Rizvan Vahabov
YAP Siyasi Şurasının üzvü
Ümummilli Lider Heydər Əliyev bütün varlığını doğma xalqına xidmətə həsr edən müdrik siyasətçi və dövlət rəhbəridir. Onun böyük zəka və idarəçilik məharəti sayəsində Azərbaycan həm keçmiş ittifaq dövründə, həm də müstəqillik dövründə yüksək siyasi və sosial-iqtisadi uğurlara nail olub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dərin islahatlar konsepsiyası Azərbaycanın hərtərəfli yüksək inkişafını təmin edib. Əbəs yerə deyildir ki, Ümummilli Lider Heydər Əliyevi Azərbaycan dövlətinin qurucusu adlandırırlar.
Ulu Öndər Heydər Əliyev yaradıcı, qurucu, müasirlik, yenilikçilik və böyük islahatlar ustası idi. O, hansısa qərarı qəbul etməzdən əvvəl hər şeyi ətraflı ölçüb-biçirdi, problemi diqqətlə öyrənirdi, mütəxəssislərlə məsləhətləşir və bundan sonra qərar qəbul edirdi. Qərarlar qəbul etdikdən sonra mütləq onların icrasına ciddi nəzarət edir və həyata keçirirdi. Buna görə də, O heç vaxt səhv qərar vermirdi, həyata keçirdiyi islahtlar uğurla, yüksək nəticələrlə yadda qalırdı.
Müasirlik Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin mahiyyətində idi, yeni ideyalar və təşəbbüslərlə çıxış etmək, onu həyata keçirmək Onun həyat fəlsəfəsi idi. Ən kiçik təsərrüfat işlərindən tutmuş ən böyük və mürəkkəb məsələlərin həllində Heydər Əliyev yeni, demokratik yanaşmalar tətbiq edirdi. Ulu Öndər Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə dövlətə, dövlətçiliyə sədaqətlə qulluq etmiş, işinə intizamla, məsuliyyətlə yanaşmışdır. Onun böyük islahatçı, köhnəliyə qarşı barışmaz və mübariz, daim yeniliklərə nail olmasını Azərbaycana rəhbərlik etməmişdən əvvəlki dövrdə, hələ dövlət təhlükəszilik orqanlarında çalışdığı vaxtlardan aydın görmək olar. Gənc və enerjili millətsevər zabitin dövlət təhlükəsizlik orqanlarının sıralarına daxil olduğu ilk gündən amalı və məramı xalqın mənafeyinə xidmət etmək idi. Heydər Əliyev həmin vaxtlarda cəmiyyəti qorxu altında saxlayan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-nın) idarəetmə sistemində köklü islahatlar apardı, bu sahəyə yeniliklər gətirdi. Xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunması və kadr potensialının milliləşdirilməsi geniş vüsət aldı.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayının 14-də Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi dövlət idarəçilik aparatının, siyasi və ictimai mühitin, iqtisadiyyatın, sosial həyatın tamamilə yeniləşməsinə səbəb oldu. Ətalətə, köhnəliyə, mühafizəkarlığa qarşı barışmaz, yenilikçi bir şəxsiyyət kimi diqqəti cəlb edən Heydər Əliyev sovet üsul-idarəçiliyində hökm sürən köhnə həyat-tərzini, bürokratik aparatı dəyişməyə başladı, idarətmənin və cəmiyyətin yeniləşməsinə gətirib çıxaran islahatlar həyata keçirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq dövrü kimi tarixə düşdü. Həmin dövrdə müflisləşmiş halda, böhran vəziyyətində olan Azərbaycanı ağır durumdan qurtardı və böyük sosial-iqtisadi uğurlara nail oldu.
Aparılan dərin islahatlar sayəsində Azərbaycanı sovet respublikaları arasında geridə qalan aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, neft sənayesinin inkişafında yeni mərhələ başlandı. Respublikamızda Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, neft maşınqayırması və neftayırma sənayesinin yenidən qurulması həyata keçirildi ki, bu da müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirilməsində mühüm rol oynadı.
Ümummilli Liderin elm, təhsil və mədəniyyətlə bağlı islahatları da Azərbaycanın inkişafında böyük rol oynadı. Ulu Öndər Heydər Əliyevin qeyd edirdi ki, "təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır". Bu diqqətin nəticəsidir ki, hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdı. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Həmin illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə çatmışdı. Heydər Əliyevin ən çox diqqətdə saxladığı sahələrdən biri ordu quruculuğu olmuşdur. Hələ 1970-ci illərdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına göndərildi, milli hərbi kadrlar hazırlanması üçün hər cür qayğı göstərildi. Heydər Əliyev deyirdi ki, Silahlı Qüvvələrin sıralarında xidmət etmək, xüsusən də kadr kimi, zabit kimi xidmət etmək çox şərəfli və məsul vəzifədir, xalqın böyük etimadıdır. 70-80-ci illərdə SSRI-nin 50-dən çox şəhərində 105 hərbi ali məktəbdə müxtəlif hərbi ixtisaslar üzrə 17 mindən çox azərbaycanlı zabit hazırlanaraq hərb sənətinin sirlərinə yiyələnmişdi. O dövrdə hərbi məktəbin yaradılması ideyası, milli ruhlu hərbi kadrların yetişdirilməsi böyük öndərin ən böyük arzusu idi və uzun bürokratik əngəllərə baxmayaraq Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu.
Ulu Öndər Heydər Əliyev milli kökə bağlı şəxsiyyət kimi həmişə mədəni irsə qayğısını əsirgəməyib. O deyirdi ki, xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Onun göstərişi əsasında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxaldı, bu mövzuda sanballı bədii film çəkildi. Nizaminin nəhəng yaradıcılığı , Xaqaninin, Nəsiminin, Füzulinin, Vaqifin, neçə-neçə söz sənəti bahadırlarının dahiyanə əsərləri, aşıq poeziyasının canlı nümunələri ilə bağlı araşdırmalar artdı, ədəbi mühit zənginləşdi. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi və abidəsinin ucaldılması, N.Nərimanovun Tbilisidə ev muzeyinin açılması, Ulyanovskidə büstünün qoyulması, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin açılması, İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə dair hazırlıqla bağlı qərarın qəbulu, görkəmli klassikin yubileyinin Bakıda və Moskvada təntənə ilə qeyd edilməsi, Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyinin keçirilməsi, xalqın qəhrəmanlıq epopeyasını əks etdirən "Koroğlu" operasının yenidən tamaşaya qoyulması, H.Cavidin qəbrinin Sibirdən doğma torpağı Naxçıvana gətirilməsi və orada dəfn edilməsi, Cəfər Cabbarlının heykəllinin ucaldılması Heydər Əliyevin humanizminin və mədəniyyət siyasətinin tərkib hissəsidir.
Ulu Öndər Heydər Əliyev üçün Qarabağ həmişə doğma və ən sevdiyi ünvan olub. Böyük təcrübəsinə və uzun müddət Qarabağda olur, həmişə Dağlıq Qarabağa böyük diqqət ayırırdı. Bunun nəticəsi idi ki, Onun rəhbərliyi dövründə buarda heç vaxt problemlər yaranmamışdı. Qarabağ respublikamıza Ondan əvvəl və sonra rəhbər olmuş şəxslərin heç birinin sanki diqqətində olmamışdı. Sovet dövründə Onun rəhbərliyi zamanı Qarabağ ən çox daha çox diqqət və qayğı mərkəzində olurdu. Onun təşəbbüsü ilə Ağdərə rayonunda Sərsəng Su Elektrik Stansiyasının və su anbarının tikintisi başa çatdırıldı. Həmin illərdə 600 yerlik qış kinoteatrı, 400 nəfərlik uşaq sanatoriyası kompleksi, Şuşa musiqi alətləri fabriki, Rabitə evi və s. istifadəyə verilmişdi. Şuşada M.P.Vaqifin məqbərəsi ucaldılmış, Natəvanın büstü, Ü.Hacıbəyovun heykəli qoyulmuşdu. Turşsu mineral zavodunun, tarixi abidələrimizin bərpası işlərinə başlanmışdı. Bakı – Xankəndi dəmiryol xəttinin açılışı o dövr üçün ən böyük hadisə idi. 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu çəkilərək istifadəyə verildi. Xankəndində Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratdı. Azərbaycanlıların burada daha çox yerləşdirilməsi üçün bütün imkanlardan istifadə edirdi.
Sovet imperiyasına ermənipərəst M.Qorbaçov rəhbər seçiləndən və 1987-ci ildə Ulu Öndər Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər dərhal fəallaşdılar. Ermənistan və Dağlıq Qarabağdakı millətçi və separatçı qüvvələr Moskvadakı himayədarlarına arxalanaraq haqsız iddiaları, DQMV-nin Ermənistana birləşdirilməsi, müstəqillik kimi beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə zidd olan addımlar atdılar.
