PDF Oxu

Sosial

  • 1 068

FRANSANIN SEÇİMİ VƏ BİÇİMİ

FRANSANIN SEÇİMİ VƏ BİÇİMİ

KÖŞƏ YAZISI

Avropanın göbəyi hesab edilən daha bir ölkədə - Fransada prezident seçkiləri keçirildi. Bu seçkilər ətrafında baş verənlər, həqiqətən də, fransızsayağı ehtiraslar sayəsində diqqəti özünə cəlb etdi. Yalnız bu diqqət Fransanın qara qaşına və qara gözünə aşiq olmaq baxımından deyil, digər tərəfdən də özündə bir sıra amilləri ehtiva etdi. Ümumiyyətlə, seçkilərin birinci turunun başa çatması və orada iki əsas namizədin - "Milli Cəbhə"nin lideri Marin Li Penin və "İrəli" hərəkatının lideri Emmanuel Makronun önə çıxaraq, ikinci turda da rəqabət aparmaları fonunda cərəyan edənlər, bir daha sübut etdi ki, Avropanın göbəyində belə, seçkilər heç də ideal hesab oluna bilməz. Çünki bu iki namizəddən az səs toplayaraq geridə qalanlar - "Respublika" Partiyasının təmsilçisi Fransua Faiyonun və "Fəth olunmamış Fransa"nın lideri Kan Lük Menanşonun tərəfdarları birinci turun nəticələri ilə barışmayacaqlarını bildirdilər. Üstəlik, gecə saatlarında Fransanın müxtəlif şəhərlərində polislərlə toqquşmalar, çarpışmalar və didişmələr səhəri gün bütün saytların və qəzetlərin manşetlərini bəzədi.

Fransa siyasəti fransızları parçalayır

Məsələ yalnız bunda deyil. Artıq sübut olunub ki, Fransa cəmiyyətində ölkədə yürüdülən yanlış siyasətlər üzündən kəskin parçalanmalar yaşanmaqdadır. Bunu biz deyil, elə avropalıların özləri də deyirlər. Xüsusilə, Li Penlə Makron arasında ikinci tur seçimlərində cüzi faizlərlə aparılacaq mübarizə Fransa siyasətinin fransızları nə qədər parçalamasının aşkar göstəricisi kimi də qiymətləndirilər bilər. Məsələn, nüfuzlu "France 24" telekanalının tanınmış jurnalisti olmuş Kristof Robert etiraf edib ki, Fransadakı seçkilərin birinci turunun nəticələri Fransanın parçalanması deməkdir. Çünki bu namizədlərin hər biri tarixlər boyu formalaşmış ümumdövlət və ümumxalq ideologiyasına zidd düşüncələri ilə seçilirlər. Anlaşılması üçün deyək ki, Şarl De Qollun siyasəti artıq bu ölkədə yürüməyəcək. Əbəs yerə deyil ki, Makron qələbəsi ilə bağlı "Biz Fransanın siyasi tarixinə səhifə açırıq" deyib, Li Pen isə qələbə qazanacağı halda, vədlərinin qısa zamanda reallaşdıracağını bildirib. Xüsusilə, Li Peninin aşırı millətçilik, iqrçilik və islamofob düşüncələri, artıq bir çox siyasi dairələri düşündürməyə başlayıb. Makrona gəldikdə isə, onun "yeni tarix" yazması iddiaları heç də Fransaya uğurlu yeniliklər gətirməyəcək. Gətirsə belə, Fransanın təməlli siyasətinə heç bir təsir göstərməyəcək.

Fransa fransız düşüncəsindən kənara çıxmayacaq

Elə götürək Fransanın qondarma "erməni soyqırımı"nı rəsmən tanıması məsələsini, yaxud da Dağlıq Qarabağ probleminin həlli istiqamətində "canfəşanlıq" göstərən ATƏT-in Minsk Qrupundakı fransalı həmsədrlərin açıq-aşkar ermənipərəstlikərini. İstər Fransua Ollandın, istər Nikolya Sarkozinin, istər Fransua Mitteranın, istərsə də Jak Şirakın prezidentlikləri dönəmlərində biz bu ölkənin Türkiyəyə qarşı siyasi davranışlarında da, Qarabağ problemi məsələsində də yürütdüyü siyasətində ədalətli yanaşma tərzini görmədik. Necə deyərlər, Fransanın siyasi arenasında müəyyən yeniliklərə imza atılarsa belə, bu ölkənin bir neçə məsələdəki baxışı, seçimi və biçimi dəyişilməz olaraq qalacaq. Hətta bu ölkəyə siyasi baxışları ilə ideal demokratiya mövqeyini əks etdirən insan prezident seçilərsə, yenə də Fransa fransız düşüncəsindən kənara çıxmayaraq antitürk, ya da neoerməni mövqeyi ilə siyasət yürüdəcək. Bu səbəbdən, Fransanın seçimi və biçimi elə fransızların özləri üçün qalsın, bizə isə yalnız uğurlar diləmək qalır...

RÖVŞƏN

Digər xəbərlər