Bu mövzuda "Səs" qəzetində Azərbaycanda fəaliyyət göstərən islam ölkələrinin səfirlərinin, eləcə də, hökumət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirildi
(Əvvəli ötən saylarımızda)
"Səs" qəzetinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və IV İslam Oyunlarına həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili, professor Ağacan Abıyev, Fələstin dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasir Əbdül Kərimi, Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aycigit Buranov, İndoneziya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hüsnan Bəy Fanani, Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Mafəddin Hümmətov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin məsləhətçisi Darxan Kuşerbayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin marketinq şöbəsinin rəhbəri Tural Qəmbərov, "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəyli, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülər üzrə baş meneceri Əfsun Qurbanov iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirdi ki, artıq may ayının 12-də ölkəmizdə "IV İslam Oyunları 2017" start götürəcək: "Bu oyunlar Azərbaycanda təkcə idman yarışması kimi deyil, eyni zamanda, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması kimi də tarixə düşəcək. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar idman yarışması olsa da, müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında birlik və həmrəyliyin güclənməsində rol oynayacaqdır. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, ölkəmiz üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, oyunlara bütün hazırlıq işləri başa çatıb, paytaxtımız qonaqları qarşılamağa və oyunları keçirməyə hazırdır. Aprelin 5-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi".
Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq ölkəninin bütün sahələrinin inkişafı üzrə islahatlar həyata keçirdiyini, dövlət proqramları qəbul etdiyini vurğulayan baş redaktor idman sahəsinin də hər zaman diqqətdə saxlanıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb: "Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Artıq Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycanda hökm sürən sabitlik, iqtisadiyyatın sürətli inkişafı və dövlət qayğısı beynəlxalq yarışların Azərbaycanda keçirilməsini dəstəkləyən amillərdir. Zaman irəlilədikcə, IV İslam Həmrəyliyi Oyunlarınının keçiriləcəyi tarix yaxınlaşır: "Ölkəmizdə idman sahəsinə ayrılan diqqətin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində keçirilən idman yarışlarında Azərbaycan idmançıları böyük uğurlar əldə edirlər. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticələrini verir. Bildiyiniz ki, Olimpiya oyunlarında və müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycan idmançıları tarixi nailiyyətlər əldə edirlər. İsmayıl müəllim, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında nə qədər idmançımız iştirak edəcək və bu oyunlara hazırlığın səviyyəsi necədir?".
AZƏRBAYCAN DÜNYANIN ƏN MÖTƏBƏR TƏDBİRİ OLAN OLİMPİYA OYUNLARINA DA EV SAHİBLİYİ EDƏCƏK
İsmayıl İsmayılov:
- "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı islam ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri öz maraqlı, müsbət fikirlərini söylədilər və bu, olduqca təqdirəlayiq haldır. İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən ölkələrdən olan İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani burada iştirak edir. Mən də həmin oyunlarda iştirak etmişəm və ümumiyyətlə, bu oyunların hamısının iştirakçısı olmuşam. Deyim ki, müsəlman dünyasında islami dəyərlərə çox önəm verən İndoneziya Respublikasında İslam Həmrəyliyi Oyunları təşkilatçılığı baxımından yüksək keçirildi. Əminəm ki, Azərbaycan da, öz növbəsində, yüksək təşkilatçılıq təcrübəsində bəhrələnərək, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəkdir.
Bu oyunlar islam dünyasının bir araya gəlməsində çox əhəmiyyətlidir. Bu, təkcə idman yarışı deyil, həm də dünya idmançılarının və gənclərinin bir araya gəlməsinə xidmət edir.
Azərbaycanda idman hərəkatının adı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə idmanın inkişafı, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.
Bu gün bizim regionlarda 50-yə yaxın müasir Olimpiya kompleksləri fəaliyyət göstərir. Bu da yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olmasında ən gözəl profilaktik tədbir onların bədən tərbiyəsi və idmana cəlb olunmasıdır. Doğrudan da, bu gün insanların çalışdıqları sahələrdən asılı olmayaraq, sağlam olmalarında bədən tərbiyəsi və idmanın rolu danılmazdır.
Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək, idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə, ölkənin ümumi inkişafı, Azərbaycanda idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir.
Təbii ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsində iqtisadi nailiyyətlərimiz də əsas amillərdəndir. Son illərdə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilib. Mən inanıram ki, ölkəmizədə bu sahəyə ayrılan diqqət, iqtisadi inkişafımızın məntiqi nəticəsi olaraq, Azərbaycan dünyanın ən mötəbər tədbiri olan Olimpiya Oyunlarına da ev sahibliyi edəcək.
Bəli, dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsi uğurlarımız sırasındadır. Mən bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına idmançılarımızın hazırlıq səviyyəsi haqqında da məlumat vermək istəyirəm. İdmaçılarımız oyunlara ciddi-cəhdlə çalışırlar. Artıq Azərbaycan idmançıları müxtəlif yarışlarda idmanın bütün növləri üzrə yüksək yerləri qazanıblar və inanırıq ki, bu oyunlarda da nailiyyətlər əldə olunacaq. Əminəm ki, ölkəmizdə keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları uzun illər yaddaşlarda qalacaqdır.
YARIŞLAR ZAMANI MÜSƏLMAN DÖVLƏTLƏRİNDƏ SAVAŞ DAYANDIRILSIN, BARIŞ VƏ BİRLİK OLSUN!
RAQİF ABBASOV:
- "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının şüarı "Həmrəylik bizim gücümüzdür". Bildiyiniz kimi, bizim torpaqların bu gün 20 %-i işğal altındadır və işğal altında olan torpaqlarda Qarabağ at cinsləri var. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının simaları da, bu at cinslərinə uyğun olaraq, "İnci" və "Cəsur" adları ilə götürülüb. İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların simaları olacaqlar.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının rəmzi isə sudur. Artıq Azərbaycanın 15 bölgəsin səyahət edəcək su Xəzər bölgəsindən götürüldü. Hər bir müsəlman namazdan öncə, su ilə dəstəmaz alır. Su şəffaflığın və təmizliyin rəmzidir.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 4 min nəfər qatılacaq. Ümumilikdə, 8 min nəfər könüllü oyunlarda iştirak edəcək. Onlardan 30%-i ilk Avropa Oyunlarında iştirak edən, 70 %-i isə bu oyunlarda iştirak edəcək yeni tərkibdə olan könüllülərdir. Paytaxtda mədəni-kütləvi tədbirlər keçiriləcək. Səyyar tamaşalar və yarışlardan sonra qonaqlar üçün maraqlı olsun deyə bədii-əyləncəli tədbirlər təşkil ediləcək. Eyni zamanda, artıq danışıqlar aparılır ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının televiziya yayımı təkcə müsəlman dövlətlərində deyil, qeyri-müsəlman dövlətlərində də təşkil edilsin. Demək, dünya bizi daha yaxşı eşidəcək. Könüllülərin şüarı da var: yarışlar zamanı müsəlman dövlətlərində savaş dayandırılsın, barış və birlik olsun! Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi ilə bu şüarın təməlini qoydu. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində dünyaya mesajlar olacaq. Açılışda Azərbaycan bütün müsəlman dövlətlərinin birlik istədiyini deyəcək. Dünyanın müsəlman dövlətlərinin səsi eşidiləcək. Eyni zamanda, oyunlara qədərki tədbirlərə də, artıq stara verilib. Paytaxtımızda gənclər, könüllülər və idmançılarımız yarış zallarındakı təhlükəsizliyə riyaət olunmasına, qarşılanmaya, yola salmaya, Atletlər Kəndində təşkilati işlərə, tərcümə məsələrinə cəlb olunublar və onların əksəriyyəti islam dünyasının sülh elçiləridir. Bir daha "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında paytaxtımıza gələcək bütün qonaqları gənclərimiz qarşılamağa hazırdır. Fürsətdən istifadə edərək, İstanbulu 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək münasibəti ilə təbrik edirəm.
8 MİN KÖNÜLLÜ VAR VƏ OYUNLARA HAZIRLIQ ÜÇÜN ONLARLA MÜTƏMADİ OLARAQ TRENİNQLƏR KEÇİRİLİR
ƏFSUN QURBANOV:
- Azərbaycanda son illərdə keçirilən irimiqyaslı beynəlxalq səviyyəli tədirlər könüllülər hərəkatının yaranmasına zəmin yaratmış oldu. Biz də gənclər və könüllülərlə çalışmaq üçün əlimizdən gələni edirik. Oyunlarda könüllülər və işçi kollektivinin iştirakı bu tədbirlərin, deyərdim ki, onurğa sütunudur. Ümumiyyətlə, gənclər olmasa, bu kimi tədbirləri keçirmək də çətin olar. 8 min könüllü var və oyunlara hazırlıq üçün onlarla, mütəmadi olaraq, treninqlər keçirilir. Xaricdən gələcək qonaqların qarşılanıb - yola salınmasına kimi könüllülər, mütəmadi olaraq, onlarla təmasda olacaqlar. Bu işləri könüllülər heç bir qarşılıq gözləmədən edirlər ki, bu, vətənpərvərlik hissinin bariz nümunəsidir. Biz də, öz növbəmizdə, könüllərin təkcə oyunlar üçün deyil, o cümlədən, gələcək karyera hazırlığı üçün də bir sıra işlər görürük. "Uğurlu gələcək könüllüləri inkişaf proqramı" var. Bu proqram çərçivəsində biz onlar üçnü gələcək karyeraya hazırlıq məqsədi ilə bir sıra təlimlər həyata keçiririk. Təbii ki, oyunlara hazırlıq bir gündə baş vermir və bu, aylarla olan hazırlıq prosesində reallaşır. Burada ümumi təlimlər, məkan təlimləri, təhlükəsizlik təlimləri və s. keçirilir. Bundan sonra gənclər Azərbaycan əmək bazarında aktiv iştirak edə bilərlər. Ən gənc könüllünün 15, ən yaşlısının isə 76 yaşı var.
"BAKI-2017" IV İSLAM HƏMRƏYLİYİ OYUNLARI BİR YARIŞMADAN ÖNCƏ, HƏMRƏYLİKDİR
JALƏ RZABƏYLİ:
- Bu gün ölkəmiz "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarını və "Formula -1" yarışlarını keçirməyə hazırlaşır. Bu mötəbər yarışlarda idmançılarımıza uğurlar arzu edirik. Belə mötəbər yarışlarda aparılan təbliğat işlərinə qoşulmaq isə hər bir idman jurnalistinin vəzifəsidir.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları bir yarışmadan öncə, həmrəylikdir. Qarabağ torpağının simvolları ilə ölkəmizə gələn qonaqlar tanış olacaq və arzu edək ki, belə tədbirlər tezliklə gözəl diyarımızda - Qarabağ torpağında keçirilsin.
Sözsüz ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mətbuat orqanlarının da üzərinə məsuliyyət düşür və belə bir məqamda fəal olmaq zəruridir. Mənim də baş redaktoru olduğum "Sport Time" jurnalının növbəti sayı "Bakı-2017" IV İslam Həmrəyliyi oyunlarına həsr olunacaq. Bizim borcumuz Oyunları geniş bir şəkildə işıqlandırmaqdır.
BƏHRUZ QULİYEV:
- Bildiyiniz kimi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə artıq start verilib. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın hazırlıq işlərində xüsusi əməyi var və Onun uğurlu fəaliyyəti nəticəsində təşkilatçılıq işləri yüksək səviyyədə həyata keçirilib. Mən inanıram ki, Azərbaycan bu sınaqdan - həmrəylik sınağından uğurla çıxacaq, islam dünyasının həmrəyliyinin yenidən dünyaya təqdimində böyük missiyanı həyata keçirəcəkdir. Mən hər kəsi bu oyunlarda məsuliyyətini hiss edib, fəal olmağa çağırıram.
Bizim dəvətimizi qəbul edib dəyirmi masada iştirak etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun!
Nəzakət ƏLƏDDİNQIZI