Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatı qadınlar şurasının sədri Tamilla Şahbazova bildirib ki, bütün elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva, eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur: "Zərifə xanım Əliyeva Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar Onu ömürləri boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir".
Tədbirdə digər çıxış edənlər də görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən danışıblar. Qeyd olunub ki, Zərifə xanım Əliyeva bütün ömrünü Azərbaycan elminin inkişafına, yüksək milli fundamental dəyərlərin formalaşmasına sərf edib. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə, akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi Onun adı oftalmologiya elminin tarixinə düşüb. Zərifə xanım Əliyevanı dünya oftalmologiya elminin digər nəhəngləri bu sahədə əvəzolunmaz və bir nömrəli oftalmoloq-alim kimi dəyərləndiriblər".
Tədbirdin sonunda Zərifə xanım Əliyeva haqqında film nümayiş olunub.
Samir