PDF Oxu

Sosial

  • 1 624

Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur.

Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur.

Ədalət Muradov

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.

Ümummilli Lider Heydər Əliyev

AZƏRBAYCANIN BUGÜNKÜ UĞURLARI HEYDƏR ƏLİYEVİN UZAQGÖRƏN SİYASƏTİNİN BƏHRƏSİDİR

XX əsrin sonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ölkəmizin XXI əsrdə müstəqil dövlət olaraq inkişafında və sosial-iqtisadi tərəqqisində dönüş nöqtəsi oldu. Tarixi təcrübə göstərir ki, təbii sərvətlərlə, enerji ehtiyatları ilə zəngin olan ölkələrdə dövlət müstəqilliyinin qorunub saxlanılması onun əldə edilməsindən daha çətindir. Müstəqilliyin ilk illərində daxildən parçalanmaq təhlükəsi ilə üzləşən ölkəmiz hərbi-siyasi təcavüz və sosial-iqtisadi böhran məngənəsində sıxılırdı və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid, digər tərəfdən də müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin qırılması ölkə iqtisadiyyatını iflic vəziyyətinə salmışdı.

Respublikamızın iqtisadiyyatında baş verən bu proseslərin əlamətləri hələ keçən əsrin 80-ci illərinin sonlarından etibarən müşahidə edilirdi. 90-cı illərin əvvəllərindən başlayaraq iqtisadiyyatın bir çox sahələrinə sirayət edən bu geriləmə daha da dərinləşir və miqyas etibarilə genişlənirdi. Belə ki, 1989-1991-ci illərdə repsublikada Ümumi Daxili Məhsulun həcmi hər il orta hesabla 5,7% azalmışdı. Əgər 1990-cı ilə nisbətən 1991-ci ildə ÜDM-in artım tempi 0,7% azalmışdırsa, 1992-ci ildə bu azalma 22,6%, 1993-cü ildə 23,1%, 1994-cü ildə isə 19,7% təşkil etmişdir. 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı isə 2 dəfə azalmışdı.

İstehlak qiymətləri indeksi 1991-ci ildə 207% olduğu halda, 1994-cü ildə 1763%-dən çox olmuşdur. Hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. İqtisadi əlaqələrin pozulması nəticəsində Respublikada bir çox müəssisələrin bağlanması yaxud da fəaliyyətlərini dayandırmaları əhalinin məşğulluq səviyyəsinin də azalmasına səbəb olmuşdur. 1991-ci ilə nisbətən 1993-cü ildə idxal və ixracın həcmi 3 dəfəyə yaxın azalmışdır. 1994-cü ildə ticarət balansında 125,2 mln. ABŞ dolları həcmində mənfi saldo müşahidə edilirdi. Bir sözlə, baş verənlər Azərbaycanı öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyurdu.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyə qayıdışı bu proseslərin qarşısını alaraq, ölkəmizi parçalanmaq təhlükəsindən və böhranlı vəziyyətin daha da kəskinləşməsindən qorudu. Bununla, ölkədə sosial-iqtisadi sahələrdə islahatların aparılması, qanunvericiliyin formalaşdırılması, bazar prinsiplərinə uyğun gömrük, vergi və bank sistemlərinin yaradılması, ümumilikdə, yeni iqtisadi siyasətin həyata keçirilməsinin əsası qoyuldu. Beləliklə, 1994-cü ildən etibarən Azərbaycanda sosial-iqtisadi inkişafın yeni mərhələsi başlandı. 1996-cı ildən sənaye istehsalının həcmi 1,3% artdı. Buna əsas yaradan ən mühüm səbəblərdən biri məhz Ümummilli Lider Heydər Əliyevin əzmkarlığı və uzaqgörənliyi sayəsində 1994-cü il sentyabr ayının 20-də "Gülüstan" sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında "Əsrin müqaviləsi" adı ilə tarixə düşən ilk neft müqaviləsinin imzalanması oldu. O zaman Ümummilli Lider Heydər Əliyev bu hadisəni belə qiymətləndirirdi: "Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk".

Bu müqavilənin imzalanması bir sıra sənaye sahələrinə, xüsusilə də respublikamızın ənənəvi sahələrindən olan neft-qaz sənayesinə, eyni zamanda da bununla əlaqəli digər sahələrə investisiyaların yönəldilməsinə müsbət təsir göstərdi.

Ulu Öndər tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf siyasəti ölkədə makroiqtisadi sabitliyin təmin edilməsinə şərait yaratmaqla, sahibkarlığın inkişafına, xarici investisiyalı müəssisələrin sayının artmasına və fəaliyyətlərinin genişlənməsinə müsbət təsir göstərmişdir. 1996-cı ildə ölkədə fəaliyyət göstərən 100 faizli xarici investisiyalı müəssisələrin, şirkətlərin və onların filial və nümayəndəliklərinin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuşdur. Bu dövr ərzində xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı 94,1% artaraq 957-yə çatmışdır.

Digər tərəfdən ölkədə kiçik və orta müəssisələrin özəlləşdirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi də sənayenin inkişafına ciddi şəkildə təkan verdi. Nəticədə, sənayedə istehsal olunmuş əlavə dəyərin həcmi 1996-cı illə müqayisədə 2002-ci ildə 28,1% artmış və ümumi daxili məhsulda xüsusi çəkisi 37,4% təşkil etmişdir.

Respublikamızın iqtisadiyyatında sənaye məhsulu istehsalının artmasının əsas səbəblərindən biri də bu sahədə qeyri-dövlət sektorunun iştirak payının genişlənməsi olmuşdur. Nəticədə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilmiş məhsulun ÜDM-də payı 1995-ci ildə 30,3%-dən 2002-ci ildə isə 73,0%-dək, sənaye məhsulunun ümumi istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 1995-ci ildəki 5,5%-dən 2002-ci ildə 54,9%-dək artmışdır.

Ölkənin sosial-iqtisadi inkişafında rabitə sektorunun xüsusi çəkisi də artmışdır. Belə ki, rabitə müəssisələri tərəfindən yaradılmış əlavə dəyərin istehsal edilmiş ÜDM-də xüsusi çəkisi 1995-ci ildə 1%-dən 2002-ci ildə 2,2%-dək artmışdır.

1993-2003-cü illər ərzində Respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin uğurlu nəticələri dövlət büdcəsinin gəlirlərinin artmasında da özünü göstərdi. Belə ki, 1993-cü ilə nisbətən dövlət büdcəsinin gəlirləri 2002-ci ildə 85,1 dəfə artaraq 10,7 mln.manatdan 910,2 mln.manata yüksəlmiş, xərcləri isə 72,2 dəfə artaraq, 12,9 mln.manatdan 931,8 manata yüksəlmişdir. Büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi isə uyğun olaraq, 7,1%-dən 0,4%-ə düşmüşdür. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında xüsusi çəkisi 1993-cü ildə 44%-dən 2003-cü ildə 52%-dək yüksəlmış və 10 il ərzində ölkəmiz regionda lider mövqeyə sahib olmuşdur.

Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 2003-2015-ci illər ölkəmiz üçün bu strategiyanın daha da möhkəmlənməsi və uğurla reallaşdırılmsı mərhələsi kimi xarakterizə olunur. Məhz bu dövrü aşağıdakı sosial-iqtisadi proseslər fonunda xarakterizə etmək olar:

- makroiqtisadi sabitlik qorunub saxlanılmış;

- iqtisadiyyatın diversifikasiyası həyata keçirilmiş;

- qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş;

- strateji valyuta ehtiyatlarının artırılması və səmərəli istifadəsi təmin olunmuş;

- milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış;

- konservativ xarici borclanma strategiyası həyata keçirilmiş;

- sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş;

- əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmış;

- beynəlxalq standartlara cavab verən qanunvericilik bazası əsasında, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuş;

- beynəlxalq əməkdaşlıq genişlənmiş və beynəlxalq aləmdə ölkənin nüfuzu güclənmiş;

- ölkəmiz regionda lider mövqeyə sahib olmuşdur.

Bu dövr həm də qeyri-neft sektorunun sürətli inkişafı ilə xarakterizə olunur. Makroiqtisadi göstəricilərin də artım templəri yüksək olması ilə seçilir. Belə ki, 2003-2015-ci illər ərzində;

1. ÜDM-in strukturunda qeyri-neft sektorunun payı 30%-dən 63,5%-dək yüksəlmiş, onun nominal ifadədə həcmi 7,7 dəfə, adambaşına düşən ÜDM 6,5 dəfə artmış, özəl sektorun ÜDM-də payı 73,3%dən 81,2%-ə yüksəlmişdir.

2. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 32,1 dəfədən çox artaraq 1,6 mlrd.dollardan 51,4 mlrd dollara yüksəlmiş, 2015-ci ildə isə bu göstərici 35,9 mlrd.dollar təşkil etmişdir.

3. Bu dövrdə Azərbaycan iqtisadiyyatına 125 mlrd.manatdan çox investisiya yatırılmışdır. Bu investisiyaların 41,2%-i xarici, 58,8%-i daxili isə investisiyaların payına düşmüşdür. Əsas kapitala yönəldilmiş investisiyaların strukturunda qeyri-neft sektorunun payı 2003-cü ildə 26,8%, 2015-ci ildə isə 55,3% təşkil etmişdir.

4. Dövlət büdcəsinin gəlirləri 14,3 dəfə, xərcləri isə 14,4 dəfə, Dövlət büdcəsindən sosial-mədəni tədbirlərin maliyyələlşməsinə ayrılan vəsaitlərin həcmi isə 8,3 dəfə artmışdır.

5. 2003-2015-ci illərdə, 80%-dən çoxu daimi iş yerləri olmaqla, 1,5 milyondan çox yeni iş yeri açılmış, işsizlik səviyyəsi isə 9,2%-dən 5%-ə enmişdir.

6. Ölkə üzrə minimum əmək haqqı 11,7 dəfə artaraq 105 manat, orta aylıq əmək haqqı isə 6 dəfə artaraq 466,9 manat olmuşdur. 2017-ci ildən minimum əmək haqqı 116 manat olmuşdur. Yoxsulluq səviyyəsi 49%-dən 4,9%-ə enmiş, yoxsulluq həddi isə 24 manatdan 135,6 manatadək artırılmışdır.

7. Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payı 51,7%-dən 73%-dək yüksəlmişdir.

Respublikamızın sosial-iqtisadi inkişaf strategiyasının çox mühüm istiqamətlərindən birini də regional inkişaf təşkil edir. Bu istiqamətdə kompleks və sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 3 Dövlət Proqramı təsdiq edilmişdir. Bu Proqramlarının qəbulu regionların inkişafında tamamilə yeni bir mərhələnin başlanmasını və Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş kompleks inkişafın yeni keyfiyyətdə davamını şərtləndirmişdir. Bu inkişaf müstəvisində bir sıra məsələlərin inteqrativ həlli nəzərdə tutulmuşdur:

1. Qeyri-neft sektorunun inkişafı və onun davamlığının təmin edilməsi.

2. İqtisadiyyatın şaxələndirilməsi və tarazlı regional inkişaf kontekstində həlli.

3. Müasir texnologiyalara əsaslanan yeni istehsal müəsssisələrinin yaradılması.

4. Rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalının inkişaf etdirilməsi.

5. Ölkədə, o cümlədən regionlarda sahibkarlığın inkişafı.

6. Yeni iş yerlərinin açılması və bu prosesin sürətləndirilməsi.

7. Ölkədə əlverişli investisiya və biznes mühitinin yaradılması, onun daha da intensivləşdirilməsi.

8. Əhalinin məşğulluq səviyyəsinin, xüsusilə, istehsal sferasında məşğulluğun artırılması.

9. Regionlarda infrastrukturun bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması.

10. Əhalinin kommunal və sosial xidmətlərlə təchizatı səviyyəsinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi.

Ümumilikdə, regional inkişaf üzrə bu dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 200-dən artıq sərəncam imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən Ulu Öndər Heydər Əliyev inkişaf strategiyasının əsas istiqamətlərindən biri də iqtisadi inkişafın nəticələrinin sosial sferaya uğurla inteqrasiya olunmasıdır. Bu inteqrasiyanın ideya əsasını "Qara qızılın insan kapitalına çevrilməsi" təşkil edir.

Bütün bu təhlildən belə bir nəticəyə gəlmək olar ki, ölkəmiz etibarlı əllərdədir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında inteqrativ inkişafın təmin edilməsi yolu ilə bundan sonra da ölkədə iqtisadi inkişafın davamlılığı təmin ediləcəkdir.

Beləliklə, siyasi, sosial və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik olan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Dahi Öndər Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Bütün qeyd etdiklərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirlərində daha mükəmməl şəkildə öz əksini tapmışdır: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Digər xəbərlər