"Hacı Cavad" məscidi ətrafında bəzi şəxslər məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək, gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar
Azərbaycan müstəqllik qazandıqdan sonar ölkəmizdə dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin mədəniyyətlərinə tolerantlıq nümunəsi göztərilib. Bunun da nəticəsində, bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Bununla yanaşı, Azərbaycan multikultural dəyərlərin qorunmasına əhəmiyyətli töhfə verir. Bu nümunə dünya dövlətləri və xalqları tərəfindən müsbət dəyərləndirilir və təlqin olunur. Bütün bu uğurlu modelin nəticəsidir ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Azərbaycanda dövlətin din sahəsində həyata keçirdiyi siyasətin başlıca məqsədi bu sahədə mövcud olan qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi, dini tolerantlıq mühitinin qorunub-saxlanması, hər bir vətəndaşın dini inanclarına hörmət göstərilməsi, dini ayinlərin yerinə yetirilməsinə şərait yaradılması, dini abidələrin, məscidlərin qorunub-saxlanması, təmir və bərpa işlərinin həyata keçirilməsi və s-dir. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur və bərpa olunur. Buna misal olaraq Bibiheybət Məscid-Ziyarətgah Kompleksinin, Təzəpir məscidinin, Heydər məscidinin, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərinin, Əjdərbəy məscidnin, Şamaxı Cümə məscidinin, Gəncə "İmamzadə" Kompleksinin və onlarla digər dini abidə və məscidin dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək, dindarların istifadəsinə verilməsini göstərmək olar. Amma cox təəssüflər olsun ki, bəzən bərpa və təmir işlərinin həyata keçirilməsi prosesini bəzi qüvvələr özlərininə məxsus formada təqdim etməyə cəhdlər göstərirlər. Bu da, onu deməyə əsas verə bilir ki, həmin şəxslər və ya qüvvələr hansısa sifarişləri yerinə yetirirlər. Misal olaraq "Hacı Cavad" məscidinin təmir edilməsi zamanı bəzi şəxslərini bununla bağlı hay-küy qaldırmalarını göstərmək olar.
Məlumat üçün xatırlatmaq lazımdır ki, "Hacı Cavad" məscidi 1912-ci ildə inşa edilmiş, Sovetlər dövründə təyinatı üzrə fəaliyyət göstərməmiş, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dindarların istifadəsinə verilmişdir. Uzun illər ərzində məsciddə fəaliyyət göstərən şəxslərə dəfələrlə dini icma yaradılması və dövlət qeydiyyatından keçməsi barədə müraciət edilmiş, lakin bu günədək məscidin dini icmasının sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməmişdir. Çünki məscidi idarə edən şəxslər fəaliyyətlərinin rəsmiləşməsini istəməmiş, qanunsuz fəaliyyət göstərməyə üstünlük vermişlər. Lakin məscidin sökülməsi ilə bağlı məsələ yarandıqdan sonra qısa vaxtda dini icma formalaşdırıb, dövlət qeydiyyatından keçməyə hazır olduqlarını bildiriblər. Məsciddə dini ayinləri icra edən Əhliman Rüstəmovun Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatı yoxdur, qeyri-rəsmi (qanunsuz) fəaliyyət göstərir. Məscid məhəllə məscidi kimi inşa edilmişdir. Lakin hazırda məsciddə məhəllə sakinləri, demək olar ki, ibadət etmir. Məscidlə bağlı gərginlik yaradanlar, əsasən, kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma "Müsəlman Birliyi Hərəkatı"nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar. Hacı Cavad məscidi kiçik məhəllə məscidi olduğu üçün, hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir.
Hacı Cavad məscidinin ətrafında dindarların ibadət etmələri üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi yaxınlıqdadır. Eyni zamanda, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn", "Qasım bəy", "Hacı Sultanəli" və "Xanım Zəhra" məscidləri var. Namazlarda bu məscidlərdə heç də sıxlıq müşahidə olunmur. Bu baxımdan, demək olar ki, heç bir söz-söhbət yaratmadan və hay-küy qaldırmadan yaxınlıqakı məscidlərdə ibadət etmək mümkündür.
İ.ƏLİYEV