Ulu Öndər Heydər Əliyevin o dövrlərdə Azərbaycan ictimaiyyətinə müraciəti var idi, O müraciət "Azərnəşr"in o vaxtkı direktoru Əydər Xanbabayevə göndəırilmişdi, o zaman ölkə mətbuatı müraciəti dərc etmədi. Heydər Əliyev deyirdi ki, mənim dövrümdə Azərbaycanın bir qarış torpağı da ermənilərə verilmədi. Ulu Öndər Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən şəxslər Dağlıq Qarabağı diqqət mərkəzində saxlamadılar. Ermənilər bu boşluqdan istifadə etdilər. Bu baxımsızlıq Qarabağda özbaşınalığa, hakimiyyətsizliyin yaranmasına səbəb oldu, bu unutqanlıq sonralar ağır peşmançılığa səbəb oldu, doğma torpaqlarımızın bir hissəsi müvəqqəti olaraq itirilməsinə gətirib çıxardı.
SSRİ Nazirlər Sovetinin sədrinin I müavini vəzifəsindən və Mərkəzi Komitənin Siyasi Bürosu üzvlüyündən istefa verdikdən sonra Ona qarşı təzqiqlər, ədalətsizliklər başlandı. Yerli və mərkəzi mətbuatda əleyhinə yazılar yazılmağa başlandı. Onun rəhbər olduğu illərdə Azərbaycana qarşı hansısa addımı atmağa cürəti çatmayan qüvvələr fəallaşdılar, vaxtilə Heydər Əliyevin vəzifəyə təyin etdiyi, etimad göstərdiyi şəxslərin çoxusu Moskvaya mərkəzi hökumətə onun haqqında anonim məktublar yazırdılar, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rışkov yazırdı ki, o vaxtlar Heydər Əliyevin əleyhinə yazılmış anonim məktublardan ibarət qovluq vermişdilər. Qovluq Heydər Əliyevin özünə təqdim olunmuşdu.
Rusiyanın məşhur televiziya jurnalisti Andrey Karaulov "Russkoe Solniçe" kitabında Ulu Öndər Heydər Əliyevin güclü siyasət nəhəngi olduğunu qeyd edir. Heydər Əliyevin siyasət nəhəngi olduğunu xatırladan telejurnalist bildirir ki, O hakimiyyət ustasıdır. Rusiyanın digər məşhur telejurnalisti Mixail Qusman isə Heydər Əliyev haqqında danışarkən bildirib ki, Heydər Əliyev, əlbəttə, əfsanəvi siyasətçi idi. Andropov bir neçə il yaşasaydı, Heydər Əliyev sovet hökumətinin başçısı ola bilərdi. Heydər Əliyev irsinin tarixçilər üçün zəngin xəzinə olduğunu deyən Qusman böyük tarixi şəxsiyyət Onun həyat və fəaliyyətinin həmişə araşdırılıb öyrəniləcəyini, gələcək nəsillər üçün böyük örnək olacağını, Heydər Əliyev irsinin dərindən tədqiq olunacağını bildirib.
Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə də ən böyük diqqət yetirdiyi sahə məhz ordu quruculuğunun formalaşdırılması oldu. Heydər Əliyev dağıdılmış, nizamsız və komandasız ordunu tezliklə bərpa etdi, yeni ordu quruculuğuna başladı, Müdafiə Nazirliyinə tabe olmayan müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti aşağı olan, nizam-intizamsız hərbi hissələri ləğv edildi, vahid və güclü nizami ordu yaradıldı.
1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası bazar iqtisadiyyatının təmin olunması, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyalar, azad sahibkarlıq üçün şərait yaradılması və onun mənafelərinin qorunması, xüsusi mülkiyyətin inkişafının təmin olunması, yerli biznesin Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdı. Ulu Öndər Heydər Əliyev bazar iqtisadiyyatının əsas tələbi olan özəlləşdirmə siyasətini həyata keçirdi, 1995-1996-cı illlərdə aparılan aqrar islahatlar nəticəsində bütün vətəndaşlar torpaq mülkiyyətçisi oldular. 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı Dövlət Proqramı həyata keçirildi.
