"Çünki Prezident İlham Əliyev bu məsələni şəxsi nəzarətinə götürüb"
"Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı bir qrup insanın yaratdığı fonun arxasında kənar təsirlərin olması təəssüratını yaradır
"Hacı Cavad" məscidi ətrafında dağıdıcı müxalifət və onların təsiri altında olan qüvvələr müəyyən popilist bəyanatlarla çıxış edir və hay-küy qaldırırlar. Yəni hər vəchlə məsələyə dini-siyasi çalar verilməsinə cəhdlər göstərilir. Sphbət etdiyimiz müsahiblərimiz məsələnin kökündə dağıdıcı qüvvələrə göstərilən xarici təsirin dayandığını bildirdilər.
"Yurddaş" Partiyasının sədri Mais Səfərli:
- Bu gün "Sovetski" adlanan ərazidə çox böyük abadlıq işləri aparılır. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə yeni yollar çəkilir və parklar yaradılır. Bununla əlaqədar olaraq, köhnə, vaxtı ötmüş binaların hamısı sökülür. O cümlədən də, orada bir necə ibadətgah da plana düşüb. Yəni bu məsələ ətrafında bəzi şəxslərin hay-küy qaldırılması düzgün deyil. Bu məsələdən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Amma təəssüflər olsun ki, bəzi qüvvələr, xüsusilə də, müxalifət düşərgəsini təmsil edən şəxslər və onların təsiri altında olan qüvvələrin bu məsələdən yararlanmağa çalışaraq, öz məqsədləri üçün istifadə etmək istəyirlər. Bu məsələ yüz ölçüb, bir biçilən məsələdir. Bunun ətrafında qərar verilərkən, ciddi şəkildə düşünülüb. "Hacı Cavad" məscidi ilə bağlı Cənab Prezident İlham Əliyev çox düzgün bir addım ataraq məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə qərar verib. Bu, çox uğurlu bir qərardır. Həm də, məsələ ətrafında olan ajiotaja son qoyan bir qərardır. Təbii ki, həmin komissiya bu məsələni çox ciddi şəkildə araşdıracaqdır. Yəni komissiyanın gəldiyi nəticədən asılı olaraq, düzgün bir qərar veriləcəkdir.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
- "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı bir qrup insanın yaratdığı fonun arxasında kənar təsirlərin olması təəssüratını doğurur. Bu olaya münasibətim, birmənalı olaraq, pisdir və hesab edirəm ki, aidiyyatı qurumlar həmin kütlənin arxasındakı gücü, onun dirijorlarını aydınlaşdırmalıdırlar və heç bir şübhəm yoxdur ki, bunu edəcəklər. Görünən odur ki, burada məqsəd inanclı insanların mövqeyini ortaya qoymaq deyil, qarşıdurma yaratmaq cəhdləri və səyləridir. Birincisi Ümummilli Lider Heydər Əliyevin hələ SSRİ dönəmində Azərbaycana rəhbərliyi dövründə islam dininə və onun rituallarının həyata keçirilməsinə Moskvadan müəyyən təzyiqlər olduğu halda, belə din xadimlərini, inanclı insanları, dini mərasimləri həyata keçirmək üçün mövcud olan məkanları daim himayə etmiş və insanların dini inamlarına həmişə ehtiramla yanaşılmışdır. Bu proses müstəqil Azərbaycana rəhbərliyi zamanı da davam etdirilmiş və Ulu Öndərin birbaşa tapşırığı və göstərişi ilə məscidlər və digər dini obyektlər tikilmiş, köhnələri əsaslı təmir və bərpa olunmuşdur. Həmçinin, Ümummilli Liderin siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən də bu istiqamət daim diqqət mərkəzində saxlanılmış və neçə-neçə dini məbədlər tikilərək, insanların istifadəsinə verilmişdir. Yəni Azərbaycanda bütün dinlər və dinlərə qulluq edən insanlara bərabər, eyni zamanda, gözəl imkanlar yaradılmışdır. Dövlətimizin dini icmalara və inanclı insanlara bu qədər imkanlar yaratdığı təqdirdə, bəzi qüvvələrin din pərdəsi altında qaragüruhcasına təxribat cəhdləri, radikallıq nümayiş etdirmələri xeyli qaranlıq mətləblərdən xəbər verir. Həmin əraziyə yaxın yerdə bir neçə məscid olduğu halda, məhz həmin məscidin sökülməsinə bu qədər təpki göstərilməsi cəhdi onu sübut edir ki, burada məscidin sökülməsinə etiraz məsələnin görünən tərəfidir və bir daha qeyd edirəm ki, bunun arxasında hansısa gizli niyyətlər vardır. Azərbaycan dünyəvi dövlətdir, burada bütün dinlərə ən yüksək şərait və imkanlar yaradılmışdır. Hesab edirəm ki, ölkəmizin multikulturalizm modeli çox düzgün olaraq dünyada qəbul edilir, öyrənilir və ayrı-ayrı dövlətlər tərəfindən tətbiq edilir. Azərbaycanın növbəti İslam Oyunlarına ev sahibliyi etməsi və paytaxtımızda mötəbər humanitar tədbirlərin keçirilməsi də, bir daha göstərir ki, bizim ölkəmiz bütün dünyada siyasi cəhətdən stabil bir dövlətdir və burada dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlara münasibət eynidir. Təbii ki, bütün bunları istəməyən xarici və daxili qüvvələr var və yuxarıda qeyd olunan qarşıdurmaya cəhd aktını da onların növbəti təxribatının nəticəsi hesab edirəm. Cənab Prezident İlham Əliyev "Hacı Cavad" məscidi ilə əlaqədar məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edib. Bu, bir daha məsələnin araşdırılacağını və kompleks yanaşmanın nəticəsi olaraq müvafiq qərarın qəbul ediləcəyini göstərir. Bizim Prezidentimiz qurucu bir rəhbərdir və təbii ki, Azərbaycan kimi modern bir dövləti quran, onu inkişaf etdirən bir dövlət başçısı bu cür də münasibət sərgiləməli idi. Məsələ aydınlaşdırılacaq və yekun qərar veriləcək. Əgər münasib olarsa, məscid təmir ediləcək və əvvəlki yerində qalacaq, əks-təqdirdə, söküləcək. Hesab edirəm ki, ədalətli qərar yaxın zamanlarda veriləcəkdir.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Həmişə bu və ya digər bir məsələ ətrafında hay-küy yaratmaq istəyən qüvvələr olub və yenə də var. Həmin qüvvələr Azərbaycanda qarışıqlıq yaratmaqla, bundan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu məsələdə Azərbaycan dövlətinin mövqeyi kifayət qədər konkretdir. Amma çox təəssüflər olsun ki, bunu başa düşməyən qüvvələr var. Yəni müxalifət düşərgəsini təmsil edən qüvvələr, elə hesab edirlər ki, Azərbaycanda dini zəmində iğtişaş yaratmaq və dini məsələlərdən istifadə edərək, ölkədə nə isə bir qarışıqlıq salmaq asandır. Lakin biz son hadisələrdən də gördük ki, Azərbaycanda, xüsusilə, dini məsələlər sahəsində iğtişaş yaratmaq mümkün deyil. Cənab Prezident İlham Əliyev öz kəskin mövqeyini ortaya qoydu və məsələnin ciddi araşdırılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verdi. Prezident İlham Əliyevin "Hacı Cavad" məscidi ilə bağlı məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edilməsi çox alqışlanan bir qərardır. Bir sözlə, bu məsələ öz həllini çox yüksək səviyyədə tapacaq. Çünki Cənab Prezident İlham Əliyev bu məsələni şəxsi nəzarətinə götürüb.
GÜLYANƏ