Erməni politoloq: "Nazarbayevin Bakı səfərindən narahatıq"
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakı səfəri rəsmi Yerevanı əməlli-başlı narahat edib. Hətta narahatçılıq o səviyyədədir ki, bununla bağlı erməni KİV-lərində yazılar tirajlanır, rəsmi koridorlarda gərgin müzakirələr gedir. Nursultan Nazarbayevin Ermənistanla bağlı tutduğu ədalətli, qətiyyətli mövqe Sarkisyan rejimini narahat etməyə bilməzdi. Hələ Yerevanın 2016-cı ilin aprelindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katibliyə öz namizədini irəli sürməsi məsələsinin iflasa uğramasında N.Nazarbayev faktorunun mühüm rol oynamasını işğalçı ölkədə həzm edə bilmirlər. Ermənistanın KTMT-nin baş katibliyinə seçilməsi terrorizmə açıq şəkildə dəstək verməkdir. Azərbaycanın apardığı uğurlu xarici siyasət Ermənistanı tamamilə təcrdi vəziyyətinə salıb. Ermənistan regional və bəşəri əhəmiyyəti olan, birbaşa Azərbaycanın əməyi ilə reallaşan, dünyaya sülh, inkişaf və əmin-amanlıq vəd edən bütün layihələrdən kənarda qalmışdır. İşğalçı siyasətini bu gün də davam etdirən Ermənsitan cəbhə xəttində dinc əhalinin yaşadığı kəndləri güllə-baran edir. Bununla da özünün, əslində, sülhə meyilli olduğunu deyil, terrorçu mövqeyini nümayiş etdirmiş olur.
Qazaxıstan prezidenti N.Nazarbayevin Bakıya rəsmi səfəri bir neçə baxımdan Ermənistanda dərin narahatlıq yaradır. Erməni siyasilər, deputatlar, ictimai-siyasi fəallar, hətta dövlətin sözünü deyən şəxslər, açıq şəkildə etiraf edirlər ki, Azərbaycan-Qazaxıstan dostluğunun daha da möhkəmlənməsi Ermənistana yaxşı heç nə vəd etmir. Ermənistanda fəaliyyət göstərən "Qafqaz" İnstitutunun direktor müavini Sergey Minasyan yazır: "Nazarbayevin Bakı səfəri həm də Ermənistana ünvanlanan diplomatik jestdir. Narahat olmalı məqamlar çoxdur. Biz yollar fikirləşməliyik". Ermənistan prezidenti Serj Sarkisyana yaxın məmurların maliyyələşdiridiyi "Qafqaz" İnstitutunun rəsmi şəxsinin fikirləri göstərir ki, həqiqətən də, düşmən dövlət təşviş içindədir. Bu təşviş isə əsassız deyil. Çünki ötən ilin aprel müharibəsindən sonra Yerevanda keçirilməsi planlaşdırılan toplantı, məhz KTMT-dəki Azərbaycanın müttəfiqlərinin ədalətli davranışları səbəbindən baş tutmamışdı. Oktyabrdakı Yerevan toplantısına (Ermənistanın sədrliyi ilə keçirilən) N.Nazarbayev Qazaxıstanın baş katibi Karim Masimovu yollamışdı. Beləliklə, baş katib postunda Nikolay Bordyujanı Ermənistan nümayəndəsi ilə əvəzləmək planı o vaxtdan, məhz Qazaxıstan və Belarus liderlərinin prinsipiallığı nəticəsində reallaşmır. Beləliklə, aprel döyüşlərinin ardınca ermənilər daha iki zərbə alıb: KTMT-dəki rotasiyalı baş katiblikdən məhrum edilib, üstəlik, Belarus Yerevanın hay-küyünə baxmayaraq, Aleksandr Lapşini Bakıya təhvil verib.
Samir