PDF Oxu

Sosial

  • 1 533

QARDAŞ TÜRKİYƏ REFERENDUMA DOĞRU

QARDAŞ TÜRKİYƏ REFERENDUMA DOĞRU

Qardaş ölkədə siyasi mühitin dəyişməsi daha hansı faktorları gündəmə gətirir?

Bu il yanvarın 9-da Türkiyədə səsvermə vasitəsilə keçirilən konstitusiya dəyişikliyi ilə bağlı təklifin maddələrinin müzakirəsinə keçilməsi məsələsi 338 səslə qəbul edilmişdi. Belə ki, konstitusiya dəyişikliyi ilə bağlı təklifin parlamentdə müzakirəyə çıxarılması üçün keçirilən ilk gizli səsvermədə, ümumilikdə, 480 nəfər iştirak etmişdi və ümumilikdə, 338 nəfərin sözügedən təklifin lehinə səs verməsi ilə konstitusiya dəyişikliyinin parlamentdə müzakirəyə çıxarılmasının qarşısı açıldı. Onu da, qeyd edək ki, səsvermə gizli keçirilib və 480 deputatdan 338-i təklifin lehinə, 134 nəfəri əleyhinə səs vermişdi. 2 nəfər bitərəf qalmaqla, 5 zərf boş, 1-i isə etibarsız hesab edilmişdi.

Məhz həmin gündən etibarən, qardaş ölkədə siyasi baxışları müxtəlif olan siyasi güclər bu və ya digər dərəcədə öz mövqelərini nümayiş etdirməyə başladılar. "Evet" (bəli) və "Hayır" (xeyir) cavabları tərəflər arasında siyasi maraqların üst-üstə düşmədiyini göstərir. Ancaq fakt budur ki, parlamentdəki səsvermə ölkə qanunvericiliyinə görə qərarın verilməsinə, yəni referendumun keçirilərək yeni islahatların reallaşdırılmasına zəmin yaratmış olub.

Rəcəb Tayyib Ərdoğan istər baş nazir olduğu dövrlərdə, istərsə də prezident olduqdan sonra Türkiyədə bir çox mühüm yeniliklərə imza atamağı bacarmışdı

Bu zaman Türkiyədəki siyasi prosesləri izləyənləri belə bir sual maraqlandırır ki, aprelin 16-da baş tutacaq referendumun bir hissəsi olaraq, yeni referendum layihəsi ölkəyə hansı üstünlükləri qazandıracaq? Əlbəttə ki, ilk növbədə, qardaş ölkə parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçərək, bir ilkə imza atmış olacaq. Əgər nəzərə alsaq ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan istər baş nazir olduğu dövrlərdə, istərsə də prezident olduqdan sonra Türkiyədə bir çox mühüm yeniliklərə imza atamağı bacarmışdı. Ümumiyyətlə, Ərdoğanın rəhbərliyi dövründən başlayaraq, Türkiyə dünyadakı enerji təhlükəsizliyi rolunda yer alan ölkə kimi tanınmasından başlayaraq, tez-tez dəyişən geostrateji planlar və xəritələr çərçivəsində söz sahibliyinə qədər mühüm irəliləyişlərə nail olub.

MHP və CHP, nəinki Türkiyədə, eləcə də, ölkə hüdudlarından kənarda çox böyük özəklərə və təsir gücünə malik olan siyasi təşkilatlardır

Ancaq bütün bunlara baxmayaraq, bu ölkədə uzun illərdir ki, aparıcı və öz sözünü deyə biləcək müxalifət partiyaları da mövcuddur. Xüsusilə, milliyətçilərin cəmləşdiyi MHP və respublikaçıların, yaxud cümhuriyyətçilərin birləşdiyi CHP, artıq nəinki Türkiyədə, eləcə də, ölkə hüdudlarından kənarda çox böyük özəklərə və təsir gücünə malik olan siyasi təşkilatlardır.

Həmçnin, son dövrlərdə Türkiyədəki demokratik mühitdən istifadə edərək, siyasi cəhətdən yararlanan digər partiyalar da təsis olundu ki, onların da ölkədaxili və ölkəxarici dəstəkçiləri kifayət qədərdir. Ancaq fakt budur ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) bu partiyaları hakimiyyətdə olduğu dövrdə kifayət qədər üstələməyi bacarmışdır.

Türkiyə konstitusiyası ilə bağlı parlament müzakirələri heç də asan keçməyib

Ancaq müxalifət partiyalarının da iqtidara qarşı çıxış etmələrinə baxmayaraq, ara-sıra bir-birlərinini bostanlarına daş atmağı da unutmurlar. Təkcə konstitusiya ilə bağlı keçirilən parlament müzakirələrində türkiyəli siyasilərin (deputatların) davranışları dünya gündəmini zəbt etməyi bacarıb. Ümumiyyətlə, Türkiyə Konstitusiyası ilə bağlı parlament müzakirələri heç də asan keçməyib.

Onu da qeyd edək ki, Türkiyə Konstitusiyasını dəyişdirmək niyyəti 1980-ci il çevrilişindən sonra baş tutmamışdı. Məhz Ərdoğanın rəhbərliyi və təşəbbüsü ilə bu amilin gerçəkləşdirilməsi artıq qardaş ölkədə daha yeni siyasi mühitin yaranmasından xəbər verməkdədir. Türkiyənin parlament respublikasından prezident respublikasına çevirməsi də bu anlamdadır. O cümlədən, müxtəlif dəyişikliklər buraya daxildir.

Bəzi müddəalar bəllidir...

Bəs dəyişiklik baş verəcəksə, hakimiyyətin quruluşunda hansı çalarlar üzə çıxacaq? İlk növbədə, baş nazirin rolu azaldılacaq, yeni vitse-prezident postu yaradılacaq.

Prezident qərarverici başçı olmaqla yanaşı, ölkənin də başçısı olacaq və siyasi partiya ilə əlaqələrini saxlayacaq.

O, yeni nazirlərin təyini, büdcənin hazırlanması, baş hakimlərin əksəriyyətinin seçilməsi və sərəncamla müəyyən qanunların qəbuluna qərar verəcək.

Yalnız prezident fövqəladə hal elan etmək və parlamenti buraxmaq iqtidarında olacaq.

Parlament nazirlərin gözdən keçirilməsi və ya sorğu təklifi haqlarını itirəcək. Lakin əksər millət vəkilləri tərəfindən səs verilərsə, impiçment prosesi və ya prezidentlə bağlı təhqiqata başladıla bilər.

Millət vəkillərinin sayı 550-dən 600-ə qaldırılacaq.

Prezident və parlament seçkiləri hər beş ildən bir eyni gündə keçiriləcək. Prezident iki müddətə seçilə biləcək.

Hökumət, xüsusilə, prezident Ərdoğan vəd verib ki, islahatlar qərar qəbulunu sabitləşdirəcək və keçmişdə Türkiyəni şikəst saxlayan yöndəmsiz parlament koalisiyalarını aradan qaldıracaq.

İddia olunur ki, prezidentin parlament yox, xalq tərəfindən seçilməsi, onun başqa seçilmiş liderlə (baş nazir) qanun qəbulu mübahisələrinin qarşısını alacaq.

Hazırkı sistem isə Ərdoğanın da, vurğuladığı kimi, Türkiyəni geri saxlayır. Bir sıra siyasi tənqidçiləri isə, bildirirlər ki, Türkiyədəki prezident sistemi, ABŞ kimi düzgün yoxlanış və balansı olan ölkələr üçün çox yaxşıdır.

MHP-dən istefaların səbəbləri nədədir?

Yenə də qayıdaq müxalifət partiyalarına. Ölkənin əsas müxalif partiyası CHP, ona, faktiki olaraq, məhdudiyyətsiz səlahiyyətlər verilməsini hakimiyyətin əldə saxlanılmasına cəhd kimi qəbul edir.

Ancaq CHP-dən fərqli olaraq, AK Parti ölkəni referenduma aparmaq üçün uzaq-sağçı MHP-nin parlamentdəki səslərini əldə etməli idi ki, bunu bacardı.

Halbuki MHP lideri Devlet Bahçeli, uzun müddət prezident sisteminə qarşı çıxırdı.

Lakin böyük ehtimalla, hətta siyasi söz-söhbətlərə görə, MHP liderinə referendumdan sonra vitse-prezident vəzifəsi söz verilib. Bahçeli, bunu partiyanın möhkəmlənməsi istiqamətində faktor kimi dəyərləndirərək, razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı da geniş şərhlər verib.

Ancaq MHP liderinin razılığı partiyada istefalara səbəb olub. Məsələn, partiyanın sədr müavini və bir neçə yerli MHP rəsmiləri istefaya çıxdıqlarını bəyan edərək, liderlərinin qərarına dəstək verməyiblər.

Nəticələr isə, məhz aprelin 16-dan sonra- tarixi referendum günündən sonrakı günlərdə bəlli olacaq

Hazırda isə islahata qarşı hərəkata mərkəz-solçu CHP və terrorçu şəbəkəsi PKK ilə yaxınlığı deyilən HDP rəhbərlik edirlər. Əbəs yerə deyil ki, sonuncunun fəaliyyətini hakimiyyət terrorla əlaqələndirir. O cümlədən, HDP-nin bir neçə lideri PKK terrorçuları ilə eyni fikirlərini bölüşdüklərinə, eləcə də separatçı, bölücü siyasi baxışlarına yol verdiklərinə görə həbsdədir.

Onu da qeyd edək ki, Türkiyədə vəziyyətin siyasi çərçivədən çıxmaması vətəndaş qarşıdurmasının yaşanmaması naminə, hətta islahata qarşı olan AK Parti və MHP-li seçicilər belə, dəyişikliklərin lehinə səs vermək məcburiyyətində qala bilərlər. Çünki onlar CHP və HDP-nin siyasi mənfəət əldə etməsindən yana deyillər və buna imkan da verməzlər.

Beləliklə, qardaş ölkə ciddi və mühüm seçkilər ərəfəsindədir. Hətta seçkilərə bir həftə qalmış Türkiyənin xarici ölkələrdəki səfirlik və konsulluqlarında onların həmin ölkələrdəki vətəndaşları üçün seçkilər keçirilib. Nəticələr isə, məhz aprelin 16-dan sonra- tarixi referendum günündən sonrakı günlərdə bəlli olacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər