Səfir: "Azərbaycana silah satmağımızın sizə dəxli yoxdur"
2016-cı ilin aprel ayında cəbhə xəttində aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın mühüm strateji əraziləri ələ keçirməsi, düşmənin xeyli sayda canlı qüvvələrini, texnikasını məhv etməsi, Ermənistanda təkcə ölkəmizə qarşı deyil, böyük dostluq münasibətlərinə malik olduğumuz ölkələrə qarşı da xüsusi qıcıq hissi yaradıb. Ermənistan Azərbaycanla dost olan dövlətlərə, konkret desək, İsrailə qarşı düşmənçilik münasibəti sərgiləməkdədir. Heç şübhəsiz ki, bu, ilk növbədə, Azərbaycanla İsrail arasında ildən-ilə genişlənən hərbi əməkdaşlıqla bağlıdır. Azərbaycanın aldığı İsrail istehsallı "kamikadze" "dron"lar düşmən mövqelərinin darmadağın edilməsində və ermənilərin itkilərinin artmasında xüsusi rol oynadı. Təbii ki, ağır məğlubiyyətin xofu, hələ də Ermənistanda yaşanmaqdadır, ermənilər hələ də özlərinə gələ bilmirlər. Təsadüfi deyil ki, ötən ilin aprel döyüşlərindən sonra Ermənistan siyasi rəhbərliyi xarici dövlətlərə yalvarmağa, onlardan dəstək almağa çalışdılar. Lakin bütün dövlətlər tərəfindən Ermənistana "dirsək" göstərildi. Rəsmi Təl-Əvivlə Bakı arasında əməkdaşlığın dayandırılması, Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmaq Ermənistanın əsas məqsədidir. Elə buna görə də, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İsrailə səfər də eləmiş, lakin rədd cavabı almışdı. Azərbaycan-İsrail münasibəltəri bu gün də yüksələn xətt üzrə inkişaf edir, hər iki dövlət arasında əsl dostluq əlaqələri mövcuddur. Bu günədək İsraillə Azərbaycan arasında silah satışı dövriyyəsinin həcmi 5 milyard dollara yaxın olub. Bundan başqa hər iki dövlər arasında bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. İsrail Bakı-Tbilisi-Ceyhan neftinin alıcılarından biridir və inşası gedən "Cənub Qaz Dəhlizi"nə (TAP, TANAP) qoşulmaq istəyir. 2016-cı ilin dekabr ayında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri, bunu bir daha sübut etdi ki, hər iki dövlət arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcəkdir.
Bildiyiniz kimi, İsrailin Ermənistanda yeni səfiri fəaliyyətə başlayıb. Səfir Eliyaxu Yeruşalmi news.am erməni nəşrinə müsahibə verib. Müsahibədə səfir E.Yeruşalmiyə qondarma "erməni soyqırımı" və Qarabağ münaqişəsi ilə bağlı suallar ünvanlanıb. Qarabağla bağlı ünvalanan suala səfir cavabında bildirib ki, "biz regionda sülh istəyirik. Bizim siyasətimiz ondan ibarətdir ki, sizin öz aranızda, qonşularınızın arasında sülh Minsk prosesinə əsaslanmalıdır. Siz öz xalqlarınızın rifahı naminə, nəyi qəbul etsəniz, biz də onu məqbul sayacağıq. Ən əsası odur ki, bölgədə dinclik bərqərar olsun".
İsrailin Azərbaycana silah satması ilə bağlı verilən suala cavabında səfir E.Yeruşalmi aşağıda fikirləri bildirib: "İsrailin Azərbaycana silah satmasına gəlincə, təbii ki, biz bu məsələni şərh eləmirik. Bu məsələ mənim Yerevandakı görüşlərimdə də qaldırılmışdı və ehtimal ki, gələcək məsləhətləşmələrdə də qaldırılacaq". Səfir qondarma "erməni soyqırımı" məsələsinə də münasibət bildirərkən, deyib ki, bu, sizinlə Türkiyənin məsələsidir. Səfir İsrailin saxta "erməni soyqırımı"nı niyə hələ də tanımaması barədə verilən suala cavabla da erməniləri məyus edib və sözün əsl mənasında, erməniləri "yola verib": "İsrail dövləti bizim fikirləşdiyimizi ifadə edə bilməz. Çünki bu, sizinlə Türkiyə arasında tarixi problemdir. Siz Türkiyə ilə bu məsələdə hansı qərara gəlsəniz, biz onu qəbul edəcəyik".
Politoloq Arzu Nağıyev: "Ermənilər bu mesajlardan mühüm nəticə çaxarmağa məcburdurlar"
Beləliklə, səfirdən Azərbaycana və Türkiyəyə qarşı mənfi fikirlər almağa çalışan ermənilər məyus olublar. Hər şey istədikləri kimi deyil, tam əksi olub. Yəni müsahibə zamanı səfir E.Yeruşalmi İsrailin Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinə kölgə salacaq heç nə söyləməyib, əksinə, bu əlaqələrin ölkəsi üçün prioritet olaraq qaldığına, İsrailin Ermənistana görə, Azərbaycan və Türkiyə ilə münasibətləri korrektə etməyə hazırlaşmadığına aydın işarələr vurub.
İsrailin Ermənistandakı səfirinin erməni nəşrinə verdiyi müsahibəni şərh edən politoloq Arzu Nağıyev bildirib ki, Ermənistan yenə də öz təxribatçı əməllərindən çəkinmir: "İsrailin Ermənistandakı səfiri cənab Eliyaxu Yeruşalmiyə verilən suallar da belə təxribatlardandır. Cənab səfirin cavabları da əsl diplomata xas olan, bununla da, erməniləri məyus edən cavablardır. Səfir bir daha öz çıxışında Azərbaycan-İsrail münasibətlərinin Ermənistana dəxli olmadığını bildirir və onun səlahiyyətlərinin, məhz səfir olduğu dövlətlə İsrailin münasibətlərinə aid olduğunu qeyd edir. Məhz buna görə də, cənab səfirin cavablarını müsbət dəyərləndirmək lazımdır və bu, bir daha ermənilərə göndərilən bir mesajdır ki, İsrail dövləti Azərbaycanla istənilən sahədə-mədəni, sosial, iqtisadi və hərbi əməkdaşlıqdan məmnundur və bu münasibətləri qurarkən, nə ermənilərlə, nə də ki, digərləri ilə razılaşdırmır. Düşünürəm ki, ermənilər bundan mühüm nəticə çaxarmağa məcburdurlar".
Samir