PDF Oxu

Sosial

  • 1 183

Pirallahıda 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclas keçirilib

Pirallahıda 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Pirallahının sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə üzvlərinin, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən Pirallahı rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunub. İclası giriş sözü ilə açan Pirallahı rayon icra hakimiyyəti başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib.

Daha sonra dövlət proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan V.İmanov qeyd edib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən avtomobil yolu körpüsündə tikinti-quraşdırma işləri tamamlanaraq, hazırda körpünün yan tərəfindəki mövcud yolda işlər davam etdirilir. Eyni zamanda, Gürgən qəsəbəsində genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilib. Mərkəzi yol boyu Abşeron memarlığını özündə əks etdirən qala divarı, dekorativ hasarlar, 6 ədəd bürc inşa olunur. Buradakı qədim bulağın bərpası da nəzərdə tutulub.

V.İmanov çıxışında onu da bildirib ki, rayon mərkəzinin girişində böyük ölçülü "Pirallahı" yazısı və rayonun simvolu quraşdırılmış və gecə işıqları ilə təchiz olunmuşdur. 2017-ci ilin birinci rübü ərzində Pirallahı qəsəbəsində qaz xətlərinin yeraltı polietilen borularla əvəz olunması işləri davam etdirilib, Gürgən qəsəbəsindən keçən magistral yolun çəkilişi ilə əlaqədar kommunikasiya xətlərinin yer altına keçirilməsi işləri aparılıb. Elektrik təsərrüfatı tam modernləşdirilmiş, 35 kVt-lıq hava elektrik xətti də daxil olmaqla, 16000 metr elektrik xətti yer altına salınıb, 11 yarımstansiya yenidən qurulub. Magistral yolun yenidən qurulması ilə əlaqədar müxtəlif diametrli 1180 metr su xəttinin yeri dəyişdirilib, K.Rzayev küçəsi, 40-cı, 28-ci və 29-cu məhəllələrdə yaşayış binalarının zirzəmilərində təmir işləri aparılıb, zirzəmilər çirkab və qrunt sularından təmizlənib. Yağış sularının axıdılması məqsədi ilə 110 metr drenaj xətti çəkilib, 2020 metr su və 850 metr kanalizasiya xətti təmir edilib, müxtəlif diametrli 8500 metr kanalizasiya xətti isə mexaniki üsulla təmizlənib, Gürgən qəsəbəsində əhalinin bir qismi 24 saatlıq içməli su ilə təmin edilib. 2017-ci il yanvarın 16-da Pirallahı Sənaye Parkında "Caspian Pharmed" Əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev, İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Əli Rəbiinin iştirakı ilə keçirilmiş tədbirdə Əczaçılıq zavodunun yaradılmasına dair "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azərsun Holdinq" və İranın "TPİCO Holding" arasında Səhmdarlar Sazişi imzalandı.

Hesabat ətrafında çıxış edən 9 №-li "Yol İstismarı" MMC-nin sədri Baxarəddin Rəsulov, DSMF-nin Pirallahı rayon şöbəsinin müdiri Xançoban Dəmirov, Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıblar. Qeyd olunub ki, ilk üç ay ərzində rayonda həyata keçirilən işlər, icra edilən dövlət proqramları, onu deməyə əsas verir ki, etnik tərkibin zənginliyi ilə fərqlənən Pirallahı rayonunun sakinləri Prezident İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olunmuş 2017-ci ili də uğurla başa vuracaqlar.

Samir

Digər xəbərlər