Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr konkretləşdirilib.
İclasda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verdikdən sonra ilin birinci rübündə rayonun sosial-iqtisadi göstəricilərini şərh edib: "Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə, Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanında yerləşən istismara yararsız ikimərtəbəli yaşayış binalarının əvəzinə, "Etibarlı" MTK tərəfindən 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binasının tikintisi işləri davam etdirilmişdir".
İ.Abbasov Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı "Atəşgah" məbədi Dövlət Tarix-Memarlıq Qoruğuna çoxlu sayda qonaq və turist gələcəyini nəzərə alaraq, rayon ərazisində yerləşən idarə və müəssisələrin inzibati binalarının fasadlarının və hasarlarının təmir edilməsi, mövcud rəngdə rənglənməsi ilə bağlı işlərin aparıldığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Sədrliyi ilə cari ilin mart ayının 9-da keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş tapşırıqlar Suraxanı rayon icra hakimiyyətində keçirilən iclasda geniş müzakirə olunub, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi və digər məsələlərlə bağlı konkret tədbirlər müəyyənləşdirilib, aidiyyəti üzrə tapşırıqlar verilib. İ.Abbasov qeyd edib ki, rayona gələn bütün qonaqlar Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olur. 2009-cu ildən bəri müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə mərkəzdə 200-dən yuxarı tədbir keçirilib, 3 mindən yuxarı yerli və xarici ziyarətçi mərkəzinin fəaliyyəti tanış olub, mərkəzin Elektron Kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanıb.
Şuranın geniş iclasında çıxış edən 2016-cı ilin aprel ayında gedən döyüşlərin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayev, "XXI ƏSR Xəzər İnşaat" MMC-nin icraçı direktoru Fikrət Məmmədov, "3MS" MMC-nin direktoru Salman Cəfərov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov və başqaları uğurlara və problemlərə diqqət yetirib, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləyiblər.
Milli Məclisin deputatları Ağacan Abiyev və Sevinc Fətəliyeva Şuranın geniş iclasında iştirak ediblər.
Sonda rayonun ictimai həyatında fəal iştirakına görə Behbudov Rəşid Əli oğlu və Qarayev Elşən Nüsrət oğlu rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
ZÜMRÜD