PDF Oxu

Sosial

  • 1 075

Paytaxtımız "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının açılışına tam hazırdır

Paytaxtımız "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının açılışına tam hazırdır

Ölkəmizdə keçiriləcək "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarına saylı günlər qalır. Bu oyunların keçirilməsi ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin daha bir bariz nümunəsidir. Həm də ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaradır. Son illər ölkəmiz beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanımızın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, İslam Həmrəyliyi Oyunları, dünyaya bir daha göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.

IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün təkcə idman tədbiri deyil, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması da olacaq. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında körpü rolunu oynayacaq. Oyunlarda 57 ölkəni təmsil edən 4 mindən çox idmançının iştirakı gözlənilir. İslam Həmrəyliyi Oyunlarının tarixində bu qədər ölkənin iştirakı hələ mümkün olmayıb. 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparılacaq.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün çox ciddi şəkildə hazırlıq işləri görülüb. Nəzərdə tutulan bütün idman obyektləri oyunlara tam hazır vəziyyətdədir. 17 müxtəlif idman obyektində keçiriləcək yarışlarda 21 qeyri-yarış məkanından istifadə olunacaq. Bütün idmançıların, məşqçilərin, komanda rəsmilərinin və texniki heyətin yerləşəcəyi Atletlər Kəndi, rəsmi olaraq, may ayının 1-də açılacaq.

"BİZ HƏR BİR MƏSƏLƏYƏ ÇOX MƏSULİYYƏTLƏ YANAŞIRIQ VƏ AZƏRBAYCANIN MARAQLARINI, BEYNƏLXALQ İMİCİNİ ÜSTÜN TUTARAQ, ÖLKƏMİZ VƏ XALQIMIZ ÜÇÜN LAYİQLİ NAİLİYYƏTLƏR ƏLDƏ ETMƏYƏ ÇALIŞIRIQ"

Oyunlar zamanı təhlükəsizlik işlərinə nəzarət, nəqliyyatın təmin edilməsi ilə bağlı əməliyyat planında mövcud olan bütün məsələlər artıq həll olunub. Əminliklə vurğulamaq olar ki, IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsinə Bakı hazırdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında da bu fikir vurğulanıb. Mehriban xanım Əliyeva çıxışında bildirib ki, Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır: "Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir".

Bu günə qədər Təşkilat Komitəsi tərəfindən oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb. Belə ki, idmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi, oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi məqsədi ilə lazımı işlər görülüb. Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb.

Mehriban xanım Əliyeva bütün bunlarla yanaşı, oyunlar zamanı informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması, hərtərəfli tibbi xidmətin təmin edilməsi kimi məsələlərə də diqqət yetirilməsinin vacibliyini diqqətə çəkib. "Bir sözlə, heç bir məsələ diqqətdən kənarda qalmamalıdır", - deyən Mehriban xanım Əliyeva oyunların ölkəmizdə uğurla keçirilməsinə tam şəkildə hazır olduğunu bildirib:"Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik".

Mehriban xanım Əliyeva oyunlar zamanı təbii ki, ölkəmizə böyük turist axını gözlənildiyini və çoxlu qonaqların olacağın bildirib. Bu baxımdan, əlbəttə, oyunların keçiriləcəyi günlərdə turistlər üçün mədəni proqramların, turizm marşrutlarının hazırlanması çox böyük önəm daşıdığını bildirib. IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarkaların təşkil nəzərdə tutulub. Bundan əlavə, oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri və s. təşkil olunacaq. Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin oyunların hazırlığına çox ciddi yanaşdığını və böyük işlər gördüyünü bildirib:"Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Biz "dünya standartlarına uyğun" kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər, artıq Azərbaycanın standartlarını yaratmışıq. Siz də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Müqayisə etmək üçün imkanınız olur. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda- Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər, doğrudan da, bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir".

Görülən işlər, deməyə əsas verir ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa vuracaq və tarixinə yeni bir səhifə həkk olunacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər