Bu mövzuda "Səs" qəzetində Azərbaycanda fəaliyyət göstərən islam ölkələrinin səfirlərinin, eləcə də, hökumət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirildi
(Əvvəli ötən sayımızda)
"Səs" qəzetinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və IV İslam Oyunlarına həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili, professor Ağacan Abıyev, Fələstin dövlətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimi, Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov, İndoneziya Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani, Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Mafəddin Hümmətov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin məsləhətçisi Darxan Kuşerbayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin marketinq şöbəsinin rəhbəri Tural Qəmbərov, "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəyli, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülər üzrə baş meneceri Əfsun Qurbanov iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, artıq may ayının 12-də ölkəmizdə "IV İslam Oyunları 2017" start götürəcək: "Bu oyunlar Azərbaycanda təkcə idman yarışması kimi deyil, eyni zamanda, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması kimi də tarixə düşəcək. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar idman yarışması olsa da, müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında birlik və həmrəyliyin güclənməsində rol oynayacaqdır. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, ölkəmiz üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, oyunlara bütün hazırlıq işləri başa çatıb, paytaxtımız qonaqları qarşılamağa və oyunları keçirməyə hazırdır. Aprelin 5-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi".
Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq, ölkəninin bütün sahələrinin inkişafı üzrə islahatlar həyata keçirdiyini, dövlət proqramları qəbul etdiyini vurğulayan baş redaktor idman sahəsinin də hər zaman diqqətdə saxlanıldığını qeyd etdi. Prezident İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb: "Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Artıq Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycanda hökm sürən sabitlik, iqtisadiyyatın sürətli inkişafı bu sahəyə göstərilən dövlət qayğısı beynəlxalq yarışların Azərbaycanda keçirilməsini dəstəkləyən amillərdir. Zaman irəlilədikcə, IV İslam Həmrəyliyi Oyunlarınının keçiriləcəyi tarix yaxınlaşır.
BƏHRUZ QULİYEV:
- Bugünkü dəyirmi masada Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz iştirak edir və maraqlıdır, bəs Türkiyə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşır?
AZƏRBAYCAN IV İSLAM HƏMRƏYLİYİ OYUNLARINI YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL ETMƏKLƏ BİRLİYİ VƏ BƏRABƏRLİYİ, DOSTLUĞU GÜCLƏNDİRƏCƏK
HƏMİD QARADƏNİZ:
- İdman ölkəsi kimi bütün dünyada şöhrət tapan Azərbaycan 2017-ci ildə islam ölkələrinin idman ictimaiyyətinə ev sahibliyi etməklə beynəlxalq idman arenasına daha bir tarixi səhifə yazacaq. Bu, müsəlman xalqlarının idman və tərəqqi mədəniyyətinin birlikdə nümayişində tarixi şansı yaradıb. Əminəm ki, böyük imkanlara və təcrübəyə malik olduğu üçün Azərbaycan "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında heyranedici nəticələr qazana biləcək.
Bu gün dünyada islama qarşı yalnış baxışlar var. İslam sülh, əslində, qardaşlıq dinidir və gözəlliyi, doğruluğu təqdim edir, pisliyi, yanlışlığı, çirkinliyi isə, əsla, aşılamaz. Onlardan uzaq durmağı tövsiyə edən din gənclər arasında da birliyin və həmrəyliyin daha da gücləndirilməsinə öz töhfələrini verir. Dünyaya birgəyaşama mədəniyyətini, tolerantlığı, irqi və dini ayrıseçkiliyə yol verməməyi mesaj olaraq göndərən Azərbaycanda bu cür oyunların keçirilməsi son dərəcədə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda tolerantlıq və multikultural dəyərlərinin müasir cəmiyyətdə müdafiə olunması üçün görülən tədbirlərin nəticəsidir ki, bu gün Bakı dialoq üçün unikal geosiyasi məkana çevrilib. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları islamın fəzilətini bir daha dünyaya bəyan edəcəkdir. Bütün sahələrdə - iqtisadi, mədəni və siyasi sahələrdə olduğu kimi, idman sahəsində də bu ələqələrin genişlənməsi islam ölkələri gənclərini daha sıx birləşdirəcək. Bu addımlar birlik və insanların həmrəyliyi yolunda mühüm əhəmiyyət kəsb edir. Bu birlik nə qədər möhkəm olarsa, islam dünyasına xarici qüvvələr də təcavüz edə bilməz. Nə qədər ki, parçalanma, nifaq olar, bu birliyə nail ola bilmərik. Bu gün dünyada müsəlman qanı tökülür və müsəlmanın canı gedir.
Onu da vurğulayım ki, Azərbaycanda mövcud olan siyasi vəziyyət, iqtisadi artım, eyni zamanda, idman sahəsinə ayrılan diqqətin nəticəsidir ki, beynəlxalq idman yarışlarını ev sahibliyi edir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi münasibəti ilə hər kəsi təbrik edirəm. Sözsüz ki, Türkiyədən də bu oyunlarda idmançılarımız iştirak edəcəklər. 155 qadın, 224 kişi idmançının "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirakı gözlənilir. Bu, islam dünyasının yarışması olduğundan, qardaşlığın uğuru ən yüksək medala layiqdir. Bu yarışlarda iştirakçılar dostluq və qardaşlıq qazanacaqlar.
Keçmişi olmayanın gələcəyi olmaz. Keçmişə baxdığımız zaman görürük ki, bizim kökümüz, tariximiz var, böyük mədəniyyətimiz var. Biz onları gənclərimizə aşılamalıyıq. IV İslam Həmrəyliyi Oyunların uğurla başa vurmaqda Azərbaycana uğurlar arzulayırıq və inanırıq ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməklə birliyi, bərabərliyi və dostluğu gücləndirəcək. IV İslam Həmrəyliyi Oyunları dünyaya islamın əsl simasını, fəlsəfəsini və prinsiplərini göstərəcək. Azərbaycan son illərdə bir çox mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Buna görə Azərbaycanı təbrik edirəm. Nəzərinizə çatdırım ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə Türkiyədə-İstanbulda keçiriləcək.
BƏHRUZ QULİYEV:
- Həqiqətən də, siz qeyd etdiyiniz kimi, müasir dünyada islama qarşı bir fobiya var. Bu, təkzibolunmazdır. Artıq bəzi Qərb ölkələrində, bu, ən kəskin bir şəkildə özünü göstərməkdədir.
Azərbaycan sülh, qardaşlıq dini olan islam dininə və islami dəyərlərə bağlı dövlətdir. Bütün islam dünyasını özündə birləşdirən IV İslam Həmrəyliyi Oyunlarında iştirak edənlər, bir daha dünyaya göstərəcəklər ki, islam sülh, qardaşlıq və dostluq dünyasıdır. Bu oyunlarda məğlub yoxdur və qalib islam dünyasının özü olacaq. Mən istərdim ki, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş ölkələrdən olan İndoneziya Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin fikirlərini dinləyək və maraqlıdır ki, bu ölkə hansı təkibdə idmançıları ilə oyunlarda iştirak edəcək.
