl ruhunu göstərir.

Azərbaycan dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa töhfələrini verir, sülsevər siyasət yürüdür. Biz Azərbaycanda bunun şahidi oluruq və müxtəlif xalqların, dinlərin nümayəndələrinin dostluq və qardaşlıq, həmrəylik, sülh, sabitlik şəraitində yaşadığını görürürük. Bu xalqların nümayəndələri də Azərbaycanın daha da inkişaf və tərəqqi etməsi üçün çiyin-çiyinə çalışırlar. İslam Həmrəyliyi Oyunlarının iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan islam ölkələri arasında əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur.

IV İslam Həmrəyliyi Oyunlarının müstəqil və gənc dövlət olan Azərbaycanda təşkili, bu ölkənin müsəlman dünyasına verdiyi töhfədir. Digər tərəfdən isə, qeyd edim ki, Azərbaycan idman ölkəsidir və dünya miqyasında imic qazanıb. Biz fələstinli olaraq Azərbaycanın dünyada idman sahəsindəki nüfuzunun yüksək səviyyədə olduğunu bilirik. 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında da biz Azərbaycanın uğurlarının şahidi olduq. Azərbaycan Avropa ölkələri ilə müqayisədə Oyunlarda Rusiyadan sonra ikinci yerə sahib oldu. Təbii ki, Azərbaycanın bu sahədə tarixi nailiyyəti var. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin idman sahəsinə ayırdığı diqqət və qayğı nəticəsində, Azərbaycan idman sahəsində böyük uğurlar qazanıb və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezident İlham Əliyevin uğurla həyat keçirdiyi idman siyasəti ölkənizin bu sahədə nailiyyətlər qazanmasına gətirib çıxarıb. Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi, eləcə də, bu uğurların əldə olunması Azərbaycanın gücünün göstəricisidir. Avropa Oyunları keçirilən zaman ölkənizdəki bütün diplomatlar Azərbaycanın belə möhtəşəm oyunlara ev sahibliyi etməsini və uğurla başa vurmasını yüksək qiymətləndirdilər. Təşkilatçılıq işlərinin yüksək olması, infrastruktur, açılış və bağlanış mərasimlərinin möhtəşəliyi ilə yadda qaldı.

Bütün bunlar Azərbaycanın dinamik iqtisadi və sosial inkişafını təsdiq edir, eləcə də, ölkənin müstəqillik əldə etməsindən etibarən müxtəlif sahələrdə qazandığı tərəqqi və uğurlardan xəbər verir. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın real həyatını nümayiş etdirməsi baxımından da vacib platformadır. Azərbaycan tədbirin möhtəşəm keçirilməsi üçün çox səy göstərir. Əminəm ki, bu oyunlar, ölkədə daha əvvəl təşkil edilmiş beynəlxalq tədbirlərdə gördüyümüz kimi, yüksək səviyyədə keçiriləcək. Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarını keçirən gənc, dünyəvi dövlət qismində görməyimlə fəxr edirəm və belə bir tədbirin keçirilməsi münasibəti ilə sizi və özümü təbrik edirəm.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında nə qədər fələstinlinin iştirakına gəlincə isə, bildirim ki, mənə verilən məlumata əsasən, idmançılarımızın ümumi sayı 100-ə qədərdir.

BƏHRUZ QULİYEV:

- Yaxşı olardı ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırıq prosesi haqqında Tural Qəmbərov məlumat versin.

İSLAM HƏMRƏYLİYİ OYUNLARINDA İŞTİRAK EDƏCƏK 57 ÖLKƏ TƏSDİQLƏNİB VƏ BU, ƏN REKORD GÖSTƏRİCİDİR

TURAL QƏMBƏROV:

- "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq yüksək səviyyədə davam edir. Artıq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 57 ölkə təsdiqlənib və bu, ən rekord göstəricidir. Oyunlarda, ümumilikdə 8 minə qədər könüllü iştirak edəcək. Oyunların açılış və bağlanış mərasimlərinə hazırlıq işləri aparılır. Aprelin 5-də start götürən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvanda, sonra Azərbaycanın digər 14 şəhərində də davam etdiriləcək. Bununla bərabər, idman tədbirləri də keçiriləcək, yeniyetmə və gənclər arasında məlumat xarakterli maarifləndirmə işləri aparılacaq. Bütün hazırlıq işləri ardıcıllıqla davam etdirilir.

Yarışların keçiriləcəyi idman məkanları isə, artıq hazır vəziyyətdədir. İdmançılarımızla birgə işləyirik. IV İslam Həmrəyliyi Oyunları üçün 14 idmançı səfir seçilib. Onların sırasında Azərbaycanın Olimpiya və Avropa çempionları var. Onlar uşaqlara idmana həvəsi aşılayaraq, islam fəlsəfəsindən irəli gələn sağlam həyat, sağlam bədən, idmanda və idmandan kənarda də ədalətçilik prinsiplərini təbliğ edirlər.

Bu oyunların yüksək səviyyədə təşkil olunması və keçirilməsi islam ölkələri arasında əlaqələri gücləndirəcək və bütün dünyaya bir daha nümayiş olunacaq ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına layiqincə ev sahibliyi etməklə müstəqillik tarixinə daha bir şanlı səhifə yazmış olacaq.

(Ardı var)

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər