PDF Oxu

Sosial

  • 1 587

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Ermənilər tərəfindən ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollardır

Hər bir xalqın mədəni irsi onun tarixi keçmişindən soraq verir. Onun keçdiyi tarixi yolu, mədəniyyəti, məhz bu irs təqdim edir və yüzilliklərlə yaşı olan xalqın milli-mənəvi dəyərərini özündə yaşadır. Bəşər mədəniyyətinin ayrılmaz parçası olan Azərbaycan xalqının mədəni irsi də çoxəsrlik tarixi keçmişimizdən yadigardır və bu tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Məqbərələr, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarları zamanın sərt sınaqlarına sinə gərərək, bu günümüzə gəlib çatmışlar. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan Sərdar Sarayı, Şəki Xan Sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. Belə abidələrə sahib olan Azərbaycanda da 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu gün biz Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd etsək də, təəssüflər olsun ki, vurğulamalıyıq ki, ölkəmizin ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli-mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıb. Hərbi təcavüz nəticəsində, ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək, qəsdən məhv edilir. Halbuki işğal altında olan Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi-mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilib.

ERMƏNİ İŞĞALÇILARI TƏRƏFİNDƏN TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN DAĞIDILMASI VƏ QƏSDƏN KORLANMASI BEYNƏLXALQ KONVENSİYALARA ZİDDİR

Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz isə sıradan çıxarılır. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Ümumilikdə, işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri 1,421 mədəniyyət evini, 15 şəhər və 503 kənd mədəniyyət evi və klubunu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatr, 3 qalereya, 464 tarixi abidəni, təqribən 40 min tarixi əl işi və 4,6 mln. kitabı məhv edib və dağıdıblar. Qeyd edək ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Erməni təcavüzü nəticəsində, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə işçi qrupun qənaətinə əsasən, Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollar təşkil edir. Əhalinin mülkiyyətinə isə 55,4 milyard dollar məbləğində zərər vurulub. Qeyd edilib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv edilməsi nəticəsində, dəymiş birbaşa və dolayı zərərin 190 milyard dollardan artıq olacağı şübhə doğurmur.

QARABAĞDA YERLƏŞƏN ABİDƏLƏR ERMƏNİLƏŞDİRİLİB

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da, işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkə ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Bu faktdır ki, Dağlıq Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib. Dağlıq Qarabağ ərazisində yerləşən Alban-xristian abidələri ermənilər tərəfindən mənimsənilir və erməni mədəniyyət abidələri elan edilir. Dağlıq Qarabağ ərazisində, həm də ona sərhəd və ermənilər tərəfindən hazırda işğal olunmuş zonada külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikintilər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri yaxın zamanlara qədər mövcud idi.

Hərbi təcavüz nəticəsində, işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək, qəsdən dağıdılır.

Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar vardır. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, tarixini və mədəniyyətini yaratmaq siyasətinə xidmət edir. Sözsüz ki, bu münasibət Ermənistanın xristianlıq tarixini islam mədəniyyəti üzərində yaratmaq xülyası ilə çıxışını ortaya qoymuş olsa da, təəssüf ki, yazılı mənbələr, əlimizdə olan rəsmi sənədlər, arxivlər, foto-şəkillər Azərbaycanın tarixi kökünü araşdırmaq və dünyaya təqdim etmək baxımından əsaslı dəlillərdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər