Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə voleybol yarışı keçirilib.
"SƏS" qəzetinə daxil olan məlumata görə, 22 məktəbin komandasının iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. İki gün davam edən yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 129 nömrəli məktəb birinci, 229 nömrəli məktəb ikinci və 109 nömrəli məktəb isə üçüncü yerin qalibi olub.
Yarışın qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 229 saylı orta məktəbin direktoru, YAP Nizami rayon təşkilatının şura üzvü Fəridə Bağırova və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıblar.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycanın müasir tarixinin - 1960-cı illərin sonlarından XXI əsrin əvvəlinədək olan dövrü Ümummilli Liderin adı ilə bağlıdır. Bu illər ərzində Ulu Öndər xalqı ilə birgə tarixin ağır sınaqlarını keçərək, müstəqil Azərbaycan dövlətini yaradaraq, onun parlaq gələcəyinin əsasını qoyub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən natiqlər deyiblər ki, ölkə başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasət öz müsbət nəticələrini verir.
Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıblar.
Rövşən RƏSULOV