Özəl sektorun formalaşmasının əsasının qoyulması sayəsində ölkədə sahibkarlıq təbəqəsi yarandı. 1994-cü ilin ortalarında ölkəmizdə yeni pul islahatlarına start verildi, Azərbaycan milli valyutası respublika ərazisində yeganə ödəniş vasitəsi elan olundu. Bu siyasət öz müsbət nəticələrini verdi, manatın məzənnəsi sabitləşdi, inflyasiyanın səviyyəsi aşağı salındı, ölkədə maliyyə sabitliyi təmin olundu. Həmin vaxtlar xarici neft şirkətləri Azərbaycandan daha çox sərvət qopartmaq istəyirdilər və 1992-ci ildə hazırlanmış müqavilənin qəbul olunmasına çalışırdılar. Ulu Öndər Heydər Əliyev əvvəlki danışıqlarda əldə olunmuş bəndlərin Azərbaycan üçün sərfəli olmadığını nəzərə alaraq müqavilə şərtlərinin tamamilə yeni formatda hazırlanmasına qərar verdi. O dövr ABŞ-m energetika nazirinin müavini olmuş U. Uayt qeyd edirdi ki, biz müqaviləyə tezliklə qol çəkilməsini istəyirdik, çünki protokolda strateji maraqlarımızı əks etdirmişdik. Amma Ulu Öndər Heydər Əliyev dühası, uzaqgörənliyi, siyasi möhtəşəmliyi onların bu planlarının üstündən xətt çəkdi.
Beləliklə, 1994-cü il sentyabrın 20-də böyük təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Bu layihə Azərbaycanın gələcək yüksək iqtisadi inkişafını təmin etməklə bərabər, siyasi təhlükəsizliyinə təminat verən mühüm faktorlardan biri oldu.
1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəqlinə dair saziş imzalandı. Beləliklə, regionda geniş əməkdaşlıq və siyasi sabitliyin möhkəmlənməsi üçün dərin zəmin yarandı. 2002-ci il sentyabrın 18-də BTC-nin təməli qoyuldu. Azərbaycan qazının qərb bazarına ixracının təmin olunması üçün Ulu öndərin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə Böyük İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, yaradıldı. Nəticədə Azərbaycan Xəzər regionunda nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyev demokratiyanın əsas inkişaf göstəricilərindən biri olan söz və fikir azadlığına, plüralizmə geniş meydan verirdi. O, mətbuata hədsiz dərəcədə açıq idi. Ulu öndər mətbuatı mütərəqqi ictimai idealların carçısı hesab edir, xalqımızın azadlıq və müstəqilliyə, mənəvi tərəqqiyə nail olmaq səylərinin gücləndirilməsində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşdırılmasında mühüm rol oynadığını bildirirdi. Azərbaycan mətbuatını hüquqi və dünyəvi dövlət quruculuğunun mühüm bir vasitəsi kimi qiymətləndiridi.
Ulu Öndərin uğulu islahatlar strategiyasını davam etdirən Onun Siyasi varisi Prezident İlham Əliyevin çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilməkdədir. Dövlət başçısının davam etdirdiyi tədbirlər sayəsində 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2008-ci ildə regionda ən mühüm nəqliyyat dəhlizinin - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əsası qoyuldu. 2011-ci ildə Azərbaycan və Türkiyə Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə dair anlaşma memorandum, 2013-cü ilin iyun ayında isə TransAdriatik qaz kəməri (TAP) layihələrinə dair dövlətlərarası sazişlər imzalandı, 2013-cü il sentyabrın 18-də "Şahdəniz-2" layihəsinə sanksiya verildi. 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peyki orbitə çıxarıldı.
2004-cü ildən tətbiqinə başlanılan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi inkişafına yol açdı, paytaxtla bölgələr arasındakı fərqin azamasına səbəb oldu. Proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verdi. Ölkəmizdə yeni 2004-2016-ci illərdə 72 mindən çox müəssisə, 1,6 milyona yaxın iş yeri açıldı . Ölkəmizdə güclü milli biznes sinfinin iqtisadiyyatda rolu artdı, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 75 faizə çatdı.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğunu inkişaf edən, Alı Baş Komandan, Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan Ordusu daha da güclənib. Bu gün güclü hərbi hazırlığa, döyüş əzmkarlığına, hərbi qüdrətinə və yüksək texniki imkanlara malik olan Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Azərbaycan dövləti öz ərazi bütövlüyünün sülh yolu ilə beynəlxalq hüququ normaları çərçivəsində təmin olunmasını istəyir. Amma onu da bəyan edir ki, sülh danışıqıqları heç bir səmərə vermədiyi və işğalçı Ermənistan beynəlxalq hüquqa məhəl qoymamaqda davam etdiyi halda, Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazilərini boşaltmazsa güclü Azərbaycan Ordusu öz torpaqlarını düşməndən təmizləməyə məcbur olacaq. Gündən-günə daha da möhkəmlənən və döyüş qabiliyyətini artıran Azərbaycan Ordusu düşmən üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir.
Hazırda Azərbaycanda yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi layihələr, Strateji Yol Xəritələri hazırlanıb. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın gələcək uğurlu inkişafının təmin olunmasında mühüm rol oynayacaq.
Beləliklə, indiyə qədər əldə olunmuş uğurların əsasında Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və müdrik siyasət dayanır.