PDF Oxu

Sosial

  • 1 295

Yuri Xaçaturovun KTMT-nin baş katibi postuna gətirilməsi nə vəd edir?

Yuri Xaçaturovun KTMT-nin baş katibi postuna gətirilməsi nə vəd edir?

Bu təyinat Ermənistan ictimaiyyətini müharibə xofundan, qismən də olsa, xilas etmək üçün atılan addımdır

Uzun müddətdir mərhələli şəkildə davam edən erməni həyasızlığı və bəzi dövlətlərin reveransları nəticəsində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunu almaq hüququndan məhrum olan Ermənistan, silahlı qüvvələrin sabiq baş qərargah rəisi 65 yaşlı general-polkovnik Yuri Xaçaturovun, nəhayət, Nikolay Bordyujanı əvəzləməsinə nail oldu. Təsadüfi deyil ki, məhz bundan sonra rəsmi Yerevanın "dili uzanıb", işğal altındakı torpaqlarımızda davamlı hərbi təlimlər keçirəcəyinin anonsunu verən Yerevan növbəti dəfə boğazdan yuxarı bəyanatlarla çıxış edərək, ölkəmizi bu dəfə "Verba" raketləri ilə hədələdi. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın "Rusiyadan alınmış "İskəndər" raketləri, artıq Ermənistan ərazisində döyüş növbəsindədir" deməsi xeyli mətləblərə aydınlıq gətirmiş oldu. Əgər Ermənistan bu raketlərdən istifadə edərsə, bu, onların sonu demək olacaq. Çünki Azərbaycanın təkcə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bütün Ermənistanı yerlə yeksan etməyə qadirdir.

Politoloq: "Erməni generalın hər hansı bir uğursuz bəyanatı, yaxud davranışı KTMT daxilindəki ziddiyyətləri daha da kəskinləşdirə bilər"

Bəs Y.Xaçaturovun KTMT-nin baş katibi postuna təyinatı nə vəd edir? Politoloq Elçin Mirzəbəyli bildirib ki, Xaçaturovun təyinatı Ermənistan hakimiyyətinə ictimaiyyəti müharibə xofundan, qismən də olsa, xilas etmək üçün atılan addımdır: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postu siyasi vəzifədir. Baş katibin müstəqil qərar qəbul etmək hüququ yoxdur. O, sadəcə, KTMT-nin aparatına rəhbərlik edir, qurum üzvlərinin müxtəlif formatlarda görüşlərini təşkil edən əlaqələndirici funksiyasını yerinə yetirir. KTMT-nin birləşmiş qərargahlarının rəisi general-polkovnik Anatoli Sidorovdur. Doğrudur, bu qurumun adı "birləşmiş hərbi qərargahlar" olsa da, kimin necə və harada birləşdiyi kimsəyə bəlli deyil. Elan olunmasına baxmayaraq, KTMT-də nə vahid hərbi komandanlıq, nə də vahid hərbi kontingent var. Hər şey kağız üzərindədir. Elə Xaçaturovun təyinatı da kağız üzərindədir. Xaçaturov Gürcüstanda doğulub. Əfqanıstanda döyüşüb. Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib. KTMT-nin birləşmiş qərargahlarının rəisi general-polkovnik Anatoli Sidorov da Əfqanıstan müharibəsi veteranıdır. Xaçaturovun vaxtilə Ermənistan ordusunun baş qərargah rəisi təyin olunmasında və KTMT-nin baş katibi seçilməsində Sidorovun müstəsna xidmətləri olduğu bildirilir. Xaçaturov 2016-cı il oktyabrın 3-dən Ermənistan Təhlükəsizlik Şurasının katibi olub".

Politoloq: "Bütün bunlar nokauta düşmüş Ermənsitanı ayağa qaldırmaq üçün atılan addımlardır"

Politoloq Ülvi Məmmədov bildirib ki, Xaçaturovun təyinatı Ermənistanı məğlubiyyətdən xilas edə bilməyəcək: "Hətta erməni generalın bu vəzifəyə təyinatı belə suda boğulanın saman çöpündən yapşmasına bənzəyir. Azərbyacanın Ermənistan üzərindəki üstünlüyü göz qabağındadır. Dünyanın nüfuzlu nəşrləri də dövlətimizin hərbi gücünün Ermənistanın hərbi gücündən bir neçə dəfə artıq olduğunu bəyan edirlər. Ermənilər KTMT-dən bir provokasiya vasitəsi kimi istifadə etməyə çalışacaqlar. Lakin nəzərə almaq lazımdır ki, Xaçaturovun istənilən yersiz bəyanatlarına qarşı sərt şəkildə təpkilər olacaq. Eyni zamanda, KTMT-nin baş katibi postunda oturub, heç bir kontingentə sahib olmadan işğalçı dövləti dəstəkləmək, bu qurumu daha da qeyri-ciddi təşkilata çevirəcək. Xaçaturovun təyinatı sırf daxili auditoriyaya hesablanmış, Ermənistan cəmiyyətini çaşdırmaq üçün atılan addımdır. Düzdür, rəsmi Yerevan bunu "böyük" siyasi üstünlük kimi qələmə verməyə çalışacaq. Lakin bu, heç nəyi dəyişməyəcək".

Deputat: "Qarabağ münaqişəsi yenidən alovlansa belə, Xaçaturov amili burada heç bir müsbət-mənfi rola malik deyil"

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Yuri Xaçaturovun baş katib təyinatının Ermənistanın Kollektiv Təhlükəsizlik modeli çərçivəsində hərbi mənafelərinin təminatına heç bir təsiri olmayacaq: "Çünki qərarverici orqan və şəxslər tamam başqa yerdə-prezidentlər klubunda yerləşir, orada isə, vəziyyət tamam başqadır. Hazırda Rusiya Amerikanin yeni administrasiyasının hansı kursu seçəcəyini təyin etməyə çalışır. Suriyada kimyəvi silah işlədildiyinə dair məlum avantüranın nəticəsində, hava limanının vurulması ilə vəziyyət daha da mürəkkəbləşib. Ermənistanın dövlət maşını protokol rotasiyası hadisəsini nə qədər mühüm hadisə kimi təqdim etsə də, Yerevanın təhlükəsizliyi bundan xüsusi heç nə qazanmayacaq və qurum daxilindəki gərginlik aradan qalxmayacaq. Xaçaturovun vəzifəsi icraedici xarakter daşıyır və onun sərəncamında sayı yüz minlərlə ölçülən döyüşçü yoxdur ki, o, həmin silahlı dəstələri harasa yollasın. Nə qazaxlar, nə qırğızlar, nə də belaruslar Ermənistanın təhlükəsizliyini özlərinin milli mənafelərinin ayrılmaz hissəsi hesab etmir və gəlib ermənilərlə çiyin-çiyinə Azərbaycana qarşı vuruşmayacaqlar".

Samir

Digər xəbərlər