Müasir dünyanın nailiyyətlərdən danışarkən, qarşıya qoyduğu tələbləri də unutmamalıyıq. Qloballaşan dünyamızın nizamını tənzimləmək, onun baxışından yaşadığımız cəmiyyətə yeni baxış və düşüncələri əlavə etmək bir o qədər də asan deyildi. Çünki mövcud çağırışlar daha dəqiq məntiqə, təfəkküfə əsaslanır.
Azərbaycan müasir dövrdə dünyanın görünən bir tərəfinə çevrilib desək, yanılmarıq. Dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan orada öz sözünü deməsin. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçısı olaraq. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Tolerant və mehriban birgəyaşama mədəniyyəti baxımından, artıq dünya üçün bir örnəkdir. Bu və ya digər ümümbəşəri dəyərləri Azərbaycanın adına həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətlə yanaşı, bu işə təkan verən Heydər Əliyev Fondunun fasiləsiz və qətiyyətli fəaliyyətini də nəzərə çatdırmalıyıq. Bu gün mübaliğəsiz deyə bilərik ki, dünyanın eşidilən səsində Azərbaycan adını vurğulanmasında Heydər Əliyev Fondunun ximətləri kifayət qədərdir. Azərbaycanın ictimai, sosial, mədəni həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu, qurum olaraq, humanitar layihələrinin miqyasını genişləndirir. Fond səhiyyə, mədəniyyət, təhsil və sosial sahələrdə bir sıra layihələri reallaşdırır. Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsini, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini həyata keçirən fond, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da humanist ideyalarını gerçəkləşdirir.
Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi və mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti, eləcə də, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına təkan verib. Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın əməli fəaliyyətində özünü təsdiqləyir. Onun bu genişmiqyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miqyasında da yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq, milyonlarla insanın ürəyini fəth edib. Belə ki, ətrafdakılara humanist münasibəti, ehtiyacı olan insanlara qayğısı, onların dərdinə şərik çıxması Mehriban xanım Əliyeva ətrafında yüksək imic formalaşdırıb. Odur ki, Mehriban xanım Əliyeva xeyirxahlığın və ümidin mücəssəməsinə çevrilib.
XRİSTİAN ALƏMİNİN MÜQƏDDƏS ABİDƏLƏRİNİN QORUNUB-SAXLANILMASINA MÜSƏLMAN DÜNYASININ TÖHFƏSİ
Bütün bunlarla yanaşı, bəşəriyyətə məxsus tarix və mədəniyyət abidələrinin bərpası Azərbaycanın Birinci xanımının qarşıya qoyduğu vəzifələrdən biridir. Mehriban Əliyeva Versal Sarayı Parkında mədəniyyət abidələrinin, Luvrda İslam İncəsənəti Bölməsinin, Berlin Qəsrinin, Romadakı Kapitoli Muzeyində "Filosoflar zalı"nın və başqa mədəniyyət abidələrinin bərpa olunmasında fəal iştirak edib.
Heydər Əliyev Fondu müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi diqqət ayırır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır və tədbirlər təşkil edilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Azərbaycan - tolerantlıq ünvanı" layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, "Müqəddəs Məryəm - Mövlud" pravoslav kilsəsi və Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Şamaxıda Cümə məscidi və Gəncədə "Həzrəti Zeynəb" məscidindən tutmuş Fransanın müxtəlif bölgələrində kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, habelə, Həştərxanda Knyaz Vladimirə abidə ucaldılmasına qədər müxtəlif dini obyektlərdə bərpa işləri aparılıb. Beynəlxalq Birlik Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpa olunmasını xristian aləminin müqəddəs abidələrinin qorunub-saxlanılmasına müsəlman dünyasının töhfəsi kimi qəbul edir.
"AZƏRBAYCAN QƏDİM DİYARDIR VƏ MULTİKULTURALİZM, DÖZÜMLÜLÜK, TOLERANTLIQ KİMİ ANLAYIŞLAR BİZİM XALQIMIZA MƏXSUS KEYFİYYƏTLƏRDİR"
Çoxşaxəli fəaliyyətində yorulmaq bilməyən Mehriban xanım Əliyeva hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrasını qarşıya qoyur. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar "Eurovision-2012" yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı.
Avropa Olimpiya Komitəsinin Azərbaycana etimad göstərərək, ilk Avropa Oyunlarının keçirilməsini ölkəmizə həvalə etməsi və bu oyunların Təşkilat Komitəsinin sədrinin Mehriban Xanım Əliyevanın təyin edilməsi tədbirin yüksək səviyyədə reallaşacağına böyük ümid verirdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır. Həqiqətən də, böyük ümüdlər doğruldu. Görülən işlər səmərəsini verdi. Əlbəttə ki, dinamik inkişaf edən Azərbaycan bütün mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi kimi, bu oyunları da yüksək səviyyədə keçirdi. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva əminliklə "...biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb, onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur", - deyirdi. Həqiqətən də, Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət göstərirdi və bu fikir təsdiqini tapdı.
Uğurları ilə tanınan ölkəmiz Avropa Oyunlarının təşkilində tarixə yeni imzasını atdı. Elə oyunların təntənəli açılış mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışında Birinci Xanım Mehriban Əliyevaya "Sizin "Bakı-2015"in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir", - deməsi Onun təşkilatçılıq işinə verilən qiymətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin oyunların təşkilində hər bir xırda məsələ ilə bağlı işlərin yüksək səviyyədə oluduğunu deyərkən, Azərbaycanın Birinci Xanımının fəaliyyətinə xüsusi olaraq toxunması əbəs deyil: "Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini, xüsusilə, yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoyub. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə Təşkilat Komitəsi ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var".
Bu gün isə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməyə hazırlaşır. Mehriban xanım Əliyevanın IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi, artıq bu oyunlarında yüksək səviyyədə keçiriləcəyindən xəbər vermiş olur. Mehriban Əliyevanın qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla, bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. IV İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycanın gücünü və potensialını, eyni zamanda, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin nümayişində rol oynayacaq.
Nəzakət ƏLƏDDİNQIZI