"İndiki şəraitdə güclü prezident hakimiyyətinin mövcudluğunun Türkiyə üçün əhəmiyyəti böyükdür"
Məlum olduğu kimi, Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilib. Məlumata görə, referendumda ölkə əhalisinin 84 faizi iştirak edib. Bülletenlərin sayılmasından sonra seçicilərin əksəriyyətinin dəyişiklikləri dəstəklədiyi məlum olub.
Qeyd edək ki, referendumda konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmək yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
Söhbət etdiyimiz müsahiblərimiz başa çatan referendumun Türkiyə dövləti üçün müsbət və uğurlu nəticələr verəcəyini bildirdilər.
Millət vəkili Eldəniz Səlimov:
- 2017-ci ilin 16 aprel tarixində Türkiyə Respublikasında Konstitusiyaya dəyişikliklərə dair ümumxalq səsvermə - referendum keçirilmişdir. Səsvermə demokratik şəkildə keçirilmiş və xalq bu dəyişiklikləri 52%-ə yaxın səs çoxluğu ilə dəstəkləmişdir. Türkiyə Respublikasının bir idarəçilik sistemindən başqa idarəçilik sisteminə keçməsi böyük nailiyyətdir. Bu dəyişiklik Türkiyənin sürətlə inkişafına dəstək olacaq. Son illərdə törədilmiş qanlı terror hadisələrinin qarşısının alınması hərbi çevirilişlərə son qoyacaq, Türkiyə siyasi və iqtisadi cəhətdən güclü bir dövlətə çevriləcəkdir. Azərbaycan Türkiyənin yanındadır və daim bir-birimizə dəstəyik.
Politoloq Qabil Hüseynli:
- Qardaş Türkiyədə referendum seçkiləri başa çatdı. Yəni referendumu keçirən hökumət səs çoxluğu ilə bu seçkilərdə qalib gəldi. Bu referendumun keçirilməsi ilə Türkiyə bir dövrü arxada qoydu. İndi isə Türkiyənin həyatında yeni bir dövr başlayır. İndiyə qədər ölkədə parlamentar idarəçilik sistemi idi və parlamentin geniş səlahiyyətləri var idi. Onun təşkil etdiyi hökumətdə icra səlahiyyətləri nazirlər kabinetinin əlində idi. Burada isə, prezidentin hakimiyyəti sırf simvolik xarakter daşıyırdı. Amma bundan sonra prezidentin səlahiyyətləri genişlənəcək. Yəni ölkə prezident üsul-idarəsinə keçir. Prezident həm hökumətə başçılıq edəcək, həm də yerdə qalan məsələləri həll edəcək. Hakimlərin, prokurorların, nazirlərin təyinatından tutmuş, bütün təyinatlı məsələlərin hamısı prezidentin əli ilə həyata keçiriləcək. Bu isə hakimiyyətin sərt mərkəzləşdirilməsi deməkdir. Türkiyənin indiki şəraitində, yəni PKK terorrunun hökm sürdüyü və mərkəzdənqaçma meyillərinin güclü olduğu indiki şəraitdə güclü prezident hakimiyyətinin mövcudluğunun Türkiyə üçün əhəmiyyəti böyükdür.
GÜLYANƏ