İSLAM DÜNYASI VAR OLDUQCA BÜTÜN RƏNGARƏNƏGLİYİNİ DÜNYAYA NÜMAYİŞ ETDİRƏCƏK
HÜSNAN BƏY FANANİ
- İlk olaraq, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları"na həsr olunan dəyimi masaya məni də dəvət etdiyinizə görə, təşəkkürümü bildirirəm. İslam dünyası var olduqca bütün rəngarənəgliyini dünyaya nümayiş etdirəcək. Azərbaycan sözügedən oyunları təşkil etməklə islamın bütün gözəlliklərini dünyaya təqdim edəcək. Biz də islam ölkəsi olan Azərbaycandayıq. Deyim ki, dünyada ən vacib olan dörd amil vardır. Onlardan birincisi gözəl adət-ənənəyə, sivilizasiyaya malik olmaqdır. İkincisı ölkənin gənclərinin sağlam olmasıdır. Üçüncüsü intellektual səviyyənin yüksək olması və dünya elmlərinə yiyələnməkdir. Dördüncüsü isə azad fikir və addımların müstəqil olmasıdır. Bütün bu amillər Azərbaycanda var. Bu gün Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, inkişaf səviyyəsinə görə, öndə gedən dövlətlər sırasındadır. Nəinki texnologiyanın inkişafında, hətta elmin inkişafında da öz sözünü demişdir. Eyni zamanda, dostluğu, əmin-amanlığı və birliyi özündə birləşdirən sivil dövlətdir. Millətlərin birliyinə, bütün bəşəriyyətin dostluq və qardaşlığına töhfələrini verir. Biz bu gün dünyanın şimal, cənub, şərq və qərb tərəfindən islam adı altında bura - Xəzər dənizinin sahilində yığışmışıq. İlk insanların yaşadığı bir torpaqda. Nuh peyğəmbərin yaşadığı bir torpaqda. İnanırıq ki, Azərbaycan ilk Avropa Oyunlarında olduğu kimi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarını da müvəffəqiyyətlə başa çatdıracaq. Dünyanın hər bir yerindən islam ölkələrinin nümayəndələri bu oyunların uğurla başa çatması üçün dualarını əsirgəməyəcəklər. İndoneziyada bu oyunlar çox gözəl keçirildi. Ancaq Azərbaycanın böyük təcrübəsi var. Görürəm ki, ölkəniz IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığına daha diqqətlə yanaşır. Azərbaycan sivilizasiyanın inkişafı, mədəniyyəti və yüksək təşkilatçılıq qabiliyyəti ilə bütün dünyaya nümunəvi ölkə olduğunu göstərir. Azərbaycanda islami dəyərlərə, adət-ənənələrə böyük hörmətlə yanaşılır və Azərbaycan islamın əsl simasını əks etdirir.
Azərbaycan çox gözəl ölkədir və IV İslam Həmrəyliyi Oyunları tarixində də yeni səhifə açmış olacaq.
Hazırda mənə verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarında İndoneziyanı 160-200 idmançı təmsil edəcək.
2017-Cİ İLİN "İSLAM HƏMRƏYLİYİ İLİ" ELAN OLUNMASI İSLAM DÜNYASI TƏRƏFİNDƏN BÖYÜK RƏĞBƏTLƏ QARŞILANIR
AYCİGİT BURANOV:
- Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlmanların birliyinə töhfə olacaq. İslam həmrəyliyinin gücləndirilməsi məqsədilə Azərbaycan dövləti, ardıcıl olaraq, məqsədyönlü siyasət yürüdür. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və düşünülmüş siyasətinin məntiqi davamıdır. "İslam Həmrəyliyi İli" ilə bağlı imzalanan bu Sərəncam Cənab İlham Əliyev tərəfindən Azərbaycanın islam ölkələri arasında artan nüfuzunu daha da gücləndirərək, ümumilikdə, bütün dünyaya həmrəylik mesajı verdi. Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması islam dünyası tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan müstəqil dövlət siyasəti həyata keçirir və öz milli-mənəvi dəyərlərini qoruyur. Ölkənizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu birgəyaşayış başqaları üçün nümunədir. Belə bir dövlətdə bir neçə aydan sonra artıq İslam Həmrəyliyi Oyunlarına start veriləcək. Bu oyunların da, məhz "İslam Həmrəyliyi İli"ndə Azərbaycanda keçiriləmsi böyük bir addımdır. Bu, təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük hadisədir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin məntiqi olaraq həyata keçirilən bu hadisə Azərbaycanda tolerantlıq, multikultural dəyərlərə olan münasibətdən xəbər verir. Bu gün Azərbaycan dövləti sülhməramlı bir ölkə olaraq həmrəyliyə, dostluğa, birliyə və sülhə çağrışlar edir. Əsas hədəf təkcə islam ölkələrinin idmançılarını deyil, ictimaiyyətlərini də bir araya gətirməkdir. Oyunlar islam ölkələrinin dostluğunun və qardaşlığının simvoluna çevriləcək. Oyunlara ev sahibliyi edəcək qardaş ölkəyə uğurlar arzulayırıq.
(Ardı var)
Nəzakət ƏLƏDDİNQIZI