TEZİS ƏSASINDA
Avropa qurumunda qərəzkarlığın və islamofob meyillərinin artması, məhz bu cür düşünməyə zəmin yaradır
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkəyə, istərsə də Azərbaycana münasibətdə ədalətsizdir və qərəzli qərar kimi qiymətləndirilib. Keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi, məhz bu qərardan sonra böyük şübhə altına düşür. Çünki ortada olan mövcud fakt da bu amili təsdiq edir. Ümumiyyətlə, AŞPA-nın sözügedən qərarı təşkilatda aşkar şəkildə islamofob meyillərin qalib gəldiyini, xüsusilə, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Hətta belə demək mümkündür ki, ikili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib.
Azərbaycanın ictimai rəyi bütün bunları elə də uzaq olmayan tarixdə görüb
Digər tərəfdən, artıq uzun illərin təcrübəsi də, belə qənaətə gəlməyə əsas verir ki, AŞPA-nın monitorinqləri, əslində, müxtəlif dairələrin mənafeyinə xidmət edir, eləcə də müstəqil dövlətlərə, xüsusilə, qətiyyətli inkişaf maraqlarını reallaşdıraraq, beynəlxalq aləmdə siyasi-iqtisadi gücə çevrilən müsəlman ölkələrinə qarşı təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Bu sıralamada isə Türkiyə ilə yanaşı, Azərbaycanı da göstərmək mümkündür.
Belə ki, ölkəmizlə bağlı məsələyə gələndə, bir çox arzuolunmaz hallar üzə çıxır. Azərbaycanın ictimai rəyi bütün bunları elə də uzaq olmayan tarixdə görüb. Misal üçün, qondarma "siyasi məhbus" oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi ki, bütün bunlar ikili standartların və qərəzin açıq göstəricisidir.
AŞPA-nın "xristian klubu" təsiri bağışlaması göz önündə canlanır
Halbuki Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, torpalarımızın 20 faizini zəbt edərək, minlərlə soydaşımıza qarşı terror aktı törədən, onlara qeyri-insani vəhşi münasibət göstərən, 1 milyondan çox azərbaycanlını doğma yurd-yuvalarından didərgin salan Ermənistana "gözün üstə qaşın var" deyən yoxdur. Üstəlik, bu ölkədə hakim rejimin sadə xalqına qarşı apardığı təcridetmə siyasəti, on minlərlə erməninin məcburi olaraq ölkələrini tərk etmələri faktları barədə AŞPA tərəfindən heç bir monitorinq aparılmır, qərarlar və qətnamələr qəbul edilmir. Məhz bütün bunları nəzərə alarkən, AŞPA-nın, eyni zamanda bir "xristian klubu" təsiri bağışlaması göz önündə canlanır.
Beləliklə, 2001-ci ildən Avropa Şurasının sıralarına daxil olan Azərbaycanın 16 illik üzvlüyü dövründə nə əldə etməsi barədə verilən sualın cavabı belədir – qərəzkarlıq! Çünki yuxarıda qeyd olunanlarla yanaşı, hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından yürütdüyü yanlış mövcud siyasəti kontekstindən ayrı heç nə gözləməyə dəyməz. Hətta belə demək mümkündür ki, Avropa dairələrinin həyata keçirdiyi siyasət ötən müddət ərzində Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb.
Avropa ölkələrindəki hakimiyyətlərdə rəsmiləşməyə başlayan anti-islam siyasəti həm Türkiyəni, həm də Azərbaycan dövlətini düşünməyə və qəti qərar verməyə vadar edir
Belə olan halda, istər-istəməz sual yaranır: bu gün islam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyillərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?! Avropa ölkələrindəki hakimiyyətlərdə rəsmiləşməyə başlayan anti-islam siyasəti isə artıq həm Türkiyəni, həm də Azərbaycan dövlətini düşünməyə və qəti qərar verməyə vadar edir. Belə ki, Azərbaycan Avropaya inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Çünki ölkəmizdə aparılan dönməz və qətiyyətli siyasət də, məhz bu istiqamətdə formalaşıb.
İtirən Azərbaycan, yaxud da Türkiyə kimi dövlətlər deyil, siyasətlərində aşkar şəkildə "səlib yürüşünün" cücərtiləri görünən Avropa ölkələridir
Baş verən reallıq həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Azərbaycan region ölkələri, islam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, sözügedən çərçivədə öz milli dövlətçiliyini daha da gücləndirməlidir. Beləliklə, itirən Azərbaycan, yaxud da Türkiyə kimi dövlətlər deyil, siyasətlərində aşkar şəkildə "səlib yürüşünün" cücərtiləri görünən Avropa ölkələridir. Bu səbəbdən, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməməklə yanaşı, eyni zamanda sözügedən ədalətsizliyə qarşı öz qətiyyəti mövqeyini ortaya qoyub, real seçimini edəcəkdir.
Rövşən NURƏDDİNOĞLU