YAP Nizami rayon təşkilatının IX konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları öncə Heydər Əliyev adına Neft Emalı Zavodunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Dövlət Himninin səsləndirilməsilə başlanan konfransda YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra təşkilatın VIII konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatının videoçarxı nümayiş etdirilib. Hesabatda bildirildi ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb: "Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 142 ərazi ilk partiya təşkilatında 13 minə yaxın insan birləşib. Üzvlərimizin sayı 2012-ci ilin əvvəlində 8848 nəfər idisə, bu rəqəm bu gün 12861-dir. VIII konfransdan ötən müddət ərzində partiya üzvlərinin sayında 4013 nəfərlik artım olub. Sevindirici haldır ki, üzvlərimizin 50 faizindən artığını gənclər təşkil edir".
Hesabatla bağlı çıxış edən Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, YAP Nizami rayon təşkilatının idarə heyətinin üzvü Dünyamalı Pənahov, rayon Rus İcmasının sədri Vitaliy Kovalyov və başqaları, ötən müddət ərzində, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb. Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycanın müstəqilliyinin itirilməyə doğru getdiyini görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail oldular.
Konfransda çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zəruriyyətdən yaranmış bir partiyadır: "Qısa bir vaxt ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazandı və güclü təşkilati struktur yaradaraq, avanqard siyasi qüvvəyə çevrilib. Bu gün Prezident İlham Əliyev YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına 700 minə qədər insanı toplaya bilib".
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Millət vəkili Sədaqət Vəliyeva yenidən YAP Nizami rayon təşkilatının sədri, Gülnaz İsrafilova, Ramin Əhmədov və Toğrul Seyidov sədrin müavinləri seçiliblər. Həmçinin, 77 nəfərdən ibarət şura, 19 nəfərdən ibarət idarə heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşdirilib.
Sonda konfransın qətnaməsi qəbul edilib.
Rövşən RƏSULOV