PDF Oxu

Sosial

  • 2 597

"Hacı Cavad" məscidi ətrafında hay-küy qaldırmağa heç bir əsas yoxdur"

"Hacı Cavad" məscidi ətrafında hay-küy qaldırmağa heç bir əsas yoxdur"

Ekspertlər Azərbaycanda islam dininə, onun dəyərlərinə böyük hörmət və qayğı olduğunu bildirirlər

Son günlər Bakı şəhərinin "Sovetski" adlanan ərazisində təmir-tikinti işləri ilə əlaqədar olaraq bəzi obyektlər də plana əsasən sökülür. Amma aparılan tikinti işlərinə, xüsusilə də, "Hacı Cavad" məscidi də ətrafında bəzi qüvvələr və şəxslər hay-küy qaldırmağa və dövlətimizə qarşı müəyyən ittihamlar səsləndirməyə cəhdlər göstərirlər. Bununla bağlı söhbət etdiyimiz müsahiblərimiz məsələyə dini-siyasi çalar verməyə cəhd göstərənlərin pozucu qüvvələr olduğunu qeyd etdilər.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva:

- Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə gəlişindən bugünədək din sahəsində, xüsusilə də, islam dəyərlərinə münasibətdə böyük dəyişikliklər olub. Əgər sovetlər dövründə respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2166-dır. Təsadüfi deyildir ki, 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. 2003-2016-cı illər ərzində isə 219 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Eyni zamanda, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, "İmamzadə" dini mədəniyyət abidəsi əsaslı təmir olunub, Qafqazın ən böyük məscidi olan Heydər məscidi inşa edilib. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza, Xəzər rayonu Zirə Cümə məscidləri inşa və ya əsaslı təmir olunub. Məhz bütün bu faktlar, bir daha onu göstərir ki, Azərbaycanda islam dininə, onun dəyərlərinə böyük hörmət və qayğı vardır.

Söylənilən bütün faktların qarşılığında, abadlıq-quruculuq işlərilə əlaqədar olaraq, 1912-ci ildə inşa edilmiş və istismar müddətini başa vurmuş "Hacı Cavad" məscidinin sökülməsi ətrafında süni ajiotajın yaradılması, dindarların məqsədli şəkildə təxribata çəkilməsi, onu göstərir ki, Azərbaycandakı sabit dini atmosfer hansısa qüvvələrə sərf etmir. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bu cür hadisənin baş verməsi anti-Azərbaycan dairələrinin çirkin oyunlarını davam etdirməsindən xəbər verir.

Digər müsəlman ölkələrində törədilən qarşıdurmaların Azərbaycanda da baş verməsində maraqlı olan qüvvələr heç bir halda məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycanda dindarlar dövlətin diqqət və qayğısını əyani şəkildə görür və heç bir halda, radikal qüvvələrin anti-milli çağırışlarına dəstək verməyəcəklər. Əminəm ki, radikal dini qruplaşmaların bu təxribatı da nəticəsiz qalacaq və Azərbaycandakı sabit dini atmosferi heç kəs poza bilməyəcək.

Politoloq Elçin Mirzəbəyli:

- Məscidlə bağlı gərginlik yaradanlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar. "Hacı Cavad" məscidi tarixi abidə deyil və Azərbaycan dövləti hər zaman məscidləri, eləcə də, digər dinlərə məxsus tikililərə kifayət qədər dəstək verir. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur ki, bu da insanların ibadət etməsi üçün kifayət qədər yerlərin olduğunu göstərir. Bu aspektdən məscidin sökülməsi ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur. Əksinə, həmin ərazidə şəhərin obrazına yaraşan gözəl bir layihə həyata keçirilir. Bu layihə Bakının gözəlliyinə daha əlvan rəng çaları qatacaq. İnsanlar bu barədə düşünməkdənsə, olduqca mənasız və əhəmiyyətsiz fikirlər söyləyirlər.

Azərbaycan dövləti əgər hər hansı məscidi, ibadət yerini sökürsə, onun əvəzində onlarla məscid tikir. "Hacı Cavad" məscidinin ətrafında da dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi yaxınlıqdadır. Eyni zamanda, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn", "Qasım bəy", "Hacı Sultanəli" və "Xanım Zəhra" məscidləri var. Namazlarda bu məscidlərdə heç də sıxlıq müşahidə olunmur.

Əgər bu insanlar hər hansı bir məktəbin, səhiyyə ocağının tikilməsi üçün bu qədər canfəşanlıq etsəydilər, bu insanların mövqeyini alqışlamaq olardı. Hansı ki, Azərbaycan dövləti həm məktəb, həm də səhiyyə müəssisələri tikir. Əslində, təhsil və səhiyyə hər şeydən önəmlidir. Onlar insanın mənəvi ruhunu qidalandıran amillərdir. Bu qədər bəsit amillərdən asılıb qalan insanlar feodal dövründən qalan və həmin dövrün qalıqları olan insanlardır.

Siyasi şərhçi Azər Həsrət:

- Bu məsələ ilə bağlı hay-küy qaldırmağa heç bir əsas yoxdur. İddia olunur ki, guya Azərbaycan hakimiyyəti məscidlərə və dini işlərə qarşıdır. Əslinə qalanda, müqayisə üçün demək istəyirəm ki, Azərbaycan Respublikasında dinlə bağlı dövlət bütün qayğıları öz üzərinə götürüb. Xüsusilə də, məscidlərin tikilməsi, bərpa edilməsi və dindar insanların ziyarətlərini etməsi üçün yerlərin abadlaşdırılması, eləcə də, istənilən müsəlmanın normal bir şəkildə namaz qılması üçün şərait yaradılması yüksək səviyyədə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda Qafqazın ən böyük məscidini tikdirmiş insandır. Yəni Bakıdakı Heydər Məscidi Cənubi Qafqazın ən böyük məscididir və bura dünyanın hər tərəfindən insanlar gəlib öz ibadətlərini edərək, namazlarını qıla bilərlər. Bir sözlə, o, insanların dedikləri absurd və əsassızdır. Demək olar ki, həmin şəxslər bu məsələdən siyasi şou yaratmaq istəyirlər ki, bu da qeyri-mümkündür.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:

- Məsələ ətrafında kimlərinsə şou yaratmaq, Azərbaycana qarşı kampaniya aparmaq istəmələri çox aydın şəkildə görünür: Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub, həmçinin, İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün müsəlman dünyasının nəzərləri ölkəmizə yönəlib. Belə bir vaxtda Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlər aktivləşiblər. Həmişə belə olur. Biz bu təcrübəni 2012-ci ildə, Bakıda "Avroviziya" yarışları keçirilən ərəfədə, həmçinin, 2015-ci ilin 1-ci Avropa Oyunları ərəfəsində görmüşük. İndi də eyni şəxslər İslam Həmrəyliyi Oyunları ərəfəsində aktivləşiblər, ölkəmizə qarşı qərəzli kampaniyalara start verilib. Kampaniya aparanlar müxtəlif vasitələrdən istifadə edirlər. İndi də iddia edirlər ki, guya məscidi sökdürən rayon icra başçısı jurnalistə qarşı köbudluq edib. Deməli, eyni vaxtda Azərbaycanı həm məscidləri sökməkdə, həm də söz azadlığını boğmaqda ittiham etmək istəyirlər. Hansı ki, sosial şəbəkələrdə yayılan videosüjetdə özünü jurnalist elan edən şəxsin hansı yanlışlara yol verdiyi aşkar görünür. "İstər "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda, istərsə də "İnformasiya əldə etmək azadlığı haqqında" qanunda informasiya almağın və yaymağın qayda-qanunları çox açıq şəkildə göstərilib. İnformasiya almaq istəyən şəxs, ilk növbədə, informasiya verməkdən məsul olan şəxslərə müraciət etməlidir. Bildiyimiz kimi, hər bir dövlət qurumunda informasiya verilməsinə məsul olan şəxslər var. Onlar mətbuat xidmətləridir, ictimaiyyətlə əlaqələr şöbəsidir və s. Bunlara istənilən formada müraciət edib, istənilən hadisə barədə informasiya almaq olar və bunu vermək, onların borcudur. Görüntüdən belə çıxır ki, özünü jurnalist kimi təqdim edən xanım informasiya əldə etməyə dair qayda və tələblərə əməl etmir və nəticədə də belə bir insindent yaranır. Çünki iş üstündə olan, danışan vəziyyətdə olan vəzifəli şəxsi istənilən an dayandırıb, informasiya vermək üçün sona qədər təqib etmək doğru hal deyil. İcra hakimiyyətlərinin informasiya verməyə məsul olan orqanları var, jurnalistlər onlara müraciət edib, öz sorğularının cavablarını ala bilərlər. Bütün bunların düşünülmüş bir kampaniyanın tərkib hissəsi olduğunu görməmək mümkün deyil. Yəqin ki, oxucular da diqqətli olub, həssas məqamlardan kimlərin yararlanmaq istədiyini görə biləcəklər.

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər